Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı məsələləri müzakirə edilib

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşüb.

Xudaferin.eu AZƏRTAC -a istinadən Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Ruslan Kazakbayevin iyulun 1-3-də Azərbaycana səfərinin yekunları, qırğız tərəfinin təşəbbüsü ilə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması, dövlət başçıları səviyyəsində Dövlətlərarası Şuranın yaradılması, gələcəkdə Mərkəzi Asiya-Cənubi Qafqaz regionlararası platformanın (5+3) təşkili, Qırğızıstan-Azərbaycan İnvestisiya Fondu üzrə razılaşmaların bərpa olunması məsələləri müzakirə edilib.

Səfir bildirib ki, Azərbaycan tərəfi Qırğızıstanın irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyir.

Tərəflər 2021-ci ilin payızında Azərbaycan-Qırğızıstan Dövlətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclasının keçirilməsi məsələsini də müzakirə ediblər.

Görüşdə birgə layihələrin həyata keçirilməsi, həmçinin Bişkekdəki Azərbaycan-Qırğızıstan dostluq parkının və orta məktəbin tikintisinin başa çatdırılması məsələləri də diqqət mərkəzində olub.

Nazir humanitar yardım kimi Azərbaycanın Qırğızıstana göndərdiyi 40 min doza “AstraZeneca” vaksininə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.

Qulu Kəngərli

Xudaferin.eu

22:54