Azərbaycan-Qazaxıstan münasibətləri: tarixdən yeni inkişaf mərhələsinə

Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malikdir.
AZƏRTAC Azərbaycan-Qazaxıstan əlaqələrinə bir daha qısa nəzər salır.
Hələ Sovet İttifaqı dövründə sıx dostluq münasibətlərinə malik olan ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti - Elbası Nursultan Nazarbayev bu əlaqələri hər iki ölkə müstəqilliyini qazandıqdan sonra da davam və inkişaf etdiriblər.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.
Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.
Prezident Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşü 1994-cü il oktyabrın 19-da türk dövlətləri başçılarının ikinci Zirvə görüşündə baş tutub. Həmin görüşdə prezidentlər iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirmək barədə qərar qəbul edilib.
Bir il sonra isə ulu öndər Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Almatıda keçirilən MDB ölkələri dövlət başçılarının Zirvə toplantısında görüşüblər.
1996-cı ilin sentyabrında isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edib. Səfər zamanı Heydər Əliyevin və Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni inkişaf istiqamətləri olub.
1997-ci il iyunun 10-11-də Prezident Heydər Əliyev Qazaxıstana rəsmi səfər edib. Səfərin yekunlarına əsasən, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında xüsusi əhəmiyyət kəsb edən bir sıra sənədlər imzalanıb.
Bundan əlavə, 2001-ci il noyabrın 29-da Moskvada Azərbaycanla Qazaxıstan arasında Xəzərin dibinin bölüşdürülməsinə dair saziş imzalanıb. Bu saziş Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından çox ciddi əhəmiyyətə malik olub.
Prezident İlham Əliyev isə Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ildə edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Bu görüşdən sonra Nazarbayev bildirib ki, İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olmaqla yanaşı, ölkənin regionda və dünyada mövqeyini gücləndirəcək.
Ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına böyük töhfələri danılmazdır. Təsadüfi deyil ki, məhz bu töhfələrinə görə 1997-ci ildə Ümummilli Liderə Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru diplomu, 1998-ci ildə isə “Astana” dövlət medalı təqdim olunub. 2017-ci ilin aprelində isə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeni təqdim edilib.
2006-cı ildə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında" müqavilə imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı, həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqədə olduğunu və iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib.
Mövcud strateji münasibətləri daha da inkişaf etdirmək üçün Qazaxıstan Prezidenti Kasım—Jomart Tokayevin yaxın vaxtlarda Azərbaycana səfəri nəzərdə tutulur.
İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib.
Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyat sahəsində də əlaqələrin böyük tarixi var. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində uğurlu fəaliyyət göstəriblər. Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsinin araşdırılmasında da əməkdaşlıq ediblər və bu ənənə bu gün də davam edir.
Ümumilikdə isə Azərbaycan ilə Qazaxıstan arasında 119 ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına daha da töhfə verib.
Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulub.
Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.
Qazaxıstan və Azərbaycan yeni nəqliyyat-logistika marşrutu yaratmağı nəzərdə tutur. Bu məsələ “Samruk-Karzına” Səhmdar Cəmiyyətinin sədri Almasadam Satkaliyevin Azərbaycana səfəri zamanı rəsmi görüşlərdə müzakirə olunub. Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına töhfə verəcək.
Həmçinin Qazax neftinin alternativ marşrutların əvəzinə, Azərbaycan vasitəsilə digər ölkələrə nəqli ilə bağlı da müzakirələr aparır.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tamamlanması Qazaxıstan və Azərbaycanın Avropa və Asiyanın mühüm iqtisadi mərkəzlərinə çevrilməsinə kömək edəcək. Belə ki, bu dəmir yolu vasitəsilə Çindən Türkiyəyə məhsullar cəmi 12 günə çatdırıla bilir.
Hər iki ölkənin kənd təsərrüfatı sahəsində də əməkdaşlığının inkişafı üçün geniş potensialı var. Xüsusilə ərzaq təhlükəsizliyi qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir. Artıq bu sahədə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır, ticarət missiyaları təşkil olunur.
Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi informasiya mübadiləsinə dair müqavilə imzalayıblar. 2021-ci ildə “Kazinform”un baş redaktoru Bibinor Tanelbayeva və beynəlxalq əlaqələr departamentinin müdiri Toqjan Yesenbayeva AZƏRTAC-da Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovla görüşüblər. İki dost agentlik mütəmadi olaraq informasiya və təcrübə mübadiləsi aparır, birgə layihələr həyata keçirir. AZƏRTAC və “Kazinform”, eyni zamanda, Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) və digər transmilli media platformalarında da əməkdaşlıq edirlər.
Azərbaycan və Qazaxıstanın milli xəbər agentlikləri 1992-ci ildə TKA-nın (Türkdilli xəbər agentlikləri) həmtəsisçiləri olublar.
2018-ci il mayın 16-da Astana şəhərində Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən, ön sözü Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən yazılmış “Идущий впереди” adlı kitabın qazax dilindəki nəşrinin təqdimat mərasimi keçirilib. Kitabın ön sözündə Nursultan Nazarbayev bildirib ki, Heydər Əliyev nəinki Qazaxıstanla Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına, həmçinin digər postsovet dövlətləri arasındakı əməkdaşlığın genişlənməsinə də təkan verib.
Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır.
Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib.
Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Xudaferin.eu

23:11