Azərbaycan Prezidentinin xalqın maraqlarına əsaslanan xarici siyasət kursu

Son illər qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da gərginləşdirib. Dünyada və bölgəmizdə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

Ölkəmiz regionda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan bölgənin yeganə ölkəsidir ki, düşünülmüş nümunəvi daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi potensialını artırır, həm də regional təhlükəsizliyin təmini istiqamətində ardıcıl, sistemli və mətin addımlar atır. Prezident İlham Əliyevin irəli sürdüyü əməkdaşlıq platformaları regionda uzunmüddətli sabitliyin əsas qarantı hesab olunur. Belə ki, Azərbaycanın həyata keçirdiyi transmilli enerji və nəqliyyat layihələri, regional inteqrasiya istiqamətində əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Eyni zamanda, ölkəmiz sülhyaratma prosesinin fəal iştirakçısıdır.

Liberal demokratik dəyərlərə özünün xarici siyasətində xüsusi önəm verən Azərbaycan müxtəlif ölkələrlə ikitərəfli, çoxtərəfli əməkdaşlıq əlaqələri qurmaqla, beynəlxalq təşkilatlarla səmərəli münasibətlər formalaşdırmaqla dünyada etibarlı tərəfdaş imici qazanıb. Bu, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət konsepsiyasının 2003-cü ildən sonrakı dövrdə də uğurla davam etdirilməsi sayəsində mümkün olub. Artıq beynəlxalq arenada, ən nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın təşəbbüslərinə xüsusi diqqət göstərilir. Ölkəmizin 2008-ci ildən irəli sürdüyü “Bakı prosesi” dünyada tolerantlığın, multikultural dəyərlərin təbliği baxımından əsas istiqamətverici təşəbbüs hesab olunur. Bu gün dünyamızın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizə, onun ağır nəticələrinin aradan qaldırılması işində də Azərbaycan bütün dünyaya örnək olacaq addımlar atır. Son iki ildə ölkəmizin bu istiqamətdə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər beynəlxalq miqyasda da ən yüksək qiymətini alıb.

Azərbaycan tarixinin ən yeni səhifələri kimi yaddaşlara yazılan bütün bu uğurların, möhtəşəm nailiyyətlərin əldə edilməsi, 30 illik işğala son qoyulması xalqımızın müdrik rəhbəri və xilaskarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətləridir.

AZƏRTAC Azərbaycan Prezidenti İlham Əliyevin zəngin və möhtəşəm fəaliyyətinin ən mühüm siyasi məqamlarına nəzər salır.

Ötən 18 ilin xronikasına diqqət yetirsək görərik ki, dövlətimizin başçısı yaradıcı, bərpaedici, Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, özünün dahiyanə siyasətində dövlətin maraqlarını ən ali məqsəd kimi görən, bütün gücünü bu istiqamətə səfərbər edən, xalqın yüksək etimad göstərdiyi və etibar etdiyi, birmənalı şəkildə dəstəklədiyi liderdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində müstəqil Azərbaycan Respublikası güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib, iqtisadi inkişaf sürətinə görə dünyada liderlik mövqeyinə yüksəlib. Bu səbəbdəndir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, ona alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.

Prezident İlham Əliyev 2003-cü ildən qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub.

Ötən dövr ərzində xarici siyasət sahəsində əldə olunan uğurlara nəzər salsaq, görərik ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı kifayət qədər artıb. Prezident İlham Əliyev təkcə 2018-ci ildə 16 xarici ölkəyə, o cümlədən Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana rəsmi və işgüzar səfərlər edib. Eyni zamanda, 16 dövlətin, o cümlədən Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın prezidentləri, həmçinin Almaniyanın Federal Kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Ölkəmiz müsəlman aləmində də çox böyük hörmət, nüfuz qazanıb. İslam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin müdrik və prinsipial siyasəti nəticəsində ölkəmiz İslam aləmində həmrəyliyə, əməkdaşlığa və İslam birliyinə mühüm töhfələr verib. Bununla yanaşı, dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmizin ev sahibliyi etdiyi bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər - Bakı Beynəlxalq Humanitar forumları, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, Qlobal Bakı Forumu və digər möhtəşəm tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.

Eyni zamanda, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisatı olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur.

Bu siyasətin məntiqi nəticəsi olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. İkinci Qarabağ müharibəsi dövründə dövlətimizin başçısı 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə ölkə Prezidenti Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi. Şanlı Qələbədən sonra ölkəmizin xarici tərəfdaşlarının sayı kifayət qədər çoxaldı, beynəlxalq arenada nüfuzu daha da artdı. BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnamə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın özü tərəfindən yerinə yetirildi. Bu illər ərzində İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası və sair nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğalı faktını, habelə 15-dən çox ölkə, eləcə də ABŞ-ın bir çox ştatları Xocalı soyqırımını tanıyıb. Bütün bunlar beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyinin formalaşmasına və bugünkü Qələbəmizin möhkəm bünövrəsinin yaradılmasına rəvac verib.

Azərbaycan Prezidenti İlham Əliyevin mahir sərkərdəlik və uzaqgörən siyasəti nəticəsində dövlətçilik tariximizin ən şərəfli səhifələri yazılır.

Bu il iyunun 15-i Azərbaycan tarixinə daha bir əlamətdar gün kimi yazıldı. Azərbaycan Prezidenti ilk dəfə olaraq xarici dövlətin başçısını – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı. Azərbaycanlılar üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşımıza həkk olundu. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış və iki ölkə arasında münasibətlərdə inqilabi hadisə hesab edilən Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən Şuşa Bəyannaməsi Bakı və Ankaranın başçılığı ilə yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Şuşada belə mühüm Bəyannamənin imzalanması ilə Azərbaycan-Türkiyə tandeminin rəhbərliyində davam edəcək yeni regional düzənin təməli qoyuldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə ərazilərimizin işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi beynəlxalq aləmdə böyük nüfuz qazanmasının daha bir bariz nümunəsidir.

Xalqımız müasir dövrümüzün ən görkəmli liderlərindən biri olan, beynəlxalq arenada milli maraqlarımızı qətiyyətlə müdafiə edən Prezidenti ilə qürur duyur. On səkkiz il əvvəl başlayan uğur yolu Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparır.

Xudaferin.eu


 

22:47