Azərbaycan Ordusunun inamlı Qələbəsi

Hər bir Azərbaycan vətəndaşının ordumuzla fəxr etməyə haqqı var. Çünki 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.
Şanlı qələbədən bir neçə ay ötməsinə baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun şanlı döyüş yolunun, zəfər yürüşünün parlaq qələbəsinin sevincini hələ də qürurla yaşamaqdayıq. Ordumuzun keçirdiyi hərbi əməliyyatlar həmişə müzakirə mövzusu olacaq. Axı, məhz bu ordu Vətən müharibəsində tarix yazdı, tarixə yazıldı...
Prezident İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı, ordunun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksək olması hər zaman prioritetidi. Əgər belə olmasaydı, ilbəil orduya ayrılan vəsaitin həcmi artırılmazdı, maddi-texnik ibazası gücləndirilməzdi, yeni-yeni silah-sursat və hərbi texnika alınmazdı. Məhz bütün bu proseslər sayəsində, həmçinin ölkədə hərbi sənayenin inkişafı ilə Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi.
Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar öz bəhrəsini verdi. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Bu uğurlu addımlar isə bizi Qarabağa apardı!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına verdiyi müsahibədə Vətən müharibəsindən, zəfəri təmin edən uğurlu hərbi əməliyyatlardan, ordumuzun şücayətindən, verilən doğru qərarlardan, düşmənin məkrli planlarından bəhs etmişdir.
Müsahibəsində qısa müddət ərzində Cəbrayıl rayonunun azad olunması ordumuzda ruh yüksəkliyi yaratdığını deyən cənab Prezident həmçinin uğurlu Hadrut əməliyyatına da toxundu. Eləcə də Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi nəticəsində Laçın dəhlizinə nəzarət etmə imkanımızın yarandığını bildirmişdir.
Təbii ki, müharibənin gedişatında ən unikal əməliyyat Şuşa əməliyyatı idi və ölkə başçımız hər bir çıxışında olduğu kimi bu dəfə də bu mövzuya toxunmuşdur: "Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır."
İkinci Qarabağ müharibəsinə qədər pilotsuz uçuş aparatlarından bu miqyasda və bu cür səmərəli şəkildə istifadə edilməyib" deyən Prezident İlham Əliyev Xüsusi Təyinatlılarımızın ən mühüm əməliyyatları layiqincə yerinə yetirdiklərini və qələbənin qazanılmasında həlledici rol oynadıqlarını bildirmişdir.
Bildiyimiz kimi, böyük Zəfərimizdən sonra cənab Prezidentin tapşırığı ilə Hərbi qənimətlər Parkı yaradılmışdır. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapır. Cənab Prezident çıxışında bu parkın yaradılmasının vacibliyinə də toxunaraq demişdir: "ilk növbədə, bu, qələbənin nümayişi, həlak olanlara ehtiram əlaməti, gənc nəslin, artıq qalib xalqın nümayəndələri kimi yaşayacaq insanların nəsillərinin tərbiyəsi üçündür."
Müsahibəsində Azərbaycan-Rusiya iki tərəfli münasibətlərinə də toxunan Prezident İlham Əliyev Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirmişdir.

Aysel Mənsimova – YAP üzvü

 

Azərbaycan Ordusunun inamlı Qələbəsi

Xudaferin.eu

15:38