Azərbaycan Kosta Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub

Azərbaycanın Kosta Rikadakı səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş prezidenti Rodriqo Çaves Roblesin andiçmə mərasimində iştirak edib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, paytaxt San Xosedə, ölkənin parlament binasında keçirilmiş mərasimin ardınca ölkədə akkreditə olunmuş və tədbirdə təmsil olunan diplomatik nümayəndəliklərin rəhbərləri ilə keçirilən görüş zamanı M.Talıbov Kosta Rikanın dövlət başçısı Rodriqo Çaves Roblesə Kosta Rika xalqı üçün bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik və səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Kosta Rika Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Prezident R.Çaves hökumətinin Kosta Rikanın Azərbaycanla mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

Mərasimdə iştirak edən Kosta Rikanın yeni Xarici əlaqələr və etiqad naziri Arnoldo Andre Tinoko ilə Məmməd Talıbov arasında qısa söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Kosta Rika Konqresinin sədri Rodriqo Arias Sançes ilə baş tutmuş söhbət zamanı iki ölkənin parlamentlərarası əlaqələrinin vacibliyi vurğulanıb.

Həmçinin, mərasimdə iştirak edən Kolumbiya Respublikasının Prezidenti İvan Duke və Panama Respublikasının Prezidenti Laurentino Kortizo ilə səfir Məmməd Talıbov arasında baş tutmuş söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamları çatdırılıb, ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xudaferin.eu


 

15:14