Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Dekabrın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri xanım Zobaida Cəlalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında hərbi əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbədən sonra azad edilən ərazilərdə görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəklədiyinə, həmçinin ölkəmizə göstərilən mənəvi dəstəyə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.

Görüşdə dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcədə üçtərəfli birgə hərbi əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Nazir hər üç dost və qardaş ölkələrin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin yüksəlməsində birgə təlimlərin əhəmiyyətini qeyd edərək bu sahədə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Pakistanın müdafiə istehsalatı naziri Z.Cəlal Vətən müharibəsində qazanılan Qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. Nazir Vətən müharibəsində, eləcə də noyabrın 30-da baş vermiş helikopter qəzası nəticəsində şəhid olanlara Allahdan rəhmət diləyib.

Xanım Z.Cəlal belə görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini vurğulayıb.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi istehsalat sahələrində Pakistan və Türkiyə ilə birgə ikitərəfli, o cümlədən üçtərəfli əməkdaşlıqların inkişaf perspektivləri və qarşılıqlı maraq doğran digər məsələlər müzakirə olunub.

Xudaferin.eu


 

16:02