Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin parlament sədri Şalva Papuaşvili ilə görüşüb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub, strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Ş.Papuaşvili Gürcüstan ilə Azərbaycan arasında möhkəm zəmin üzərində inkişaf edən strateji tərəfdaşlıq əlaqələrinin vacibliyini diqqətə çatdırıb. O, bu istiqamətdə parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Azərbaycanlı həmkarları ilə qarşılıqlı təmasların, o cümlədən yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Parlamentin sədri, Azərbaycanın ərazi bütövlüyünün Gürcüstan tərəfindən hər zaman dəstəkləndiyini qeyd edib, bölgədə sülh və əməkdaşlıq şəraitinin bərqərar olunmasının vacibliyini vurğulayıb.

Səfir F.Quliyev Prezident İlham Əliyevin qonşu Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərimizin təşviqinə xüsusi önəm verdiyini bildirib. Dövlətimizin atdığı bütün addımların bu qəti mövqeyə əyani sübut olduğunu qeyd edib.

Azərbaycanın da Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib, Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatının buna əyani sübut olduğunu bildirib.

Bildirilib ki, hazırkı mərhələdə Azərbaycan – Gürcüstan ikitərəfli və Azərbaycan – Gürcüstan – Türkiyə üçtərəfli əməkdaşlıq formatları bölgənin inkişafına böyük töhfə verə bilər.

Cənubi Qafqazda ümumi sülh və qarşılıqlı faydalı əməkdaşlıq abı-havasının bərqərar olunmasının vacibliyi vurğulanıb, Gürcüstan Hökumətinin bu istiqamətdə göstərdiyi təşəbbüslər yüksək qiymətləndirilib.

Söhbət əsnasında tərəflər iki ölkənin parlamentləri səviyyəsində fəal əməkdaşlığın, o cümlədən beynəlxalq platformalarda həmrəyliyin və müxtəlif konkret istiqamətlər üzrə tərəfdaşlığın vacibliyini vurğulayıblar.

Xətayi Əzizov

Xudaferin.eu

11:48