Azərbaycan ilə Aİ arasında imzalanan Anlaşma Memorandumu ərəb mətbuatında geniş işıqlandırılıb

Qlobal enerji böhranının dərinləşdiyi bir şəraitdə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ərəb mətbuatının diqqət mərkəzindədir.

Əlcəzairin rəsmi APS agentliyi və “Əl Hərir” portalında AZƏRTAC-ın xəbərinə istinadla Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin bu mühüm sənədi imzaladıqları, həmçinin liderlərin mətbuata bəyanatlarla çıxış etmələri barədə materiallar yayımlanıb.

Küveytin rəsmi KUNA agentliyi, “Al Arabia”, “CNBC Arabia” “SkyNews Arabia” telekanalları, Misirin “Əl Əhram”, “Cümhuriyyə”, “Dustur”, “Əl Masr Əl Yom” qəzetləri, həmçinin BƏƏ-nin “Aşarq”, “Royah” nəşrləri də qlobal enerji təhlükəsizliyi baxımından bu mühüm hadisə haqqında xəbər və reportajlar yayımlayıb.

Məqalələrdə qeyd olunur ki, Prezident İlham Əliyev 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəmərləri sistemi ilə Azərbaycan qazının Avropaya nəql edildiyini, iki ildən az müddətdə bu dəhlizin tam gücü ilə işlədiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti tərəflər arasında enerji sahəsində uzunmüddətli və etibarlı əməkdaşlığı böyük nailiyyət kimi qiymətləndirib.

Daha sonra bildirilib ki, Ursula Fon der Lyayen Azərbaycandan Aİ-yə ixrac olunan qazın həcminin ikiqat artacağını, Memorandumda Aİ-nin öz üzərinə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair öhdəlik götürməsini, bir neçə il ərzində onun ötürücülük qabiliyyətinin 20 milyard kubmetrə çatdırılacağını və gələn ildən qazın nəqlinin 12 milyard kubmetrə çatacağını qeyd edib.

 

Oqtay Bayramov

Xudaferin.eu


 

16:02