Azərbaycan Arbitraj Assosiasiyasının təşkilatçılığı ilə Parisdə konfrans keçirilib

Paris Arbitraj Həftəsi çərçivəsində ölkəmizin Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində Azərbaycan Arbitraj Assosiasiyasının təşkilatçılığı ilə konfrans keçirilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Fransada hüquq professoru, Paris Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyevanın tərəfindən təşkil olunan tədbirdə bir çox ölkələrin, eləcə də beynəlxalq təşkilatların hüquq və arbitraj üzrə tanınmış mütəxəssisləri iştirak ediblər.

Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyeva Azərbaycanın Paris Arbitraj Həftəsinin rəsmi proqramında təmsil olunmasından söz açıb, bunu böyük nailiyyət kimi dəyərləndirib. O, bunun Azərbaycan hüquqşünasları ilə xarici hüquqşünaslar arasında əsl dialoq yaratdığını deyib.

Konfrans zamanı hüquq professorları və hüquqşünaslar öz ölkələrində beynəlxalq arbitraj sahəsində mühüm yenilikləri təqdim ediblər. K. Mehdiyeva 2023-cü il dekabrın 26-da qəbul edilmiş və bu il yanvarın 25-də Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında həmkarlarına məlumat verib.

“Bu Qanunun təklif etdiyi perspektivlər Azərbaycanda beynəlxalq arbitrajın, eləcə də ölkənin iqtisadi inkişafı üçün çox vacibdir. Arbitrajdan nə qədər ardıcıl və proqnozlaşdırılmış şəkildə istifadə edilərsə, investisiyaların cəlbediciliyinə və ümumilikdə biznes mühitinə əhəmiyyətli dərəcədə əlverişli təsir göstərən hüquqi müəyyənlik bir o qədər yüksək olar. Daxili arbitrajın inkişafı ilə bütün məhkəmə sistemi təkmilləşir, xüsusən də hakimlərin iş yükü azalır”, - deyə professor vurğulayıb. Nəhayət artıq ölkədə arbitraj mərkəzinin yaradılması üzrə işlərə başlanıldığını, bunun arbitrajın inkişafı və iqtisadi mübahisələrin həlli üçün çox mühüm addım olduğu diqqətə çatdırılıb.

Konfrans müxtəlif ölkələrdən olan beynəlxalq arbitraj üzrə ekspertlərin çıxışları ilə davam edib.

Konfransdan sonra Novruz bayramı münasibətilə ziyafət verilib.

Xudaferin.eu

10:13