Avstraliya saytı Vətən müharibəsi barədə məqalə yayıb

Avstraliyanın müdafiə sahəsində nüfuzlu “defenceconnect.com.au” saytı Ermənistanla Azərbaycan arasında ötən ilin payızında baş vermiş Vətən müharibəsi barədə analitik məqalə yayıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, “Avstraliya Ermənistan və Azərbaycandan nələri öyrənə bilər?” sərlövhəli məqalədə 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş döyüşlər barədə ətraflı məlumat verilir.
Liam Qarman tərəfindən qələmə alınmış məqalədə müharibənin təbiət etibarı ilə dinamik proses olduğu qeyd edilir. Bildirilir ki, indiki dövrdə aparılan müharibələr zamanı hava döyüşləri pilotlu və pilotsuz, həmçinin kamikadze uçuş aparatları səbəbindən nadir strateji və texnoloji transformasiya dövrünü yaşayır.
Müəllif vurğulayır ki, bu texnoloji yeniliklər ötən ilin payızında baş tutan Ermənistan-Azərbaycan müharibəsi zamanı ilk dəfə müşahidə edilib və Ermənistanın adi silahlı qüvvələri texnoloji cəhətdən üstünlüyü ilə seçilən Azərbaycan ordusu tərəfindən məhv edilib.
Qeyd edir ki, Ermənistanın malik olduğu baha qiymətə alınmış adi silahlar Azərbaycanın qismən ucuz, lakin döyüş qabiliyyəti ilə fərqlənən PUA-ları qarşısında aciz qalıb. Buradan isə belə nəticə çıxır: adi qoşunlar nə qədər qüvvətli olsalar da, texnoloji inkişaf tempinə, yeni texnikaya və strategiyaya malik müasir silahlı qüvvələr şaxələndirilmiş silah-sursat bazası ilə onu üstələyə bilər.
Döyüşlər zamanı Azərbaycan tərəfinin istifadə etdiyi silahlara diqqət çəkən müəllif, Avstraliya ordusunun məhz bu ölkənin təcrübəsindən bəhrələnməli olduğunu vurğulayır. Bildirir ki, texnoloji və strateji dəyişikliklərin sürəti məhz Azərbaycan və Avstraliya kimi qismən kiçik ölkələr üçün geniş imkanlar açır. Bununla bağlı Azərbaycanın döyüş təcrübəsini nümunə kimi göstərərək avstraliyalı analitikləri bu məqama xüsusi diqqət yetirməyə çağırır. Azərbaycanın sovet dövründən qalma təyyarələri PUA-lara çevirərək Ermənistanın hava hücumundan müdafiə sistemlərini döyüşə çəkdiyini qeyd edir. Yalnız bundan sonra Azərbaycan PUA-larının həmin sistemləri təhlil edərək məhv etdiyini vurğulayır.
Məqalədə ABŞ-ın CNA analitik mərkəzinin mütəxəssisi Maykl Kofmana istinadla dronların qismən kiçik ölkələrə taktiki aviasiyaya və yüksək dəqiqliyi ilə seçilən silahlara malik olmaq və düşmənin daha bahalı qurğularını, tanklarını və hava-hücumundan müdafiə sistemlərini məhv etmək imkanı yaratdığı xatırladılır.
Xüsusi vurğulanır ki, Azərbaycanın dronlar strategiyasının qüsursuzluğu və sadəliyi hərbi nəzəriyyəçilər tərəfindən ənənəvi müharibələrdə ucuz və yeni texnologiyalardan istifadə üçün qızıl standart kimi öyrənilməlidir.

Vüqar Ağayev

Xudaferin.eu

11:26