Avropa Parlamentinin “sülh göyərçinləri”

Avropa Parlamentinin daha iki üzvü Cənubi Qafqazda “sülhün bərqərar olunması yollarını müzakirə etmək” adı altında Azərbaycana qarşı növbəti dəfə təbliğat kampaniyası təşkil ediblər. Avropa Parlamentinin Almaniyadan olan üzvü Viola Fon Kramon və vitse-prezidenti finlandiyalı Heydi Hautala “Dağlıq Qarabağda sülhə aparan yol və Avropa İttifaqının rolu” adlı vebinar təşkil ediblər.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

Deputat qeyd edib ki, Azərbaycan parlamentinə və onun Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvlərinə keçirəcəkləri tədbir haqqında heç bir məlumat verməyi belə lazım bilməyən muzdlu erməni təbliğatçıları guya Azərbaycanın bir hissəsində sülhyaratma yollarını aramaq üçün Azərbaycana qarşı ermənilərlə əlbir işləyən, vaxtilə məhkum olunmuş Leyla Yunus və Emin Hüseynovu tədbirə dəvət edərək, ölkəmizin əleyhinə fikirlər səsləndirmək üçün söz də veriblər. Bu, AP-nin üzvləri və hətta vitse-prezidenti səviyyəsində sülh adı altında bölgədə münaqişəni qızışdırmağa yönəlmiş pozuculuq fəaliyyətidir. Sözsüz ki, vebinar erməni siyasi dairələrinin və diasporunun təşkilatçılığı ilə baş tutub və Avropa Parlamentinin üzvləri də növbəti dəfə Azərbaycan əleyhinə təbliğata ev sahibliyi etmək vəzifəsini öz üzərilərinə götürdükləri üçün lazımi miqdarda mükafatlandırılıb.

Həm Viola Fon Kramon, həm də Heydi Hautala Avropa Parlamentinin üzvləri olduqları bütün müddət ərzində Brüsseldəki erməni diasporuna lobbiçilik xidməti göstərən deputatlar kimi tanınırlar. Azərbaycanı “dost ölkə” hesab etdiyini təkrarlamaqdan yorulmayan Heydi Hautala, əslində, Azərbaycan əleyhinə aparılan qara təbliğatın ən fəal üzvlərindən biridir.

Bu, həmin Heydi Hautaladır ki, 2015-ci ildə Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə bütün əlaqələrini dayandırmaq haqqında qərar qəbul etdikdən bir il sonra qurumun Azərbaycana səfər etmiş nümayəndə heyətinin tərkibinə qatılmışdı və parlamentlərarası münasibətlər bərpa olunduqdan sonra da Azərbaycanla və Ermənistanla bağlı bütün tədbirlərdə iştirak edərək, hər vəchlə bölgədə status-kvonun dəyişdirilməsinin qarşısını almağa və erməni işğalının davam etdirilməsinə çalışırdı. Hələ o zamanlar Azərbaycan tərəfindən irəli sürülən və münaqişənin həllinə və sülhyaratma cəhdlərinə yönələn bütün təşəbbüslərin qarşısını almaqla məşğul olurdu. Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 2018-ci ildə ölkəmizdə keçirilmiş XV iclasının Yekun Qətnaməsində Ermənistanın işğal olunmuş ərazilərimizdə apardığı qeyri-qanuni məskunlaşdırma siyasətini pisləyən bəndin yer almasına özünün vitse-prezident vəzifəsindən sui-istifadə etməklə mane olmuşdu. Səsvermədə iştirak etmiş Avropa Parlamentinin deputatları bizimlə sonrakı görüşlərində məhz Heydi Hautala tərəfindən Ermənistanın qeyri-qanuni addımlarını pisləyən bəndin əleyhinə səs verilməsinin tələb olunduğunu bildirmişdilər. O, həmçinin 2017-ci ildə Azərbaycan və Ermənistan QHT-ləri tərəfindən birgə irəli sürülmüş Sülh Platformasının Avropa Parlamentində təqdimatının keçirilməsinə mane olmuşdu. Xatırlatmaq yerinə düşər ki, sözügedən Sülh Platforması Azərbaycan cəmiyyəti və dövləti tərəfindən müsbət qarşılansa da, Ermənistan hakimiyyəti bu ideyanı qətiyyətlə rədd edirdi və Sülh Platformasının Ermənistandan olan üzvlərinə qarşı repressiv tədbirlər həyata keçirirdi. O zaman Sülh Platforması ideyasını Avropa Parlamentinə yaxın buraxmayan Heydi Hautalanın bu gün Azərbaycanın iştirakı olmadan Avropa Parlamentində guya ölkəmizdə sülh yollarını aramağa çalışması finlandiyalı deputatın qurumda məhz erməni gündəliyinə xidmət etməsini aşkara çıxarır. Cəmi bir neçə il əvvəl Sülh Platforması üzvləri olan Azərbaycan və Ermənistanın QHT fəallarını dinləmək belə istəməyən Avropa Parlamentinin üzvlərinin bu gün özlərini “sülh göyərçini” kimi təqdim etmək cəhdləri absurd və gülünc görünür. Deputat Hautalanın Azərbaycanla bağlı təşkil etdiyi vebinara azərbaycanlı həmkarlarını deyil, məhz birbaşa erməni diasporu ilə əməkdaşlıq edən Leyla Yunusu və Emin Hüseynovu dəvət etməsi, Azərbaycanın siyasəti və mövqeyi barədə məhz onların fikirlərinin Avropa Parlamentində səsləndirilməsini təmin etməsi onun Ermənistanın təcavüzkar siyasətinə xidmət göstərməsinə şübhə yeri qoymur.

C.Feyziyev qeyd edib ki, 30 il ərzində işğal faktına son qoya bilməyən bütövlükdə dünya siyasi sistemi və ayrılıqda Avropa Parlamenti indi Azərbaycan ərazisində yaşayan və işğalçı erməni siyasətinin qurbanına, hadisələrin girovuna çevrilmiş 20-30 min erməni əsilli vətəndaşlarla Azərbaycan arasında sülh yollarını araması, əslində, bölgədə sülhün qarşısının alınmasına xidmət edir. Azərbaycan dövlətinin və xalqının bu kimi şübhəli fəaliyyətlərdə iştirak edən Avropa Parlamentinin üzvləri tərəfindən bölgədə sülh yaratmaq cəhdlərinə ehtiyacı yoxdur. Torpaqlarını işğaldan öz gücünə azad etmiş Azərbaycan ərazisində və yerləşdiyi bölgədə sülh yaratmağa Avropadan daha çox qadirdir.

Xudaferin.eu

13:04