Avropa-Azərbaycan: Münasibətlər qırılma nöqtəsində?

 

Son günlər Avropa Şurası və Azərbaycan arasında “soyuq savaş” müşahidə olunur.Belə ki, Avropa Şurasının baş katibi Yaqlandın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.Hətta bu məsələ Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk iclasında da deputatlar bu məsələyə kəskin etirazlarını bildirdi.Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsi ReAl Hərəkatının sədri İlqar Məmmədovun azad olunması üçün Azərbaycan hökumətinə 25 oktaybra qədər vaxt verib.Komitənin sentyabrın 19-21-də keçirilən iclasının yekunlarına əsasən katibliyə tapşırılıb ki, İlqar Məmmədovun işi üzrə müvəqqəti qətnamə layihəsi hazırlansın.Layihədə ölkənin Avropa konvensiyasının 46 § 1 maddəsi (Avropa məhkəməsinin qərarını icra etməmək) üzrə öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı məsələnin Avropa məhkəməsinə çıxarılması barədə Nazirlər Komitəsinin niyyəti ilə əlaqədar Azərbaycana rəsmi xəbərdarlıq nəzərdə tutulur.

 

Əgər 2017-ci il oktyabrın 25-dək İlqar Məmmədovun azadlığının təmin olunmasında irəliləyiş olmasa, qətnamə komitənin həmin tarixdə keçiriləcək iclasına çıxarılacaq. Maraqlıdır, Avropa Şurası və Azərbaycan arasında münasibətlər kəskinləşərsə və AŞ Azərbaycan əleyhinə hansısa qərar verərsə, kim daha çox zərər çəkəcək?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu açıqlamasında deyib ki, baş verənlər zərərimizədir: “Çünki Avropa Şurası ayrıca götürülmüş təşkilat deyil. Bu Avropanın nüfuzlu institutlarından biridir.Avropa ilə iqtisadi əlaqələrə girən ölkələrin Avropa Şurasında olması vacibdir.Azərbaycan Avropa Şurasının üzvü olduğu üçün Avropa ölkələri ilə müxtəlif sənədlər imzalaya bilir.Avropa Şurasından çıxmaq hökumətin fəaliyyət sferasının qat-qat məhdudlaşması deməkdir”.

Vətəndaş və İnkişaf Partiyası sədri Əli Əliyev isə hesab edir ki, Avropa Şurası qarşısında götürülən öhdəliklər yerinə yetirilməlidir: “Azərbaycan Avropa Şurasının üzvüdür və üzərinə götürdüyü öhdəliklər var. Bunlardan biri də Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərarların icrasıdır. Uzun zamandır ki, İlqar Məmmədov, Əli İnsanov və digər siyasi hesab olunan məhbuslar haqqında Avropa İnsan Haqları Məhkəməsi qərarlar çıxarıb.Azərbaycan tərəfi isə üzərinə götürdükləri öhdəlikləri və verilən qərarları nəzərə almır”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə vurğulayıb ki, Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməsə, sanksiyalarla üz-üzə qalacaq:

“İstəməzdim ki, Azərbaycanla Avropa Şurası arasında yaşanan vəziyyət daha da gərginləşsin və əlaqələr kəsilsin. Bu daha çox Azərbaycana ziyan olacaq.Çünki Azərbaycanın Avropaya verə biləcək xüsusi heç nəyi yoxdur.Əsasən enerji resursları ilə Azərbaycan Avropaya təzyiq edə bilər, ancaq Avropanın çoxşaxəli enerji layihələri var və bundan bəhrələnməyə çalışırlar. Daha çox ziyan Azərbaycana dəyəcək, çünki bizim Dağlıq Qarabağ kimi böyük bir problemimiz var. Hər birimiz bilirik ki, Avropanın, Qərb dünyasının regiona böyük təsiri var. Dünya düzəninin dəyişməsində və müəyyənləşdirilməsində Qərb əhəmiyyətli rola malikdir. Bu baxımdan da yaxşı olardı ki, Azərbaycan Avropa Şurası ilə ziddiyyət təşkil edən yox, birləşdirici məqamlara üstünlük versin. Bu günə qədər Azərbaycan hökumətinə müəyyən güzəştlər edilib, vaxt verilib. Azərbaycan hökuməti isə bundan nəticə çıxarmayıb, əksinə, şantajla, hədə-qorxu ilə vəziyyətdən çıxmağa çalışıb.Artıq dünyada bu siyasətin işlənməsinin yeri yoxdur.Digər tərəfdən, Azərbaycan Avropa Şurasının üzvüdür və xüsusi nümayəndə heyəti ilə təmsil olunur.Buna görə də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədov və Əli İnsanovun tezliklə azad olunması ilə bağlı qərar verib.Bu qərarlardan imtina etmək doğru yanaşma deyil.Çünki bu qərarlar icra olunmasa, bunun ardınca sanksiyalar tətbiq olunacaq”.

Vilayət Muxtar
Cebhe.info

09:27