“Atlasglobal” niyə Azərbaycana gəlmir?

İrəvana da uçur, Tiflisə də... Amma Bakıya, Gəncəyə, nə də Lənkərana, heç Qəbələyə də uçmur...

 

Artıq 15 ilə yaxındır ki, Avropada yaşasam da vətənim Azərbaycandan heç cür ayrıla bilmirəm. Vətənimin inkişafı, müstəqil bir dövlət kimi var olması bir çox həmvətənlərim kimi məni də qürurlandırır. Təbii ki, yurdumuzdakı doğmalarımızı, dostlarımızı, tanışlarımızı görmək, xatirələrlə dolu küçələrdən keçmək, tarixi yerləri ziyarət etmək, nəhayət uşaqlarımıza, gələcək nəslimizə "bura sizin də vətəninizdir" demək üçün heç olmasa ildə bir dəfə Azərbayana gəlmək lazımdır. Bunu ümumilikdə götürsək , hamımız arzulayırıq. Amma gəlin görək bunu hamımız gerçəkləşdirə bilirikmi? Təəssüf ki, yox. Yen də yox.
Azərbaycandakı bazar qiymətləri yaçadığım bu Skandinaviya ölkəsi İsveçdən demək olar ki, 1,5 , hətta 2 dəfə bahadır. Yazdığımız məqalədəki mövzumuz bu olmasa da müqayisə üçün deyim ki, burada bayram vaxtları, hətta Ramazan və Qurban bayramları zamanı bütün tələbat mallarının qiyməti gündəlik bazar qiymətlərindən iki dəfə, bəzən də lap üç dəfə aşağı olur. Azərbaycanda isə bütün bunlar tərsinə olur deyə görmüşük hər zaman...

Mövzudan ayrılmayaq. Vətənə tətilə gəlməyi planlaşdıranda təbii ki, ilk ağlımıza gələn yol məsrəflərinə görə xərclənəcək qiymətləri olur. Konkret beş min kilometr məsafəni əlbəttə hava yolları xidmətindən istifadə etməklə həm vaxta qənaət, həm də daha çox konfortlu və yorulmadan qət etmək deməkdir. Əcəba qiymətlər görəsən necədir? Deyə hər birimiz daxilimizdə bu sualı özümüzə veririk. Hə, burada "yazıq Kərəmi ağlamaq tutur". Bir ailə əgər 4 nəfərdirsə, biletlər ən aşağı 18 min İsveç kronundan başlayır və 40 minə qədər uzanıb gedir. Yəni 1800 avrodan 4000 avroya qədər... Amma təbii ki, alternativ hava yolları da var və ucuz biletlər də. Çifayda. Bunlar bizə direkt yoxdur. Yəni birbaşa deyil, belə ucuz yol. Ya gərək Tiflisə gedəsən ya da ... daha ağ eləmə də İrəvana getməyəcəksən ki? Halbuki Gəncədə, Qəbələdə, lap Lənkəranda da hava limanı var. Hökmət rəsmilərinin dediyinə görə lap belə Beynəlxalq Hava Limanıdır özü də. Düzdür keçən dəfə Lənkərana gedəndə aeroportda qoyun-quzu, mal-qara otlayırdı. Amma yenə də...

Görəsən niyə bizim ölkəmizdə aviabiletlər belə bahalıdır? Çoxdandır bu sualın cavabını axtarırdım ki, üzvü olduğum “İsveç Xarici Jurnalistlər Assosiasiyası”ndan bir dəvət aldım. Türkiyənin "Atlasglobal" şirkəti jurnalistlər üçün 3 günlük İstanbul tətili təşkil edir. Bütün xərclər də bu şirkətə aiddir. Əlbəttə həftə sonu və "müftə gəzinti"dən az adam imtina edər. Və mən də bunu məmnuniyyətlə dəyərləndirdim və razılıq verdim. Yüksək səviyyədə təşkil olunmuş səyahət çox konfortlu uçuşdan başladı. İnanın dünyanın demək olar ki, bütün avia kompaniyalarının xidmətlərindən istifadə edən bir insan olaraq deyim ki, “Atlasglobal”ın müştəri xidmətləri və konfortu yüksək səviyyədə idi. Biz başqa müştərilərlə birlikdə ekonom klasda uçurduq. Və bizim üçün heç bir fərqli xidmət də yox idi. Yəni ayrıseçkilik olmadan bütün yolçular eyni konfortdan istifadə edirdilər. Təyyarə ful ağzınacan dolu idi. Bir dənə belə boş yer yox idi.

İstanbuldakı “Florada Crowne Plaza” otelində yerləşdik. Səhəri günü otelin yeməkli kiçik konfrans zalında İsveçdə fəaliyyət göstərən mətbuat mənsublarıyla bir araya gələn “Atlasglobal” şirkətinin səlahiyyətli nümayəndələri aviaşirkətin hədəfləri və xidmətləri ilə bağlı geniş məlumat verib iştirakçıların suallarını cavablandırdılar.

Mətbuatla görüşə “Atlasglobal Satış və Marketinq” xidmətinin başqanı Tuna Tunca, “Atlasglobal Skandinaviya” nümayəndəliyinin müdiri Ayşe Misirli, “Korporativ Əlaqələr” bölüm müdiri M. Semin Atəş və “Marka Əlaqə Mütəxəssisi” Demet Telkeş qatılmışdılar. Tuna Tunca “Atlasglobal” şirkəti haqqında geniş məlumat verdi və gələcək planlarından,  yeni destinationlardan danışdı. Məlum oldu ki, bu şirkət ən azı 20 xarici ölkəyə səyahət edir. Onların arasında Rusiya və Ukraynanın bir neçə şəhəri də daxil olmaqla bizim qonşular Gürcüstan və Ermənistan da var.

Həmən yadıma Azərbaycan mətbuatında keçən ay getmiş bir məqalə düşdü. məqalədə deyilirdi: "Məlumata görə, iyunun 1-dən etibarən "Pegasus” aviaşirkəti İstanbuldan İrəvana aviareyslər həyata keçirməyə başlayacaq. Aviaşirkət uçuşları həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri baş tutacaq. Xatırladaq ki, "Pegasus” şirkəti ucuz aviabiletləri ilə məşhurdur. Daha öncə Azərbaycanda da fəaliyyət göstərməyə çalışan şirkətə, AZAL süni maneələr yaradaraq, ölkədən getməsinə səbəb olmuşdu"...

Elə bu məlumatdan yola çıxaraq “Atlasglobal” aviaşirkətinin yetkililərinə belə bir sual ünvanladım: “Nədən İrəvana, Tiflisə, hətta Rusiyanın bir çox əyalətinə, eləcə də Ukraynaya və başqa ölkələrə uçuş səyahətləriniz var da, qardaş ölkə Azərbaycana uçmursunuz?”

Cavab çox qısa oldu: “Bakü bizimçin önemli destination olsa da, mallesef halen uçuş izini ala bilmiyoruz...”

Məşhur filmdə deyildiyi kimi "Yenə həmin dalğa, yenə həmin koordinatlar". Bəli səbəb AZAL-ın gözü doymayan rəhbərliyindədir. Axı niyə?.. AZAL adından da göründüyü kimi “az al” ideyası ilə yaranan bir şirkətdir. Ancaq, bu şirkət öz adı ilə deyil, Azərbaycan vətəndaşlarının cibinə girir və həm də bilərəkdən turizmin önünü bağlayır. Axı turizmin əsas mənbəyi elə aviaqiymətlərin ucuz olmasıdır. Niyə konfortu ilə dünyanın ən məhşur aviaşirkətləri ilə rəqabətə belə girəcək, amma ən önəmlisi münasib qiymətləri ilə məhşur olan “Atlasglobal” şirkətinə Ermənistan da, Gürcüstan da onlara "xoş gəlmisiniz" deyə qucaq açır. Amma AZAL və onun səlahiyyətliləri gələn şirkətlərin də qabağına özləri boyda şlanqbaum qoyurlar. Gəncə, Qəbələ və Lənkərandakı elə bax hər il təmir olunan və yenidən tikilən Bakıdakı iki aeroport belə ucuz biletli, konfortlu aviaşirkətləri qəbul etmək iqtidarında deyilmi? Bəlkə Azərbaycan vətəndaşları daha varlıdırlar ki, pullarını bahalı uçuşlara verirlər?

Vallah biz vətənimimizin inkişafını daha çox istəyirik. İnsanlarımız yaxşı yaşamalı, daha əlverişli xidmət növlərindən istifadə etməlidirlər. Bu yazım reklam xarakterli deyil. İnanın mənə. Məni də ən çox düşündürən və maraqlandıran məsələdir bu. Faydalı, ucuz və konfortlu uçuş. İnanıram ki, ən qısa zamanda bu sahədə də dönüş yaranacaq.

Gözəlim Azərbaycanda turizmin inkişafı ilə bağlı ilk öncə qürbət ölkələrdə yaşayan soydaşlarımız üçün xüsusi komfort yaradılmalıdır ki, bu proses də inkişaf edə bilsin. İlk öncə onu xatırladım ki, payız, qış, yaz və yay tətillərində məktəblilər üçün ən yaxşı istirahət onların Azərbaycandakı doğmaları və turizm məkanları ola bilər. Əgər uçaq biletlərinin qiymətləri, eləcə də turizm məkanlarındakı xidmət sektoru normal davranış qaydalarına əməl etsələr, sonucda görün ölkəmizin büdcəsinə turizmin sayəsində nə qədər gəlir daxil ola bilər. Qürbətdə yaşayan soydaşlarımız tətil və istirahət günlərini başa vurduqdan sonra, təkrar geri döndüklərində vətənlə bağlı dərgilər, filmlər, kitablar, almanaxlar, hədiyyələr də apara biləcəklər. Bu da bir yandan turizmə, digər yandan isə mediamızın inkişafına ən böyük dəstəklərdən biri ola bilər. Qürbət ölkələrdə böyüyən övladlarımız da vətənlə bağlı daim xoş xatirələrini yaşacaqlar. Bu gün soydaşlarımız vətənə döndüklərində bird aha istirahət və tətillərini başqa ölkələrdə keçirmək zorunda qalırlar. Ona görə ki, hər addımda turizm adı aıtında insanların ciblərinin talan ediıməsi kimi dəhşət saçan olayları yaşamaq zorunda qalırıq. Başqa bir ölkənin vətəndaşı, həm də bizim xalqa yad olan insanlar isə ümumiyyətlə bir daha Azərbaycana dincəlməyə gəlməyəcəklər. Məgər günəş vannası qəbul etmək üçün başqa bir ölkədə məkanlar yoxdurmu? Ormanlar, dağlıq məkanlar, fiziki və ruhsal yorğunluqlarını dincəlməklə azad etmək üçün dünyanın istənilən məkanında turistlər üçün imkanlar təbii ki, vardır. Bizi sadəcə üzən Azərbaycandakı turizm xidmətinin soyğunçu və talançı mövqeyidir. Bu ölkədə heç turizmin nə demək olduğunu da çoxları bilmir. Ona görə ki, harada turizm varsa, orada TURİZM SƏNAYESİ də mövcuddur. Bu da öz növbəsində azından 500 min insan üçün daimi iş yerləri deməkdir. Dünya standartları səviyyəsində inkişafdır. Bu sektorun əsas silahı isə xidmət və qiymətlərin səviyyəsinin uzlaşmış dərəcədə insanlara faydalılıq əmsalı ilə ölçülür.
“Atlasglobal” şirkətinin fəaliyyəti ilə yaxından bir daha ilgiləndim. Sözün doğrusu valeh oldum onların iş prinsiplərinə. Bu yazmımızı yazmaqda tək məqsədim belə bir şirkətin timsalında dünyada aviaşirkətlərin necə xidmət sektorunda önəmli olduğunu bir daha bizim soydaşlarımıza tanıtmaq idi. Dünyada turizm sektoru artıq bir sənaye sektoruna çevrilib. İnsanlar sadəcə dincəlmək, başqa məkanları görmək üçün deyil, həm də təmiz və ekoloji baxımdan daha üstün məkanlarda dincəlməyi tərcih edirlər. Azərbaycan iqlim və yerləşdiyi coğrafi qurşaq öz üstünlükləri ilə heyranedici bir məkandır. Bunun dəyərini bilmək və dünya standartları səviyyəsində turizm sektorunu inkişaf etdirmək çox asandır. Yetər ki, korrupsiya, süni bahaçılıq, rüşvətxorluq, viza əngəlləri, qiymətlərin talanedici həddə olmasının qarşısı alınsın. Şəxsən adi bir vətəndaş kimi  “Atlasglobal” şirkətinin fəaliyyəti sayəsində bütün bunları öyrəndik. Həm də dəyərli soydaşlarımızla və oxucularımızla da bu fikirlərimizi bölüşməyə çalışdıq.     

Rahim Sadıqbəyli
İsveç, Stohkolm şəhəri.
Xüsusi olaraq, “XUDAFERİN.EU” saytı üçün

21:12