“Asan Xidmətin” çətin sualları

Bu gün qızım Jaləni 3 saylı ASAN xidmətə müsabiqəyə çağırmışdılar. BDU-nun hüquq fakultəsinin tələbəsi olaraq Azərbaycanda ilk könüllü fəaliyyətini bu təşkilatda başlamaq istəyirdi. Müraciət edərkən seçimində mənim də məsləhətimə qulaq asmışdı. Jalə ABŞ-da yaşadığımız dövrdə orta məktəb şagirdi olaraq “Qırmızı Xaç Cəmiyyəti”ndə, təhsil aldığı “East Chapel Hill” ali məktəbində, “Fusion gənclər radiosu”nda, fermerlər üçün xeyriyyə fəaliyyətinin təşkilində və sair yerlərdə 100 saatdan çox könüllü kimi xidmət təcrübəsinə malik idi. Buna baxmayaraq bir neçə gün idi ki, müsabiqəyə hazırlaşdırdı. Çox yaxşı hazırlaşmışdı, hətta ASAN xidmətlə bağlı məndən də çox məlumatlı idi. Onun nə vaxt, necə yaranması, şəbəkələnməsi, hansı fəaliyyətləri həyata keçirməsini öyrənib, arxayın və inamla səhər saat 11.30-da müsabiqəyə qatılmışdı. Müsabiqə götürən xanım bir neçə sualdan sonra Jalədən soruşur ki, rəğbət bəslədiyin 3 siyasətçini sadalaya bilərsənmi? O da bu sualın cavabında Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoylu və Əbülfəz Elçibəyin adını çəkib. Bu cavabdan sonra ona verilən suallar kəsilib. Onunla sagollaşıblar deyiblər ki, gözlə 3 günə cavab verəcəyik. Çox gözləməyə ehtiyac da qalmadı. Bir az bundan əvvəl aldığı imtina cavabından xeyli məyus olan Jaləni sakitləşdirərmək istəyirəm. Ona izah edirəm ki, onlar səndən istədiyi cavabı ala bilməyiblər, buna görə də seçməyiblər.

Görəsən, ASAN xidmətdə müsabiqə götürən xanım siyasətçilər barədə sual verərkən Yeni Azərbaycan Partiyasına, yoxsa dövlət orqanına könüllü seçməyin fərqinə varıbmi? Həqiqətən də əhaliyə sosial xidmət funkisyasını həyata keçirən dövlət orqanında könüllü olmaq üçün rəğbət bəslədiyin siyasətçi və partiyalılığına dair suallar qərar qəbulu üçün daha önəmlidir? Əgər ASAN xidmətdə könüllü olmaq üçün xüsusi ideoloji testdən keçmək tələb olunursa, onda görün başqa dövlət orqanlarında vəziyyət necədir. Hələ bu bizim "tərifli"mizdir!.. 

11:47