Argentina saytı: 2022-ci ilin Cənubi Qafqazda sülh və təhlükəsizlik vəd etdiyini düşünmək üçün mühüm əsas yaranıb

Argentinanın “La City” saytında İkinci Qarabağ münaqişəsindən sonra Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən bəhs edən məqalə dərc olunub.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, yazıda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə noyabrın 26-da keçirilən Soçi görüşü barədə məlumat verilir. Qeyd olunur ki, bu görüşdə tərəflərin son bir ildə sülhlə bağlı göstərdiyi səylər rəsmiləşdirilib. Tərəflər sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara başlamaqla bağlı razılığa gəliblər.

Bildirilir ki, Birinci Qarabağ müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bakı ilə Yerevan arasında aparılan sülh danışıqlarının məzmununa toxunan Paşinyan bildirib ki, Qarabağın statusu yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində müəyyən edilə bilər. Həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq nəqliyyat və regional rabitə kanallarının açılması ilə bağlı aparılan danışıqlarda da müsbət nəticələr mövcuddur. Beləliklə, 2022-ci ilin Cənubi Qafqazda daha çox sülh və təhlükəsizlik vəd etdiyini düşünmək üçün mühüm əsas yaranıb.

Yazıda postmünaqişə dövründə Rusiyanın və Avropa İttifaqının tərəflər arasında vasitəçilik rolundan da danışılır. Bildirilir ki, 2022-ci ildə əsas qərarların Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli formatda keçirilən görüşlərində veriləcəyi ehtimal edilir. Bununla yanaşı, Avropa İttifaqının vasitəçiliyi ilə iki ölkə lideri arasında əlaqələr və görüşlər də baş tuta bilər. Eyni zamanda, 2022-ci ildə Azərbaycan və Ermənistan hökumətlərinin sərhədlərin delimitasiyası üçün işçi qruplarının yaradılmasını elan edəcəyi gözlənilir. Təbii ki, bu istiqamətdə atılacaq addımlar Azərbaycan – Ermənistan sərhədində vəziyyəti daha da sabitləşdirəcək. Bu prosesin hər üç ölkə tərəfindən tam dəstəklənməsi faktı regional sülh və təhlükəsizlik üçün əhəmiyyətli və perspektivlidir.

Məqalədə qeyd olunur ki, böyük ehtimalla Bakı və Yerevan regiondakı nəqliyyat və kommunikasiya məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı danışıqlarda razılıq əldə etməyə çalışacaqlar. Ötən il əldə olunan nəticələr bu proses üçün səmərəli zəmin yaradır.

Bildirilir ki, 44 günlük müharibədən sonra irəli sürülən “3+3” regional əməkdaşlıq təşəbbüsünün 2022-ci ildə bölgədəki problemlərin həlli və müzakirəsi üçün aktiv platformaya çevriləcəyi gözlənilir.

Xudaferin.eu

15:17