“Arabnews”: Ermənistanın Zəngəzur dəhlizinə əngəl törətməsi İpək Yolunun orta dəhlizi üçün problem yaradır

Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan nüfuzlu “Arabnews” qəzetində dərc olunmuş Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakışın “İpək Yolunun orta dəhlizinin əhəmiyyəti artır” sərlövhəli analitik məqaləsində Zəngəzur dəhlizinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında böyük önəmindən bəhs edilib.

AZƏRTAC xəbər verir ki, müəllif Ermənistan ərazisindəki Zəngəzur dəhlizində yaranan dar boğazın mühüm strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq yazıb: “Azərbaycanın Naxçıvan anklavı ölkənin əsas ərazisindən Ermənistana məxsus təxminən 60 kilometrlik dəhlizlə ayrılır. 2020-ci il Qarabağ müharibəsindən sonra Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan arasında atəşkəs əldə etmək üçün vasitəçilik edib. Atəşkəs sazişinin 9-cu maddəsində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Yazıda vurğulanıb ki, əgər Ermənistan Türkiyə ilə münasibətlərini bərpa etsə, bu dəhlizi yenidən aktivləşdirə və öz vətəndaşları üçün minlərlə, hətta on minlərlə iş yeri yarada və artan ticarətdən faydalana bilər. Dəhliz Araz çayının şimal sahilini izləyir. Lakin İran Naxçıvanla Azərbaycan arasında eyni çayın cənub sahilində yolun çəkilməsində maraqlıdır. Tehran Arazın şimal sahilində dəhlizin yaradılmasında ona görə maraqlı deyil ki, o, Azərbaycanı Naxçıvanla tam birləşdirmək istəyir, əksinə, Türkiyənin həm Azərbaycana, həm də Xəzər dənizinin o tayındakı Orta Asiya türk respublikalarına çatmaq üçün istifadə edəcəyi yola nəzarət etmək niyyətindədir”.

Məqalədə qeyd olunub ki, Ermənistan Laçın dəhlizi ilə bağlı analoji vəziyyətə normal baxır və bu vasitə ilə Qarabağdakı azsaylı ermənilərlə nəqliyyat əlaqəsi həyata keçirir. Azərbaycan isə, haqlı olaraq, Zəngəzur dəhlizinin də fəaliyyətə başlamasını tələb edir. “Əslində, Türkiyənin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Azərbaycanla alternativ quru yolu əlaqəsi var. Odur ki, Ermənistanın problem yaratması Türkiyənin Orta Asiya türk respublikalarına çıxışına heç bir maneə törətmir, Lakin Zəngəzur dəhlizi daha asan və yükdaşımalar üçün maliyyə baxımından daha sərfəli olacaq”, -deyə Y.Yakış vurğulayıb.

 

Oqtay Bayramov
Xudaferin.eu

 

16:41