Altay nəzəriyyəsinin puçluğu

APA TV-də yayımlanan “Səsli tarix” verilişinin növbəti mövzusu Altay nəzəriyyəsinə həsr olunub. Türklərin millət kimi Altay dağlarında formalaşdığı, bütün dünyaya, o cümlədən Cənubi Qafqaz və Anadoluya Altaylardan köçüb gəldiyini iddia edən bu nəzəriyyənin düzgün olmadığını bir çox elmlər isbat edir. Bu nəzəriyyə həmişə türklərin, o cümlədən Azərbaycanda yaşayan türklərin bu torpaqlarda gəlmə olduqlarını isbatlamaq üçün istifadə olunub. Müasir araşdırmalar isə türklərin Altaylardan bu torpaqlara gəldiyini deyil, əksinə qayıtdığını təsdiqləyir. Proqramın aparıcısı Kərəm Məmmədli Altay nəzəriyyəsini pus edən arqumentləri tamaşaçılara təqdim edir.
 
 
Altay sülalələrini gözdən salmaq üçün uydurulmuş nəzəriyyə
 
Altay nəzəriyyəsi dediyimiz nəzəriyyə XVIII-XIX əsrlərdə formalaşmağa başlayıb. Mahiyyət nədən ibarət idi? O dövrdə müstəmləkə işğalları olduğuna görə, çox vaxt ingilislər, portuqallar, fransızlar, ispanlar işğal etdikləri ərazilərdəki hakim sülalələri xalqın gözündən salmaq, eyni zamanda onların gəlmə olduqları haqqında miflər uydururdular.  Altay xalqları dedikdə Türk, Monqol, Mancur-Tunqus, Koreya və Yapon xalqları  nəzərdə tutulur. Altay dil ailəsini ona qohum olan bir dil ailəsi ilə birləşdirərək Ural-Altay dil ailəsi adlandırırlar. Ural xalqlarına özlərini suomi adlandıran finlər, uqorlar və saamayed (xantı-mansilər) daxildirlər. Altay xalqlarının bölgüsünə gəldikdə isə, 1-ci mərhələdə bunları 3 qismə ayırırdılar - türklər, monqollar, tunqus-mancurlar. Lakin sonradan Avropada aparılan araşdırmalar nəticəsində məlum oldu ki, yapon dili və Koreya dilləri də Altay dil ailəsinə daxildir. Mahiyyət isə ondan ibarət idi ki, bu xalqların əcdadları Altay dağları və onun ətrafında formalaşıb, ondan sonra müxtəlif istiqamətlərə yayılıblar. Dil ailələri ilə mədəniyyətlə, eyni zamanda antropoloji görünüşlə çox vaxt üst-üstə düşməyə bilər. Bu, tarixin qızıl qaydasıdır. Bəs o zaman Altay nəzəriyyəsi niyə uyduruldu? Yeganə məqsəd o dövrdə istər Avropanın bir qismində, istərsə də Asiyanın böyük qismində, Afrikanın şimalında hakimiyyətdə olan Altay sülalələrini gözdən salmaq, onların gəlmə olmasını təbliğ etmək idi.
 
Altay nəzəriyyəsini puçluğunu üzə çıxaran amil: mədəniyyət
 
Mədəniyyətə gəldikdə isə, məhz elə mədəniyyət faktoru Altay nəzəriyyəsinin puçluğunu üzə çıxarır. Məsələn, ilk yazı olaraq petroqlif yazılar qəbul olunur. Qobustandan tapılan şəkilli işarələr eynilə Sibirdə və Mərkəzi Asiyada tapılan yazı işarələri ilə üst-üstə düşür. İstər oradakı insan şəkilləri, maral şəkilləri, öküz şəkilləri yüzdə yüz eynidir, bir-birini təkrarıdır. Tarixdə qlottogenez deyilən anlayış var, yəni dil tarixi. Bir də kulturogenez var, yəni mədəniyyət tarixi. Ən nəhayət antropogenez, yəni insanların özlərinin mənşələri və kökləri. Məsələn, dil baxımından bütövlükdə, dünya xalqları 4 böyük qola ayrılırlar: amorf dillər, aqqlyutinativ dillər, flektiv dillər və polisintetik dillər. Məsələn, aqqlyutinativ və ya iltisaqi dillər deyəndə, bu, Ural –Altay dil ailəsinə, daha çox da Altay dil ailəsinə aid edilir. Yəni, bu dilin morfoloji quruluşu belədir ki, əvvəlcə isim gəlir, sonra təyin, tamamlıq və fel.  Amorf dillər dedikdə isə Çin dili nəzərdə tutulur. Məsələn, Çin dilində bir işarə bir sözü bildirir. Adicə düz çəkilmiş və yanlarında iki dənə aşağı çəkilmiş xətt varsa, bu kişi mənasını bildirir, eyni xətt yuxarı çəkilibsə, bu qadın mənasını bildirir. 3 dənə eyni çəkilmiş kişi bildirən heroqlif ordu deməkdir. 3 dənə qadın işarəsi bildirən şəkil qeybət deməkdir və sair. Bu cür dillərə amorf dillər deyilir. Bu dillərdə kök olduğu kimi qorunub saxlanır.
  Bəs flektiv dillər nə cürdür? Bu dillərdə söz önlükləri var, müəyyənlik, qeyri-müəyyənlik dərəcəsi var, bundan başqa, burada artıq fel isimdən sonra gəlir. Flektiv dillər Hind-Avropa dilləri və ərəb dilidir. Ərəb deyəndə mən təbii ki, bütövlükdə sami dil ailəsini nəzərdə tuturam, buraya həbəşlərin bir qisminin dili, yəhudi dili və müxtəlif qədim sami xalqlarının, akkadların, assuriyalıların dilləri daxildir. Hind-Avropa dilləri isə alman, ingilis, fransız, slavyan,və bəzi izolyasiya (təcrid) olunmuş xalqların  dilləridir.
   Polisintetik və ya inkarpasiya edən dillərrdə isə hazırda ancaq Kamçatkada və Çukotkada yaşayan əhali danışır. Buna da elə çox zaman bu dillərə Çukotka-Kamçatka dil ailəsi deyilir. Bu dildə danışanlara çukçalar, koryaklar daxildir.
   Qlottogenezlə məşğul olan alimlər qeyd edirlər ki, ən qədim dillər iltisaqi dillərdir. Nəyə görə? Alman dilində deyirsən ki, “mən şəhərə gedirəm və yaxud kəndə gedirəm” - Ich gehe in Dorf”, “ich” – mən, “gehe” – gedirəm, “in Dorf” – kəndə. Biz nə cür deyirik? “Mən kəndə gedirəm”. Rus dilində isə deyilir – “Я еду в город”. Ancaq   Çukotka-Kamçatka dil ailəsi deyir ki “şəhərləyirəm”. “Şəhərləyirəm” o deməkdir ki, “mən şəhərə gedirəm”. Bu fikri amorf dillərdə izah etmək üçün bir düz xətt çəkilir, o düz xətt iki yerə bölünür, yəni yerimək işarəsi bildirir və şəhər mənasını ifadə edir.
 
Qafqazdan xalqları deportasiya etmək üçün uydurulmuş sovet nəzəriyyəsi
 
Danimarka alimi Murrey Helman deyir ki, “əgər dillərin tarixinə fikir versək, morfoloji, sintaksis və fonetik baxımdan ən qədim dillər türk dilləridir”. Bəs keçmiş SSRİ-də alimlər hansı mövqedən çıxış edirdilər? Təbii ki, nəzərə alsaq keçmiş SSRİ türk xalqlarına o qədər də “məhəbbəti” ilə seçilmirdi və daha çox türklərin daima Monqolustan ərazisindən, Mərkəzi Asiyadan gəldiyi təbliğ olunurdu. Bu proses xalqların deportasiyası dönəmində daha çox qızışdı. SSRİ-də bir addım atılmazdan əvvəl onu “elmi baxımdan” əsaslandırmağa çalışırdılar. Qaraçayları, balkarları, Ahıska türklərini deportasiya edən zaman bunu belə əsaslandırıdılar - “siz oradan gəlmisiniz, ora da qayıtmalısınız”. Eyni zamanda, Cənubi Qafqazda ən çox çoxsaylı xalq olan Azərbaycan türklərini gəlmə elan etməklə sanki onları buradan sıxışdırıb çıxarmağa çalışırdılar.
 
Ötən əsrin əvvəllərində nostratik dil ailəsi deyilən bir nəzəriyyə yaradılmışdı. “Nostra” sözünün özü  “ bizimki” deməkdir. Qədim dil ailələrindən danışdıqda vaxtilə deyirdilər ki, bütün xalqlar bir  dildə danışıb və bu dil qrupundan başqa dillər ayrılıb. Semit-Hamit, Hind-Avropa və Türk dillərini də buraya daxil edirdilər. Niyə? Çünki leksemlərin müqayisəsi zamanı məlum olmuşdu ki, türk dili nostratik dillərdən biridir, əgər belə olmasaydı, onda o biri dillər arasında heç bir əlaqə ola bilməzdi.
 
Türk kafası - dolixokefal
 
Prosesi təkcə, dil nümunələri əsasında izah etmək düzgün deyil. Yəni, tarix elmi dedikdə, bizə bir ümumi bir fikir deyirik, tarix. Axı tarixin özünün köməkçi fənləri var, lap zirvədə duran və faktları danılmaz olan sahələr var. Məsələn, antropologiya. Bəs antropologiya elmi nəyi deyir? Dünya xalqları baş quruluşuna görə 3 qismə ayrılırlar: dolixokefal, mezokefal və braxikefal. Bunlar baş ölçüsünə əsaslanan sistemdir, İsveç alimi Retsius tərəfindən kəşf edilib. Retsiusun xüsusi pərgarı var idi. Başın əvvəl eni, sonra uzunu ölçülürdü. Başın eninin uzununa nisbətinin 100-ə vurulması nəticəsində alınan rəqəm baş indeksi adlanır. Əgər alınan rəqəm 76-dan azdrısa, bu cür baş quruluşuna “dolixokefal kəllələr” deyilir. 76-80.9-a qədərdirsə, bu başlar “mezokefal” adlanır. 81-dən yuxarı olanlara isə “braxikefal” deyirik. Bəs Altay xalqları yaşayan regionda bu təsnifat necədir? Məsələn, Cənubi Qafqazdan tapılan ilk “homo sapiens” Firuz düşərgəsindən aşkar edilən, yəni Qobustandan tapılan insan kəllələridir. 11 kəllə sümüyündən ikisini ölçmək mümkün olub. Məlum olur ki, baş quruluşuna görə, bu adamlar “dolixokefal”dırlar. Sonrakı mərhələdə Neolit dövrü abidələrindən Çiatura yaxınlığından tapılan kəllə “broxikefallığa” meyllidir. Qalan bütün tapıntılar isə “dolixokefal”dır. Kür-Araz mədəniyyəti dövründə tapılan bütün kəllələr öz baş quruluşuna görə “dolixokefal”dırlar. Qəribə burasıdır ki, hayların Qafqazda qədim xalq olduğunu daima gözə soxmağa çalışan Valeri Pavloviç Alekseyev özü də etiraf edir ki, “dolixokefal”  kəllə quruluşuna malik insanlar türklərdir. Türkləri çox vaxt nədə qınayırlar? Deyirlər, guya türklər köçəri maldar olublar və Altaylardan iki istiqamətdə Şərqə doğru irəliləyiblər. Bir istiqamət Volqaboyu istiqaməti olub, ikinci istiqamət isə Xəzər dənizinin güneyi olub. Və onlar getdikləri bölgələrdə mədəniyyət qura-qura gedirlər. Və sonda biz nə ilə rastlaşırıq? Görürük ki, Afanasyevo və Andronovo mədəniyyətlərinin qurucuları ilə Cənubi Qafqazdakı  mədəniyyət qurucularının kəllə indeksləri eynidir.  Və “Yamnaya kultura” deyilən bir şey var, yəni Çuxur mədəniyyəti. Bu mədəniyyətin yayılma arealı  Sibirə qədər gedib çıxır. Sibirdə biz nə ilə rastlaşırıq? Pazrıq kurqanlarından tapılan xalçalardakı şəkillərlə. Ruslar özləri də etiraf edirlər ki, şəkildəki adam antropoloji cəhətdən qafqazlıdır.
 
Çaxavaşvili və Vitrov: Gürcü və ermənilər Cənubi Qafqaza gəlmədir
 
Və əgər Qafqazdan danışırıqsa, görkəmli gürcü dövlət xadimi və mütəffəkkiri İvane Çaxavaşvilinin 1916-cı ildə nəşr olunmuş “Gürcü xalqının tarixi” əsərinə istinad etməliyik. Orada Çaxavaşvilinin gözəl bir etirafı var. Deyir ki, antropologiya elmi baş quruluşuna görə xalqları 3 qola ayırır. Bunların ikisi əsasdır: dolixokefal və braxikefal. Və ardınca əlavə edir ki, Qafqazın qədim qəbirlərindən tapılan kəllələrin əksəriyyəti “dolixokefal”  olduğuna görə biz qəbul etməliyik ki, ermənilər və gürcülər bu bölgəyə gəlmədir. Və sonradan əlavə edir ki, bu fikri hətta Virxov da təsdiq edir. Bəs Virxov özü kimdir? O, Avstriya-Macarıstan İmperator Akademiyasının antropologiya üzrə mütəxəssisi idi. Virxov araşdırmalardan sonra haqlı olaraq, ermənilərin və gürcülərin Cənubi Qafqaza gəlmə olduqlarını söyləməyə məcbur idi.
 
Daha bir arqument: Buz təbəqəsi üzərində dil formalaşa bilərmi?
 
Türklərin dünyaya Altay dağlarından yayıldığı iddiasını alt-üst edən daha bir arqument. Adicə Bakıda -5 dərəcə şaxta olanda yaşananları göz önünə gətirin. Amma mezolit dövrünə qədər Avropanın böyük bir hissəsi, eləcə də bugünkü Sibir daxil olmaqla böyük ərazilər buz təbəqəsinin altında idi. Bəzi yerlərdə buz təbəqəsinin qalınlığı 1,5 km-ə çatırdı. Belə bir yerdə insan formalaşa bilərdimi? Təbii ki, yox. Nitqə gəldikdə, nitq Üst Paleolitdə formalaşıb, 40 min il bundan öncə. Və 40 min il bundan öncə yer kürəsinin hansı hissələrində yaşayış var idi? O buzun içərisində türk dilləri formalaşa bilərdimi? Təbii ki, xeyr.
 
Hayların dil irsi: həbəş əlifbası və pəhləvi dili
 
Bəs Altay nəzəriyyəsinin tərəfdarları nəyi əsas götürürlər? Deyirlər ki, Cənubi Qafqazda türk dilində yazılı mənbələr olmayıb. Guya Cənubi Qafqazda gürcü və erməni dilinin yazısı olub? Kilsə ədəbiyyatını hansısa etnosa aid etmək düzgün deyil. Yəni, hay dediyimiz ermənilərin əlifbası əslində həbəş əlifbasıdır. Elmdə ona amxara əlifbası deyilir. Və bu gün o amxara əlifbası din əlifbasıdır, dil əlifbası deyil.  Çünki o əlifba ilə daha çox dini kitablar yazılırdı. Və hay dediyimiz adamların dilləri də 2 mərhələdən keçmişdir – qrabar və aşxarabar. Qrabar dilinin 60 faizdən çoxu, aşxarabar dilinin isə 32 faizi pəhləvi sözləridir. Bunu erməni alimləri özləri də etiraf edirlər. Məlum olur ki, pəhləvi dili ilə qrabar hay dili 62 faiz eynidir. Dünya alimlərinin əksəriyyəti bunu qəbul edir ki, Hind-Avropa dil ailəsi dediyimiz dil ailəsi Qafqazdan kənarda formalaşıb. Bilirsiniz, qəribə məntiq yaranır. Buzlaq olan yerdə guya türk dili yaranıb, Qafqazda isə Hind-Avropa dil ailəsi təmsil olunmayıb. Bəs onda kim, hansı millət danışıb burada? Çox vaxt deyirlər, buranın əhalisi Qafqaz dil ailəsində danışıb. Və həmin Qafqaz dil ailəsi ilə bağlı tədqiqat aparan alimlər  deyirlər ki, Qafqaz dil ailəsində danışan ən çoxsaylı xalqın - gürcülərin dili iltisaqi dil sisteminə daxildir. İltisaqi dil sisteminin də ən çox yayıldığı bölgə Altay xalqlarıdır. Necə olur ki, həm gürcülər, həm də Altay xalqları da iltisaqi dil sistemində olur? Sizcə, burada kim kimin təsiri altında olub?
 
Günəşi ovlayanlar, Günəşin ardınca gedənlər
 
O dövrün tarixi coğrafiyası baxımından mezolit dövründən başlayaraq, yəni 11-13 min il bundan əvvəl o buzlaq dediyimiz təbəqə yavaş-yavaş əriməyə başlayır. Buzlaqlar əridikcə cənuba və şimala doğru sürüşə-sürüşə gedir. O zaman Qafqazda, Ön Asiyada yaşayan tayfalar iki istiqamətdə “günəşin ardınca” getməyə başlayırlar. Hətta bununla Peterburqda müəllimimiz Rudolf Ferdinandoviç İtsin qalın bir kitabı var idi – “Oxotniki za solnçem”, yəni “Günəşi ovlayanlar”. “Günəşi ovlayanlar” deyəndə türk xalqlarını nəzərdə tuturdular, yəni günəşin ardınca, gündoğana doğru hərəkət edənlər. Gündoğan haradadır? Altaylarda. Və bunu biz nə ilə sübut edirik? Deməli, neolit dövründə mövcud olan antropoloji tiplər neolitin sonuna yaxın artıq Volqaboyunda və Orta Asiyadadır. Tunc dövrünə yaxınlaşdıqca dolixokefal kəllələri Sibirdə görürük. Deməli, türklərin köçü Altaylardan bura deyil, buradan Altaylara doğru olub.
 
Qafqazda tapılmış ən qədim kəllələrin hamısı türk başıdır
 
Biri var elmi ifadə, biri də var pafosla deyilmiş romantik ifadə. Əgər biz elmi dildə desək, bəli, Azərbaycan antropogenez zonasıdır, yəni insanın mənşəyi ilə bağlı bir regiondur. Bu regionda tapıntılar Azıx mağarasından, Qobustan mağarasından, Damcılı mağarasından Daşsalahlıdan tapılıb. Bu gün Ermənistan Respublikası adlanan, o dövrdə adına belə rast gəlmədiyimiz o ərazilərdə, indiki İrəvan və Göyçə gölünün ətrafında kəllələr tapılıb. Həmin kəllələrin baş quruluşları eynidir. Əgər biz bura gəlmə idiksə, niyə Azərbaycan türklərinin baş indeksi ilə 11-13 min il bundan əvvəl yaşayan insanın baş indeksi eynidir? Özünü qədim  elan edən xalqların baş göstəricisi isə üst-üstə düşmür?
 
Türk irqi: Avropoid, yoxsa monqoloid?
 
Altay xalqlarının Hind-Avropa görkəmində olmasını bütün rus alimləri təsdiqləyir.Çünki Çin mənbələrində hunları təsvir edərkən onları sarışın, göygöz deyə təqdim edirlər və deyirlər ki, bunların gözləri bizim gözlərdən deyil, boyları ucadır. Və çox vaxt təəssüf ki, bəzən elmi ədəbiyyatda qədim Altay xalqlarını monqoloid görkəmində təsvir edirlər. Xeyr, qədim prototürklər, yəni əcdadlarımız monqoloid olmayıblar. Monqoloid irqi sonradan, Sibir ərazisində yaranıb. Yəni, indiki Vyetnamın və Çinin cənubundan gələn tayfalar Sibirdə yerli xalqlarla, Qafqazdan gedən prototürklərlə qarışdılar, sonradan onlarda monqoloid əlamətləri üzə çıxdı.
 
Yunan mənbələri: Skiflər hundur
 
Sovet dövründə bir klassik doktrina qoyulmuşdu. Bu doktrinaya görə Türklər bu torpaqlara gəlmədir. İddia olunurdu ki, oğuzlar belə hətta indiki Azərbaycan ərazisinə 11-ci əsrdə gəliblər. Sonradan bu mövqedə bir yumşalma prosesi getdi.” İnsafa gəldilər”, tarixi IV-VI yüzilliklərə endirdilər. Və sovet tarixşünaslığı bu iddianı irəli sürərkən guya yazılı mənbələr istinad edirdi. Yaxşı, yazılı mənbələrə vicdanla yanaşırıqsa, onda niyə biz Menandrın yazdığını, Prokopi Kesariyskinin yazdığını, Prisk Pontiyskinin yazdığını əsas götürmürük? Bunlar tər-təmiz yunan dilində yazıblar ki, əvvəllər skif adlandırılan xalq indi hun adlanır. Bəs skiflər nə zamandan yaşayır Azərbaycan ərazisində? E.ə. VII əsrdən. Və yenə həmin rus alimləri özləri etiraf edirlər ki, Manna mədəniyyəti yüzdə yüz skif mədəniyyətinin eynidir. Skif kompleksi nədir – mərhumun atı, qılıncı və üzərində heyvani üslubda çəkilmiş rəsm əsəri olan  qabla dəfn olunması.
 
Altay dağlarından Qafqaz və Anadoluya, yoxsa bu yerlərdən Altaya?
 
Ötən əsrin 70-ci illərində kosmosdan nəyi müşahidə etdilər? Mərkəzi Asiyaya gedən və Mərkəzi Asiyadan gələn ox formasında işarələr var. O işarələri Aran adlandırdılar. Aran əslində nədir? Aran indi də işlənir. Aran dediyimiz yer ov məkanı deməkdir, yaşayış məkanı, daha sonra Arran şəhər formasını aldı. Və həmin ox işarələri kosmosdan baxanda nəyi göstərir - Mərkəzi Asiyadan Qafqaza doğru, Qafqazdan isə Mərkəzi Asiyaya yönələn ox uclarını. Bu ucları yerdə daşlardan sümük şəklində düzəldirdilər. Amma kosmosdan görünəndə möhtəşəm görünür. Aran işarəsi deyilən bu işarələr əvvəlcə burdan ora doğru gedir, IV yüzillikdə isə ordan buraya doğru gəlməyə başlayır. Sovet tarixşünaslığı isə adını çəkdiyim o yazılı mənbələri qəsdən unutdurur.
 
Xəzər sahilində yaşamış bütün qədim xalqlar türk dilində danışıblar
 
Məsələn, Parsepol yazılarında Xəzər dənizinin qərb sahillərində hunların yaşadığı haqda məlumat var. Pomponella, Böyük Plininin əsərlərində yenə Xəzərin qərb sahillərində hunların yaşaması haqqında məlumat var. Eramızın I əsrində yaşamış Dionisi Periegetin xəritəsində hunların yaşadığı ərazi olaraq konkret indiki Azərbaycanın ərazisi göstərilir. Heredotun əsərində saspirilərin, yəni sabirlərin indiki Qərbi Azərbaycan ərazisində yaşadığı qeyd olunur. Şumerlərin özlərini kəngər adlandırması faktı və hazırda Azərbaycanda kəngər adını daşıyan minlərlə yaşayış məntəqəsinin olduğu gözüyumulu unutdurulur. Gürcü alimi Abduşelişvilinin Samtavro qəbiristanlığında apardığı qazıntılar zamanı üzə çıxardığı kəllələr baş quruluşuna görə şumer döyüşçüləridir. Amma şumerlərin türk olması unudulur. İndiki İranın ən qədim dövlət qurumu Elam idi. Amma elamlıların  göyə göy deməsi, Tanrıya Tanrı deməsi unutdurulur və yüz cür şey uydurulur elamlar haqqında. Ancaq bir şeyi etiraf etməyə məcburdurlar - elamlılar, kaspilər, qutilər, lullubilər, kassitlər, kadusilər, aqqlyutinativ dil sistemində danışıblar. Aqqlyutinativ dil sistemində isə dediyimiz kimi, əsasən türk xalqları danışırlar.
 
Koreyalıların bir qismi mənşəcə türkdür
 
Deyirlər ki, tunqus, mancur, monqol və türk dilləri bir kökdən ayrılmayıb. Bir dilin o biri dillərə təsiri nəticəsində formalaşıb. Bunlar tamamilə fərqli şeylərdir. Yəni, Qərbdə formalaşan türk dili Şərqə doğru gedərək o dillərə təsir edib. Ədəbi dil monqollarda gör nə vaxt yaranıb? Bütün monqolların bir-birini başa düşə biləcəyi dil XI əsrdə formalaşdı. Hansı ki, bu dövrdə türk dilində artıq “Kitabi Dədə Qorqud”  VII yüzillikdən meydana çıxmışdı. Ona görə onların bir kökdən olması mümkün deyil. Onlar bir kökdən olmuş olsalar idi, hamısının ədəbi dili eyni vaxtda yaranmalı idi. Əksinə, türk dillərinin o dillərə təsiri nəticəsində monqol və tunqus-mancur dilləri formalaşdı, eyni zamanda yapon və Koreya dilləri. Məsələn, koreyalıların dilləri koqurye və pekçe qollarına bölünür. Pekçelərin türk olduqlarını hazırda Koreya alimləri təsdiq edirlər. Pekçelər süvarilər idilər, ölülərinin məzarı üstündə kurqan qururdular.
 
Kurqan mədəniyyəti - başçı türk, qullar qeyri-türk
 
Kurqan mədəniyyəti demişkən. Bu tip qəbirlərdə biz hansı qəribəliklə rastlaşırıq? Bunu Azərbaycan ərazisində daha çox Resler araşdırıb. Xəzər hövzəsində və indiki Ermənistan dediyimiz ərazinin şimal bölgələrində və Qarabağda. Nə ilə rastlaşırıq? Deməli, kurqan adlı-sanlı adam üçün qurulardı. Sinifli cəmiyyət təzə yaranmağa başlasa da, başçı ya sərkərdə olurdu, ya da başqa hökmdar statusunda olan adam. Antropoloqlar nəyi müşahidə edirlər? Hansı insan üçün kurqan düzəldilirsə, onun baş quruluşu “dolixokefal”, ətrafında basdırılan qul-qarabaşları isə “braxikefal”dır.   Və burada istər-istəməz Assuriya mənbələrində niyə hay sözünün qışqıran qullar mənasını ifadə etdiyi məlum olur. Yəni, indiki hayların əsilləri Cənubi Qafqaza qul kimi gətirilmişdi.
 
Genetikanın şah əsəri - qaplaqrammalar
 
Hazırda, antropologiyada təkcə, baş quruluşuna görə deyil, eyni zamanda qaploqrammalara görə tədqiqatlar aparılır. Bəs tədqiqatlar nəyi göstərir? Sırf avropoid – E xromosomu olan E1-ə bütün türk xalqlarında rast gəlinir. Yakutlardan tutmuş, Dobruca türklərinə qədər, Kipr türklərinə qədər hamısında E1 xromosomu var. Monqoloidlərə aid edilən N, O və G qaploqlammalarına ümumiyyətlə türk xalqlarında rast gəlinmir. Bu qaploqrammaya yalnız tuvalılarda, bir az da yakutlarda rast gəlmək olar. Onlar da təbii ki, ömür boyu monqollarla təmasda olmuş bir xalqlardır. Lakin nə Qafqaz türklərində, nə də Anadolu türklərində, nə Kiprdəki türklərdə, türkmənlərdə, Həştərxan türklərində, Qazan türklərində bu qaploqrammaya rast gəlinmir. Qaploqramma isə genetikanın əsasıdır. Və mən güman edirəm ki, gələcəkdə bu tədqiqatlar davam etdiriləcək.
 
Rusların qanında türk genləri
 
Məsələn, bəzi rus alimləri sevinə-sevinə bəyan etdilər ki, E1 qaploqramması ruslarda da tapılıb. Mən bunu başqa cür izah edərdim. Həm də rus mənbələrinə istinadən. Həmin rus mənbələrində deyilir ki, türklər və avarlar, daha doğrusu, Avar türkləri Karpat ətrafına tam yerləşəndən sonra qışda mal-qaranı uşağa tapşırar, özləri Karpat dağlarına qalxardılar. Və Karpat dağlarındakı slavyanların qadınlarından öz arvadları kimi istifadə edərdilər. Bu qaploqrammalar onun nəticəsidir. VII yüzillikdə yaşamış orta əsr tarixçisi Fredeqard təsvir edir ki, hunlar bütün qış boyu slavyanların qadınlarından öz arvadları kimi istifadə edər, uşaqları buyurub çağırar, yazda isə yenidən öz məskənlərinə qayıdardılar. Bax, bu qaploqrammalar o münasibətlərin nəticəsidir. Onu da deyək ki, Fransa imperatoru Napoleonun bir məşhur sözü var, bu sözü Rusiya prezidenti Putin də təkrarladı ki, “poskrebi russkoqo naskrebyoş tatarina”, yəni rusu çox qaşısan, altından tatar çıxar. Napoleonun məğlubiyyəti ilə bağı bir faktı unudurlar. O zaman Rusiya tərəfdən müharibədə başqırdların 18 alayı iştirak edirdi. Fransanın o vaxtkı xarici işlər naziri Taleyran öz gündəliyində yazırdı ki, min il keçdikdən sonra bu dəfə hunlar deyil, hunların törəmələri Paris küçələrindən zəfər marşı ilə keçdilər. O, başqırdları nəzərdə tuturdu.
 
Norveç xalqı - Xəzər sahilindən köçmüş prototürklər
 
Türk xalqları daha çox Avrasiya regionuna bağlıdır. Qurşaq formasında götürsək, bu bütün mülayim qurşağı əhatə edir. Rus dilində soyuğun, şaxtanın bir neçə sinonimi var. Biz isə yalnız soyuq deyirik. Bu nə ilə bağlıdır? Çünki bizdə şiddətli şaxtalar olmayıb. Tur Heyerdal deyir ki, bugünkü Atlant-balt irqi tipinin nümayəndələri Xəzər  dənizinin qərb sahillərindən şimala doğru hərəkət ediblər. Yəni, Heyerdal norveçlilərin kökünü Xəzərin qərb sahilləri ilə bağlayır.
 
Ari irqin yeganə nümayəndəsi - türklər
 
Altay nəzəriyyəsinin əsassız, uydurma olduğunu isbatlayan daha bir nəzəriyyə var - ariçilik nəzəriyyəsi. Yəni, ari deyəndə səhvən hindlilər nəzərdə tutulur. Kökündən yanlışdır. Arilər baş indeksinə, baş quruluşuna görə dolixokefal olublar. Ari sözü heç bir Hind-Avropa dillərində heç bir məna ifadə etmir. Yalnız türk dillərində ari, “arı”, “təmiz” deməkdir. Atalar sözümüzü xatırlayaq - aydan arı, sudan duru.

Xudaferin.eu
 

00:11