ABŞ Rusiyadan əl çəkmir - son aylardakı qarşıdurmanın pərdəarxası

ABŞ və Rusiya arasında Qara dəniz üzərində son aylarda yaranan gərginlik artan xətlə gedir. Birləşmiş Ştatların bombardmançılarının və qırıcılarının Rusiya hava sərhədinin yaxınlığından keçib, uçuşlar həyata keçirməsi mütəmadi hal alıb. Son olaraq, Rusiya Hava Qüvvələrinin komandanı, general-polkovnik Sergey Surovkin bununla bağlı xarici hərbi attaşelərə brifinq verib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, general Surovkin həmin manevrlər zamanı azı bir Amerika kəşfiyyat təyyarəsinin Rusiya sərhədlərinə 15 kilometrə qədər yaxınlaşdığını bildirib.

Göründüyü kimi, vəziyyət durmadan gərginləşir və çoxsaylı suallar yaranır. Əsas suallardan biri rəsmi Vaşinqtonun Kremlə nəyin  bədəlini ödətdiyi yönündədir. Eyni zamanda şimal qonşumuzun buna necə cavab verəcəyi ətrafında da ciddi müzakirələr gedir. Müzakirələrin əsasını isə dünyanın iki nəhəng supergücü arasında müharibə ehtimalı təşkil edir. Ekspertlər hesab edirlər ki, ABŞ bu yollarla dünyadakı əsas rəqibini keçmiş sovet məkanındakı iddialarından, niyyətlərindən geri çəkilməyə məcbur etmək istəyir. Bu təhdidlərə olan səbəblər sırasında Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz məkanı da göstərilir. 

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə məsələyə bu cür şərh verdi: “Rus hökuməti son siyasi addımları, işğalları və cürbəcür aqressiv bəyanatları ilə imkan axtarır ki, yenidən hərəkətə keçsin, yeni torpaqlar zəbt etsin. Bu Ukraynadırmı, Belarusdurmu, Baltikyanıdırmı? Ukraynanın Qara dənizdə olan Odessa vilayətinə də göz dikiblər. Açıq-aşkar Putin deyib ki, biz torpaqlarımızın 41 faizini itirmişik. Müstəqillik qazanan ölkələri nəzərdə tutub bu fikirləri deyir.  Özü də ”itirdiyimiz torpaqları qaytarmalıyıq" deyir. Əslində bu cür yollarla Rusiyanın keçmiş sovet məkanından imtina etməsinə nail olmaq istəyirlər. Çünki dediyim kimi, Rusiya tərəfi o yerlərə qayıdacağını deyir, həmin əraziləri öz torpaqları hesab edir. Ona görə də ABŞ onun sərhədinə doğru gedir ki, Rusiyanın elə addımlar atmasına imkan verməsin. Əks təqdirdə, Kreml addımlarını atacaq. Çünki Putin olduqca qətiyyətli və axmaq adamdır".

Hikmət Hacızadə: “Jirinovskini tibbi müayinədən keçirmək lazımdır”

Hikmət Hacızadə: “Amerika Rusiyanın sərhədinə doğru ona görə  gedir ki...”

Politoloq Amerikanın son addımlarına şimal qonşumuzun necə cavab verə biləcəyindən də danışdı: “Əslində Rusiyanın Amerikaya layiqli cavab verməyə gücü yoxdur. Öz təyyarələrini, gəmilərini ABŞ sərhədinə göndərə bilməz. Ancaq cürbəcür cavabları ola bilər. Məsələn, başqa yerlərdə nəsə bir münaqişə törədə, yaxud başqa addımlar ata bilər. Gedər Venesuelada Maduroya kömək də edə bilər, necə ki etdi də. Belə cavablar mümkündür. Bunu etməyə də çalışacaq”.

Sabiq səfir iki ölkə arasında böyük müharibənin baş verəcəyini istisna edir: “Böyük müharibə gözlənilmir. Amma xırda münaqişələr, toqquşmalar ola bilər. Hərbi təyyarələrin, gəmilərin üz-üzə gəlməsi də mümkündür”.

H.Hacızadə də Rusiyaya yönəlik bu təzyiqlərin, təhdidlərin olmasına səbəblərdən biri kimi Dağlıq  Qarabağ münaqişəsini görür: “Burada Rusiyanın siyasəti, davranışları və addımlarından doğan bütün səbəbləri axtarmaq lazımdır. Qarabağın da burada olmasını istisna etmirəm. Abxaziya və Osetiya da burada var. Donbas və Krımı da burada axtarmaq lazımdır”.

Politoloq İlyas Hüseynov deyir ki, iyul ayının əvvəlindən bəri Amerikanın kəşfiyyat təyyarələrinin Rusiya sərhədlərinə yaxınlaşması haqqında on dəfədən çox bildirilib: “Avqust ayının əvvəlində Rusiyanın Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat verdi ki, Şərqi Hərbi Dairənin 3 Su-35 qırıcısı ABŞ-ın Oxot dənizi üzərindəki strateji bombardmançı təyyarəsini tutmaq və müşayiət etmək üçün havaya qalxıb. Rusiyanın dövlət sərhədinə yaxınlaşan ABŞ Hərbi Hava Qüvvələrinin B-1B strateji bombardmançısı Sakit Okeanın neytral suları üzərində aşkar edildi. 

STM-in baş məsləhətçisi İlyas Hüseynov CBC telekanalının rusdilli  versiyasına müsahibə verib – VİDEO » Altaba.az - Sosial İnformasiya  Agentliyi

İlyas Hüseynov: “ABŞ-ın bu təhdidlərinə Rusiyanın cavabını da yaxın zamanda izləyə bilərik”

Eyni zamanda qeyd olunurdu ki, Rusiya təyyarələrinin uçuşu “beynəlxalq qaydalara uyğun olaraq” həyata keçirilmişdi və ABŞ Hərbi Hava Qüvvələrinin B-1B strateji bombardmançı təyyarəsinin dövlət sərhədini pozmasına icazə verilmədi.

Sözügedən insidentdən sonra Rusiyanın Müdafiə Nazirliyi Qara dəniz üzərindəki ABŞ hərbi təyyarələrini nümayiş etdirdi. Kadrlarda ABŞ Hərbi Hava Qüvvələrinin RC-135 kəşfiyyat təyyarəsi və ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A Poseydon patrul təyyarəsi göstərildi. Bu insidentdə isə Rusiyanın dövlət sərhədinə doğru uçduqları üçün "Su-27" qırıcısı havaya qaldırıldı. Amerikanın təyyarələri istiqamətini dəyişdirdikdən sonra Rusiyanın təyyarəsi hava limanına qayıtdı. 

Qeyd olunan insidentlərin davamlı xarakter alması onu göstərir ki, ABŞ Rusiyaya müəyyən mesajlar ötürmək niyyətindədir. Amerika strateji bombardmançılarının və qırıcılarının Rusiya hava sərhədinin yaxınlığından keçib uçuşlar etməsi Rusiya üçün siqnal olmalıdır. ABŞ ən müasir texnikasını havaya qaldırmaqla əzələ nümayişi həyata keçirir. Hazırkı durumda silah bazarında böyük hərəkətlilik müşahidə olunmasa da, hərbi texnikaların üstünlüyünün müqayisəsi hər zaman öz aktuallığını qoruyur. ABŞ-ın bu təhdidlərinə Rusiyanın cavabını da yaxın zamanda izləyə bilərik. Son dövrlər Rusiyanın hibrid müharibələr sahəsində fəallığı xeyli artıb. Bu da müasir beynəlxalq münasibətlər sisteminin hərbi-texniki və siyasi cəhətdən transformasiyasına səbəb olub".

xudaferin.eu

09:50