“ABŞ-da yaşamış şuşalı professor Qəmər Ağaoğlu” – Vilayət Quliyev yazır

Ötən əsrin 30-cu illərinin məsafə və miqyasları baxımından bizdən olduqca uzaqda yerləşən Amerikada çoxlu sayda azərbaycanlının yaşadığını iddia etmək çətindir. Həmin dövrün “Amerika azərbaycanlısı” dedikdə ilk yada düşən heç şübhəsiz, məşhur soydaşımız – islam incəsənəti sahəsində görkəmli mütəxəssis, məşhur “Ars İslamika” jurnalının naşiri və baş redaktoru Mehmet Ağa-Oğlu (Məhəmməd Həsən oğlu Ağayev, 1896-1949) olur. II Dünya müharibəsindən əvvəlki illərdə ABŞ-da ondan başqa universitet professoru səviyyəsinə yüksələn, elm xadimi kimi ad-san qazanan digər Azərbaycan türkünün olduğunu düşünmək isə ümumiyyətlə inandırıcı təsir bağışlamır.

Lakin nə qədər qəribə görünsə də, ötən əsrin 40-ci illərindən başlayaraq ABŞ-da, Miçiqan universitetində professor Mehmet Ağa-Oğlundan az tanınmayan belə bir həmvətənimiz çalışırdı. Onun da elmi axtarış və tədqiqat sahəsi gözəl sənətlərlə bağlı idi. Daha dəqiq desək, müasirləri arasında Cənub-Şərqi Asiya və Uzaq Şərq keramikası sahəsində nüfuzlu və seçkin mütəxəssislərdən biri kimi tanınırdı. Ömür yolunun mühüm bir hissəsi də Mehmet Ağa-Oğlu ilə yanbayan keçmişdi. Maraqlıdır ki, onun da soyadı Ağa-Oğlu idi.

Söhbət görkəmli sənətşünas-alim, Mehmet bəyin birinci həyat yoldaşı, əslən Şuşadan olan professor Qəmər Ağa-Oğludan gedir.

Adı hətta ölkəmizin elmi dairələrində də demək olar ki, heç kimə bəlli olmayan soydaşımız – ABŞ-nın ilk qadın incəsənət professorlarından və muzey mühafizlərindən biri kimi şöhrət qazanmış Qəmər Ağa-Oğlu haqqında söhbətə bir qədər uzaqdan başlamaq lazım gələcək.

Qəmər xanım əslən Şuşadan idi. Atası, Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanbəyov (1859-1920) istər çarizm, istərsə də Azərbaycan Cümhuriyyəti dönəmində Gəncə və Bakı quberniyalarının müxtəlif yerlərində pristav və qəza rəisi kimi çalışmışdı. Həm əsilzadə ailəsindən olması, həm də tutduğu vəzifə təbii şəkildə qırmızı terrorun ilk qurbanları sırasında yer almasına gətirib çıxarmışdı.

Azərbaycanda bolşevik çevrilişindən az sonra Qəmər anası Xeyransa xanım, bacıları və qardaşı ilə birlikdə Türkiyəyə mühacirət edə bilmişdi. Bu işdə onlara atalıq edən dayısı Hüseyn bəy Mirzəcamalovun (1884-1974) böyük rolu olmuşdu.

Hüseyn Mirzəcamalov XX əsrin əvvəllərində milli ziyalıların tanınmış nümayəndələrindən idi. İqtisadiyyat sahəsində ali təhsil alsa da klassik Azərbaycan ədəbiyyatının və zəngin Şərq mədəniyyətinin mahir bilicisi, incə ruhlu qəzəllər müəllifi kimi tanınırdı. I Dünya müharibəsi illərində Müsavat partiyasına qoşulmuşdu. Tiflisdə və Bakıda Azərbaycan türklərinin mədəni və ictimai sahədəki fəaliyyətlərinin təşkilində fəallığı ilə seçilmişdi.

Cümhuriyyətin ilk günlərindən tərəddüdsüz milli dövlətə xidmət yolunu tutmuşdu. Fəaliyyətə başladığı ilk gündən Azərbaycan Parlamentində qanunvericilik şöbəsinə rəhbərlik etmişdi. 1919-cu il dekabrın 7-də daxili işlər nazirinin şəxsi katibi, gənc şərqşünas alim Məhəmməd Ağayev (gələcək Mehmet Ağa-Oğlu) ilə birlikdə Parlament nəzdində fəaliyyətə başlayan İstiqlal Muzeyinin qurulmasında mühüm xidmətləri olmuşdu. H.Mirzəcamalovla M.Ağayev – Mehmet Ağa-Oğlu Cümhuriyyət hökumətinin həyata keçirdiyi başqa bir mühüm siyasi-ideoloji layihə üzərində də birlikdə çalışmışdılar. Hər ikisi 1919-cu ilin oktyabrında Nazirlər Şurası Dəftərxanasının rəisi L.Kriçinskinin rəhbərliyi altında “Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair” arxiv sənədlərinin toplanması və nəşri məqsədi ilə yaradılmış komissiyanın tərkibinə daxil edilmişdilər. Aralarındakı müəyyən yaş fərqinə baxmayaraq maraq və məqsəd ümumiliyi onları biri-birinə yaxınlaşdırmış, aralarında dostluq münasibəti yaranmışdı. Müəyyən müddətdən sonra isə bu səmimi dostluq həm də yaxın qohumluğa çevrilmişdi – Qəmər xanımla Mehmet Ağa-Oğlu ailə qurmuşdular.

Türkiyədə Hüseyn Camal Yanar kimi tanınan, ilk mühacir dalğasından olan azərbaycanlıların məhəbbətlə “dayı” adlandırdıqları Hüseyn bəy çox çətinliklə bolşeviklərin çəngindən xilas etdiyi bacısı qazlarının təlim-tərbiyəsində mühüm rol oynamışdı. Öz ailəsi olmadığından bütün qayğı və diqqətini gənc qohumlarına yönəltmişdi. Zəhməti hədər getməmişdi. Onlardan hər üçü – Sürəyya, Qəmər və Dilşad elm və mədəniyyət tarixinə öz adlarını həkk edə bilmişdilər.

Böyük bacı – Sürəyya Talıbxanbəyli (1899-1974-cü ildən əvvəl) İstanbul universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdi. İlk nikahla Cümhuriyyətin sonuncu hökumət kabinəsində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilli (1896-1965) ilə ailə qurmuşdu. (Bu barədə 1937-ci ildə Bakıda müsavatçı kimi həbs edilərək ölüm cəzasına məhkum olunmuş görkəmli pedaqoq və ictimai xadim Mədinə xanım Qiyasbəyli-Vəkilovanın istintaq sənədlərində məlumat verilib. Mədinə xanım M.Vəkillinin əmisi qızı idi. İstintaqa ifadəsində 1930-cu ilə qədər onunla məktublaşdığını boynuna almışdı). Lakin sonradan ayrılmışdılar. Sürəyya Talıbxanbəyli ali təhsilini İstanbul universitetinin dil-ədəbiyyat fakültəsində almışdı. Universiteti bitirdikdən sonra özünü elm sahəsində sınamaq qərarına gəlmişdi. Azərbaycan və Anadolu türkcəsinin dialektoloji baxımdan müqayisəli tədqiqi istiqamətində bəzi araşdırmalar aparmışdı. Türkologiya sahəsinə maraq göstərməsində həmvətəni, həmin dövrdə universitetin dosenti vəzifəsində çalışan gələcəyin böyük türkoloqu Əhməd Cəfəroğlunun (1899-1976) tövsiyə və təşviqləri az rol oynamamışdı. 1930-cu illərdə Əhməd bəyin naşiri və redaktoru olduğu “Azərbaycan Yurd Bilgisi” jurnalı ilə fəal əməkdaşlıq edirdi. Məcmuənin dörd sayında onun “Qarabağ və İstanbul şivələrinin sərfiyyat baxımından müqayisəsi” adlı silsilə məqalələri işıq üzü görmüşdü. Folklora dair bir sıra araşdırmaların da müəllifi kimi tanınır.

İlkin mənbələrə yaxşı bələd olan görkəmli tədqiqatçı, professor Ədalət Tahirzadə Sürəyya xanımın Məhəmməd Qarabağlı adlı azərbaycanlı professorla ailə qurub Amerikaya köçdüyünü və həyatının sonuna qədər orada yaşadığını yazır. Lakin ailə qohumlarının və tanıyanların şahidliklərindən də göründüyü kimi Sürəyya xanım Mustafa Vəkillidən ayrılandan sonra Bəkir Odoğlu adlı Anadolu türkü ilə ailə qurmuş, bu nikahdan Bərrin, Murad, Can, Tarik adlı övladları dünyaya gəlmişdi. O, uzun illər İstanbul litseylərində ədəbiyyat müəllimi kimi çalışmış, həyatını da burada başa vurmuşdu. Hər şeydən göründüyü kimi, Ədalət Tahirzadə yanlışlığa yol verib, aşağıda haqqında daha geniş bəhs edəcəyimiz Qəmər xanımla böyük bacısını qarışıq salıb.

İkinci bacı – Türkiyədə atom fizikası üzrə ilk mütəxəssislərdən biri olan professor Dilşad Talıbxan Elbrus (1915-1979) haqda nisbətən ətraflı məlumatlar mövcuddur. O, əvvəlcə İstanbul Qız Liseyini, 1934-cü ildə isə universiteti fizika-kimya ixtisası üzrə bitirmişdi. Elmi fəaliyyətinə universitet yanındakı Təcrübi Fizika İnstitutunda assisent kimi başlamış, 1961-ci ildə isə İzmirdə yeni qurulan Ege universitetinin professoru olmuşdu. Professor Dilşad Elbrus Türkiyədə atom fizikası sahəsində çalışan ilk qadın tədqiqatçı idi. İki kitabın və bir neçə elmi məqalənin müəllifidir. Cümhuriyyət ideallarına qeyri-adi sevgisi ilə seçilirdi. Xüsusən tələbəlik illərində M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan siyasi mühacirətinin keçirdiyi müxtəlif ictimai və ədəbi-mədəni tədbirlərində yaxından iştirak edib. Bu dövrün mühacir mətbuatında da öz əksini tapmışdı.

Həyatını Azərbaycandan və Türkiyədən uzaqlarda – Amerikada başa vuran isə ailənin ortancıl övladı – Qəmər xanım Talıbxanova (Ağa-Oğlu) olub. Türk tədqiqatçılarından professor İbrahim Yıldırım onun barəsində yazır ki, “Dilşad və Sürəyya xanımların Amerikada yaşayan böyük bacıları da varmış; özü də, əri də professor imiş. Bu xanım, deyəsən, tarix professoru olub. Bir zaman Türkiyəyə tez-tez gəlib-gedirmiş, sonrakı taleyi bilinmir”.

Qəmər xanım 1903-cü il oktyabrın 15-də Şuşada doğulmuşdu. Həyatının Azərbaycanda keçən dövrü haqqında çox az məlumat mövcuddur. Orta təhsilini Bakıda, qız gimnaziyasında aldığını yəqinliklə söyləmək mümkündür.

O hələ sadəcə Məhəmməd Ağayev kimi tanınan Mehmet Ağa-Oğlu ilə çox güman, Bakıda tanış olmuş, Türkiyəyə mühacirətə gedəndən az sonra isə evlənmişdilər. Çünki əri ilə birlikdə Qəmər xanım da 1922-ci ildə universitet təhsili almaq məqsədi ilə Qərbi Avropaya – Almaniya və Avstriyaya yollanmışdı. Berlin, İen və Vyana universitetlərində tanınmış mütəxəssislərin yanında Şərq incəsənəti üzrə mükəmməl kurs keçmiş, əcnəbi dillərə yiyələnmişdi. Miçiqan Universitetinin Antropoloji Arxeologiya Muzeyinin rəsmi saytında yerləşdirilmiş tərcümeyi halında da qeyd edildiyi kimi 1927-ci ildə İstanbul Universitetindən Şərq tarixi üzrə magistr dərəcəsi alana kimi Avropanın bir neçə ali məktəbinin auditoriyalarından keçməli olmuşdu.

İstanbula dönəndən sonra o, muzeyçilik sahəsində çalışmağa başlamışdı. İki il sonra isə Detroyt Gözəl Sənətlər İnstitutunun əməkdaşlıq təklifini qəbul edən əri Mehmet Ağa-Oğlu ilə birlikdə Amerikaya köçmüşdü.

Ağa-Oğluların Miçiqandakı mənzili 1930-cu illərdə ABŞ-da sayca hələ o qədər də böyük olmayan türk icmasının, özəlliklə də tələbə gəncliyin mütəmadi toplaşdığı milli-mədəni mərkəz halına gəlmişdi. Həmin dövrdə Miçiqan universitetində sosiologiya ixtisası üzrə təhsil alan Türk İşçi Partiyasının gələcək (və sonuncu!) lideri, marksist siyasətçi Bəhicə Boranın (1910-1987) Mehmet bəy və Qəmər xanımla davamlı əlaqə saxlamışdı. Onun məktublarından götürülmüş aşağıdakı sətirlər Miçiqanda bəlkə də barmaqla sayılacaq türk ailələrindən olan Ağa-Oğlu ailəsində səmimiyyət atmosferinin və türkçülük ruhunun kifayət qədər güclü olduğunu, bu evin soydaşlar üçün bir mədəni-mənəvi ocağa çevrildiyini düşünməyə əsas verir: “…bir də Şərq sənəti dərsi verən Mehmet Ağa-Oğlu bəy var. İndi özü İrandaymış. Gələcək ay təkrar bura dönəcəkmiş. Eşi və on-on iki yaşlarında qızı buradadır. Keçən gün onu (xanımını – V.Q.) ziyarətə getdik. Ufaq-təfək, şirin və zəki bir qadındır” (bacısı Nəfisə Urala 16 noyabr 1934-cü il tarixli məktubundan); “Raqib Nurəddin bəy burada ikən İslam sənəti tarixi dərsi verən Mehmet Ağa-Oğlu bəylərə getmişdik. Paqib bəy pianonun arxasına keçdi, “Yeni Turan”ı çaldı. O çaldı, mən söylədim. Əski günləri andıq. Mehmet bəylərin bir çox alaturka (türk üslubunda – V.Q.) valları da var. Onları qrammafona qoyub məmləkəti düşünürük” ( bacısına 19 may 1935-ci il tarixli məktubdan); Anasına göndərdiyi 22 oktyabr 1936-cı il tarixli məktubunda isə belə yazırdı: “Mehmet Ağa-Oğlu bəyin eşi Qəmər xanım da gələn ay İstanbula gedir. Sabah yox, o biri gün (cümə günü) bütün türk tələbələrə çay verir”.

İstanbul Universitetindən aldığı Şərq tarixi üzrə magistr dərəcəsinin ardınca Qəmər Ağa-Oğlu 1938-ci ildə Miçiqan Universitetində graduate student kursu keçərək Şərq incəsənətinin tarixi üzrə də magistr olmuşdu. Universitet nəzdindəki Antropologiya Muzeyi onu elmi-tədqiqatlar aparmaq məqsədi ilə asissent kimi çalışmağa dəvət etmişdi.

II Dünya müharibəsi illərində qısa müddətə ABŞ ordusunun tədris proqramına cəlb edilmişdi. İkinci cəbhənin açılması ərəfəsində amerikalı zabitlərlə rus dili məşğələləri aparırdı.

Müharibə qurtarandan dərhal sonra – 1945-ci ildə Antropologiya Muzeyinin Asiya Kolleksiyası adlandırılan Şərq bölümündə mühafiz asissenti (assistant curator) kimi işini davam etdirmişdi. 1951-ci ildə mühafiz yardımçısı, 1956-1974-cü illərdə isə baş mühafiz olmuşdu. Yeri gəlmişkən Qəmər Ağa-Oğlu 1980-ci illərə qədər ABŞ muzeyçiliyi tarixində yeganə qadın mühafiz olaraq qalmaqda idi.

Muzeydəki işi ilə bir sırada pedaqoji sahədəki fəaliyyətini də davam etdirmişdi. 1949-1962-ci illərdə Miçiqan Universitetinin Antropologiya fakültəsində müəllim, 1962-ci ildən həmin fakültədə, 1964-cü ildən isə İncəsənət tarixi bölümündə associate professor (dosent) vəzifəsini tutmuşdu. Həmin vaxtdan əməkliliyə ayrıldığı 1974-cü ilə qədər incəsənət tarixi professoru olmuşdu.

O, Cənub-Şərqi Asiya keramikası üzrə beynəlxalq miqyasda tanınan nüfuzlu tədqiqatçı və ekspert idi. 1944-1974-cü illərdə Şimali Amerikanın, Avropa və Asiya ölkələrinin çeşidli muzey kolleksiyalarında araşdırma aparmışdı. Qəmər Ağaoğlunun “The William collection of East Asian ceramics” (“Şərqi Asiya keramikası. Vilyam kolleksiyası”), “The William collection of Far Eastern ceramics. Tonnancour section” (“Uzaq Şərq keramikası. Vilyam kolleksiyası. Tonnankour bölümü”, “Ying Ch`ing porcelain found in Filippin” (“Filippində Ying Ch`ing çinisi tapılmışdır”), “Ming blu and white jars in the University of Micigan collection” (“Miçiqan Universiteti kolleksiyasında mavi və ağ Ming bardaqları”) kimi kitab və broşürları, məqalələri və sərgi kataloqları mütəxəssislərin fikrincə Asiya və Uzaq Şərq tətbiqi sənətinin öyrənilməsinə ciddi töhfə idi. O, keramika mədəniyyətinə həsr olunmuş əksər beynəlxalq konfransların iştirakçısı, bir çox hallarda isə məruzəçisi qismində çıxış etmişdi. Miçiqan Universitetinin kampusunda (Ann-Arbor), habelə yerli Təbiət Tarixi muzeyində Qəmər xanımın yaxından iştirakı və təşkilatçılığı ilə çoxsaylı şərq incəsənəti sərgiləri keçirilmişdi.

Qəmər Ağa-Oğlu bir arxeoloq kimi çöl ekspedisiyalarında, qazıntı işlərində iştirak etmirdi. Lakin Cənub-Şərqi Asiyada aparılmış arxeoloji tədqiqatlar zamanı tapılan maddi-mədəniyyət nümunələrini, ilk növbədə isə keramika məmulatını onun qədər yüksək peşəkarlıqla araşdıran, təsnifatını aparan, tarixi və sənətkarlıq meyarları ilə dəyərləndirən ikinci bir mütəxəssis yox idi. Tanınmış həmkarı, Miçiqan Universiteti Antropologiya Muzeyinin ilk direktoru Karl Eugen Guthenin (1893-1974) zəngin Filippin kolleksiyasını ilk dəfə diqqətlə araşdıran və çoxsaylı eksponatların elmi təsnifatını verən də Qəmər Ağa-Oğlu olmuşdu.

Uzun illər soydaşımızla birlikdə çalışan Miçiqan universitetinin professoru Karlo Sinopoli həmkarının yüksək professionallığına diqqət çəkərək yazırdı: “Mən həmişə Qəmərin bir neçə addım irəlini görməsindən və kolleksiyalara dərin bələdliyindən heyrətlənirdim. Asiya keramikasını incəlikləri ilə anlayıb dəyərləndirmək baxımından şübhəsiz, dövrünü xeyli qabaqlamışdı. Onun əsərləri bu gün də yarandığı şəraitin ruhuna uyğunluğunu qorumaqdadır. Kolleksiyamızdakı əlyazmalarında irəlini görməyə imkan verən xeyli məqamlar var və yenə ondan öyrənməyə davam etməliyik”.

Aradan keçən onilliklər də bir mütəxəssis kimi Qəmər Ağa-Oğlunun adının Cənub-Şərqi Asiya və Uzaq Şərq incəsənətini araşdıran amerikalı mütəxəssislərin yaddaşından silə bilməmişdi. Onun ölümündən 33 il sonra, 2017-ci ilin iyununda Miçiqan universiteti yanındakı Asiya muzeyinin mühafizi təyin olunan Karlo Sinopoli demişdi: “Mən qürur duyuram ki, bir zamanlar Qəmər Ağa-Oğlunun – Asiya keramikası sahəsində bu qeyri-adi alimin tutduğu vəzifədə çalışacağam”

Mehmet və Qəmər Ağa-Oğlular alim kimi öz sahələrində şöhrətin zirvəsinə yüksəlsələr də, həyatda xoşbəxtlik formulunu tapa bilməmişdilər. Həmin dövrdə bəlkə də bütün Amerikada yeganə olan bu ziyalı azərbaycanlı cütlük arasında nikah çox ehtimal ki, II Dünya müharibəsinin sonlarına yaxın pozulmuşdu. Çünki həmin vaxtdan Mehmet Ağa-Oğluya dair sənədlərdə həyat yoldaşı kimi artıq Qəmər xanım deyil, Dorota Pace Ağa-Oğlu (1910-1963) göstərilir. Ərinin ölümündən sonra onun arxivini Freer Gallery of Art-a verən də Dorota olmuşdu. Materiallarda yarana biləcək yarımçıqlığı aradan qaldırmaq üçün Qəmər xanım da 1959-cu ildə əlindəki bütün Ağa-Oğlu sənədlərini, əlyazmalarını, kitabları və s. eyni qalereyaya təqdim etmişdi.

Professor Qəmər Ağa-Oğlu 1974-cü ildə həyatının 30 ildən çoxunu verdiyi Mişiqan universitetindən əməkliliyə ayrılmışdı. Ancaq vəfat etdiyi günə – 1984-cü ilin avqust ayına qədər Antropologiya bölümü və alim həmkarları ilə əlaqələrini kəsməmişdi. Universitet və onun nəzdində fəaliyyət göstərən muzeyin rəhbərliyi məsləhətçi qismində məşhur professorun bilik və təcrübəsindən zaman-zaman uğurla yararlanmışdı. Zəngin elmi arxivi və kitabxanası vəsiyyətinə əsasən 1985-ci ildə qızı Gültəkin A. Ludden tərəfindən Miçiqan universitetinin Antropologiya bölümünə hədiyyə edilmişdi.

Yeganə övladları, dost və yaxınlarının Gilli/Güllü deyə çağırdıqları Gültəkin Ağa-Oğlu da (1923) ailə ənənəsini davam etdirərək gözəl sənətlər – monumental heykəltəraşlıq üzrə ixtisaslaşmışdı. Ohayo universitetinin sənət tarixi bölümünün rəhbəri, professor Franklin Luddenlə (1921-2001) ailə qurmuşdu. İnternet üzərindən apardığım axtarışlar 95 yaşlı Gültəkin Luddenin 2018-ci ilin mayında həyatda olduğunu, Ohayo ştatının Kolumbus şəhərində yaşadığını göstərirdi. Ailənin Azərbaycandakı qohumlarından aldığım məlumata görə, 2018-ci ilin oktyabrında yaşadığı Ohayo şəhərində vəfat etmişdir.

XX əsrin 30-80-ci illərində ABŞ-da Şərq incəsənətinin müxtəlif sahələrini, eləcə də Şərq tətbiqi sənətinin tədqiq və təbliğində diqqətəlayiq xidmətlər göstərmiş soydaşlarımızın – Mehmet Ağa-Oğlu və Qəmər Ağa-Oğlunun zəngin elmi irsinin ilkin mənbələr əsasında daha dərindən öyrənilməsinə ehtiyac var.

Mənbə:azadshusha.com
Xudaferin.eu

17:58