2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycanın mədəniyyət paytaxtının dünyada tanıdılması baxımından çox önəmlidir

Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etməsi xəbərinin sevinci hələ də davam edir. Bu tarixi xəbər həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından çox uzaqlarda minnətdarlıq və məmnunluqla müzakirə edilir, tezliklə bu il çərçivəsində keçiriləcək tədbirləri gözləyirlər. Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra, post müharibə, Zəfər və quruculuq ili olan 2021-ci ilin ardınca 2022-ci ilin “Şuşa İli” elan edilməsi Prezident İlham Əliyevin bir daha müdrikliyinin və uzaqgörənliyinin nəticəsi idi. Belə bir qərar, əslində, Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmli idi. Əlbəttə, belə bir qərar böyük siyasi, tarixi və hüquqi əhəmiyyətə malikdir. İşğaldan azad edilən torpaqlarımızın minalardan tam təmizlənməməsinə, quruculuq işlərinin bitməməsinə baxmayaraq, keçən il Şuşada müxtəlif əhəmiyyətli tədbirlər keçirilməsi sözsüz ki, həm də dünyada erməni yalanının ifşasına yönəlmişdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O bildirib ki, Azərbaycan 30 illik müstəqillik tarixinə malik gənc dövlətdir. Sovet dönəmində Azərbaycan dünyaya açıq deyildi. Bu səbəbdən son iki yüz ildə xalqımıza qarşı qurulmuş məkrli planlar fonunda Qarabağın, Şuşanın tarixi Azərbaycan torpağı kimi dünyada tanıdılması mümkün deyildi. Amma həmin dövrlərdə erməni diasporu tərəfindən xaricdə saxtalaşdırılmış və erməni yalanı ilə uydurulmuş Azərbaycan əleyhinə təbliğat davamlı olaraq aparılırdı. Erməni diasporu utanmadan və usanmadan dünya ictimaiyyətinə Azərbaycan və Türkiyə düşmənçiliyi üzərində qurulmuş faşist ideologiyasını təbliğ etdirirdi. Bildiyimiz kimi, sovetlərin süqutu ərəfəsində Qarabağ işğal edildi. Həmin qüvvələr Qarabağın, eləcə də Şuşanın erməni torpağı olması haqda dünyada təbliğat aparırdılar. Məhz bu səbəbdən də 2022-ci ilin “Şuşa İli” elan edilməsi qərarını da zəruri ehtiyac və sosial sifariş kimi qəbul etmək olar. Təkcə hərbi-siyasi yolla deyil həm də mədəniyyət diplomatiyası ilə Şuşanın tarixən Azərbaycanın ayrılmaz parçası olduğunu hər kəs görəcək. Keçiriləcək tədbirlərlə 270 il öncə inşa edilən Şuşa qalası və şəhəri mədəniyyəti, tarixi, yerləşdiyi coğrafiyası, bəşər mədəniyyətinə verdiyi töhfəsi ilə dünyada tanınacaq, erməni yalanı və revanşistləri bir daha ifşa ediləcək.
“Bildiyimiz kimi Kürəkçay, Gülüstan, Türkmənçay və Qars müqavilələri kimi sənədlər tariximizin silinməz səhifələrində tarixi gerçəkliyi əks etdirir, bu sənədlər gələcəkdə də öz hüquqi qüvvəsini saxlayacaq. Bu mənada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik haqqında Bəyannamənin imzalandığı məkan olaraq Şuşa şəhəri çağdaş tariximizin qızıl hərflərlə yazılmış səhifələrində qardaşlığın və dostluğun bir daha əbədiləşməsinin şahidi kimi qalacaq. 2022-ci ilin “Şuşa İli” elan edilməsi, onun Azərbaycan xalqının tarixi şəhəri olmasını dünyaya sübut edəcək. “Şuşa İli” çərçivəsində həyata keçiriləcək mükəmməl tədbirlərdə iştirak edəcək hər bir qonaq, Şuşanın, Qarabağın, bütövlükdə Azərbaycanın təbliğatçısına və xoşməramlı səfirinə çevriləcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Xudaferin.eu

12:40