1200 avro və bir dəstə güllə Kiyevə: Kasıb azərbaycanlının gerçəkləşməyən tətil arzusu

 

Novruz bayramı yaxınlaşdıqca bir həftədən çox davam edən tətil günlərinin necə dəyərləndiriləcəyi ilə bağlı müzakirələr başlayır. Ölkədəki sosial-iqtisadi durumun artıq normal istirahətə imkan vermədiyini nəzərə alsaq, bu müzakirənin bir çox azərbaycanlı üçün sadəcə müzakirə olaraq qalacağını söyləmək olar. Əvvəlki illərdə nəinki ölkə daxilinə, hətta xarici ölkələrə bayram səfərləri edən bir çox azərbaycanlı üçün artıq bu, keçmişin xoş xatirəsindən başqa bir şey deyil. Ötən ildən keçən müddət ərzində manatın məzənnəsindəki kəskin azalma istirahətə xərclənəcək büdcəni kifayət qədər sıxışdırıb. Yəqin elə bunu nəzərə alan turizm şirkətləri də əvvəlki illərdən fərqli olaraq turpaketlərinin sayını azaldıb. Təqdim edilən turpaketləri isə artıq orta statistik azərbaycanlı üçün əlçatmazdır və ancaq gələcəkdə böhranın aradan qalxacağı zamanların ümidi ola bilər.

Səfərlər ötən illərdə qaldı

 

Turizm şirkətləri açıq-aşkar olmasa da (bu, potensial müştəriləri uzaqlaşdıra bilər- S.A) xarici ölkələrə səfərlərə maraq göstərənlərin sayının kifayət qədər azaldığını deyir. Şirkətlərdən birindən “Cümhuriyət” qəzetinə verilən məlumata görə Novruz bayramı günlərində bir neçə turpaket hazırlansa da hələlik müraciətlər çox deyil. Daxil olan müraciətlər də əsasən qonşu Gürcüstana səfərlərlə bağlı olur. Gürcüstanda qiymətlərin münasibliyi və istirahət imkanları turistləri məhz bu ölkəyə yönləndirir. Ancaq ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ölkəyə də getmək kifayət qədər bahalı hesab olunur.

Keçəl və Bahar qızlı səfərdə içkiyə qadağa

 

Turizm şirkətlərinin elanları ilə tanışlıq da bunu göstərir. O da məlum olur ki, turizm şirkətləri xarici ölkələrdən daha çox bölgələrə səfərlərin təşkilinə üstünlük verirlər. Bu isə təbii ki, qiymətlərlə bağlıdır. Hər halda gəzməyə həvəsi olan son müştəriləri də itirmək istəməyib onlar üçün büdcələrinə uyğun təkliflər hazırlamaqla bu mövsümü də başa vurmaq niyyətindədirlər. Məsələn, martın 19-dan etibarən Şəki, Qəbələ- Tufandağ-Oğuz turu təklif edilir. 2 günlük səfərdə bir nəfər üçün ödəniş 75 manatdır. Eyni tarixlər üçün Gəncə -Hacıkənd Göygöl-Maralgöl turunda da qiymət dəyişməzdir. Qiymətə ancaq 2 səhər yeməyi daxildir. Əgər siz iki nəfərsinizsə və 2 səhər və 1 şam yeməyi istəyirsinizsə, o zaman adama 85 manat ödəməlisiniz. Bir nahar yeməyi əlavəsi qiymətin daha 10 manat bahalaşması deməkdir. Adambaşına 105 manata isə hər şey daxil paket ala bilərsiniz. Eyni istiqamətə 3 günlük turlarda qiymət 99 manatdan başlayır. Hər şey daxil tur isə (Şirkətlər bunu VİP adlandırır-S.A) adambaşına 175 AZN manatdır. Qiymətə nəqliyyat xərci, çay süfrəsi, sərbəst vaxt əyləncələri, fotosessiya, oteldə gecələmə, ekskursiyalar, muzeylərə giriş biletləri, şirkətlərdən birinin elanında gösətərildiyi kimi desək, bayram ab-havası, Keçəl-Kosa-Bahar qızı və tonqal ətrafı şou proqramlar da daxildir. Səfərə getməyə hazırlaşanlara isə bəribaşdan spirtli içkidən istifadənin qadağan olunduğuna dair xəbərdarlıq edilir. Əgər turist otaqda tək qalmaq istəsə, əlavə 1 gecəyə 25 AZN ödəməlidir. 6-8 yaş uşaqlara 10% endirim edilir. -9 yaşdan yuxari tam ödənişlidir.

1200 avro və bir dəstə güllə ...Kiyevə

 

Amma əgər siz Novruz bayramından daha əvvəl 8 martı bayram etmək və həmin gün xanımınıza gəzinti hədiyyə etmək istəyirsinizsə, azı 1200 avronuzdan keçməlisiniz. Təəccüblənməyin, təkcə 725 avroya turizm şirkətləri sizə 3 gün, 2 gecə Kiyev turu təklif edir. Bu qiymət 4 ulduzlu otel üçün hesablanıb. Ulduz artdıqda qiymət də artır. Qiymətə oteldə gecələmə, qidalanma, 3 səhər yeməyi, 2 nahar yeməyi, 2 şam yeməyi,transfer, Kiyev şəhəri üzrə avtomobillə ekskursiya daxildir. Aviabileti isə ayrıca vəsait ödəməklə almalısınız və bu istiqamət üzrə biletlərin kifayət qədər bahalığını nəzərə alsaq, çətin ki bu qiymətə xanımına 8 mart hədiyəsi edənlərin sayı çox olsun. Paketin “vazkeçilməzi” isə xanıma ediləcək bir dəstə hədiyyə gül olacaq. Ancaq maraqlıdır ki, Ukraynada olanlar bu ölkədə qiymətlərin Azərbaycanla müqayisədə ucuz olması, xüsusilə, otel və xidmət obyektlərindəki qiymətlərdə kifayət qədər ucuzluğu dönə-dönə vurğulayır. Məslən, Kiyevdə hətta günü 20 dollara normal mənzil tapmaq mümkündür. Belə olan təqdirdə 1200 avroluq səyahətə kimin maraq göstərəcəyi də sual doğurur.

3 günük Gürcüstan səfərinə 1500 manat

Azərbaycanlılar üçün vazkeçilməz səfərlər sırasına daxil edilən Gürcüstan turu isə bu dəfə 165 dollardan başlayan qiymətlərlə təklif edilir. Gürcüstana səfər təklif edən şirkətlərin sayı kifayət qədərdir və qiymət demək olar ki, eynidir. Məsələn, 22-25 mart tarixlərində Gürcüstan turu adambaşına 165 dollara təklif olunur. Turun qiymətinə 3 ulduz oteldə gecələmə, səhər yeməyi, bayram gecəsi Tbilisidə restoranda şam yeməyi, ekskursiyalar, nəqliyyat xidmətləri, bələdçi xidmətləri,Gudauridə kanat yoluna bilet daxildir. Qiymət iki və üç nəfərlik otaqlarda gecələmək şərti ilə bir nəfər üçün hesablanıb və ödəniş Rabitə Bankın günlük məzənnəsinə uyğun manatla qəbul edilir. Qiymətə Bakı-Tbilisi-Bakı yolu üzrə nəqliyyat xərci daxil deyil. Şirkətlər qiymətlərdə ötən illə müqayisədə ciddi bahalaşma olmadığını bildirir. Ancaq manatın məzənnəsinin azalması 3 günlük istirahət üçün xərclənən vəsaiti kifayət qədər gözəgəlimli edir. Üstəlik, nəzərə alsaq ki, Azərbaycan insanı istirahətə tək yox, ailəsi və ya yaxınları ilə getməyi xoşlayır, o zaman 4 nəfərlik bir ailənin 3 günlük bayram tətili ən azı 1500 manata başa gəlir. Orta statistik ailənin bunu ödəmək imkanı varmı? Cavabı bəlli sualdır. Halbuki müstəqil şəkildə bu ölkəyə səfər daha ucuz başa gəlir və buna görə də şirkətlərin bu istiqamət üzrə xidmətlərindən yararlananlar çox deyil.

Lari ucuzlaşsa da qiymətlər bahalaşmayıb

 

Gürcüstana bayram tətillərində tez-tez səfər edən Gülnar Seyidovanın sözlərinə görə, 3 nəfərlik ailə yeni ildə 800 manatla qonşu ölkədə 4 gün istirahət edib: “Manat dəyərdən düşüb. Əslində Gürcüstanda da qiymətlər bahalaşıb. Amma bizdəki qədər bahalaşma yoxdur. Otellərin, gündəlik kirayələrin qiyməti eynidir, dəyişməyib. Ərzaq və geyim qiymətlərində müəyyən qədər artım var, bu da larinin dollara görə ucuzlaşmasına görədir. Ancaq biz restoranlarda, yaxud kirayə evlərdə elə ciddi artım görmədik. Eyni qiymətlərdir. Sadəcə, burdan manat apardığımıza görə lariyə çevirəndə fərqi hiss etmək mümkün idi. Əvvəl 40 manat 80 lari olurdusa, indi 40 manat 60 lari oldu. Bu da bizə təsir etdi. Xaricdən dollarla gələnlərə heç bir təsiri yoxdur, əksinə, onlar üçün sərfəlidir. Amma bizim üçün böyük fərqdir. Bazarlıq da edəndə aradakı bu fərqə görə baha görünür. Əslində isə orda qiymətlər çox bahalaşmayıb. Bizim manatın dəyəri azaldığına görə bizə baha kimi görünür. Gürcülər isə qiymət bir neçə tetri (xırda pul- S.A)” bahalaşanda bunu dərhal ciddi qəbul edib etiraz edirlər. Bəzən qiyməti bahalaşan malı almaqdan imtina edirlər. Bizdə belə etiraz forması yoxdur. Ona görə də qiymətlər sürətlə bahalaşır. Əslində isə Gürcüstan larisi də dollara görə ucuzlaşıb, amma qiymətlər bizdəki ilə müqayisədə cüzi artıb”.

 

Adambaşına 600 dollarınız varsa günəşlənin

Əgər Novruzu daha isti ölkələrdə qeyd etmək istəyirsinizsə, Dubay turlarından yararlana bilərsiz. Adambaşına 516 dollardan başlayan qiymətlərlə. Daha ucuz paket təklif edənlər də ola bilər, lakin bu, daha çox rast gəlinən qiymətdir. 5 gün / 4 gecə davam edəcək səfər paketinə aviabilet, mehmanxanada gecələmə, səhər yeməyi, qrup transferi daxildir. Viza üçün əlavə vəsait ödənilməlidir və 516 dollar ancaq 3 ulduzlu otellər üçün nəzərdə tutulub. 4 ulduzlu otellərdə qiymət 590 dollardır. Viza üçün ödəmələri, gündəlik qidalanmanı da əlavə etsək, kifayət qədər böyük məbləğ-adambaşına ən azı 600 dollar alınar. Vaxtından əvvəl günəşlənməyin qiyməti də az deyil...

 

Sevil Ağazadə

Cebhe.info

 

08:45