Yaradıcılığı ilə həyatı bir-birini tamamlayan xanım

Bütün ömrü boyu jurnalist işləsə də onu sizə publisist kimi təqdim etmək istəyirəm. Çünki jurnalistika ixtisasdır, məktəbi vardır. Jurnalistin əsas fəaliyyəti cəmiyyətdə baş verən hadisələri araşdırıb, öz yazılarında əks etdirmək, ictimaiyyəti məlumatlandırmaqdır. Amma publisistika jurnalistikanın bir qolu sayılsa da daha çox istedadla bağlıdır...

Publisistika latın dilindən tərcümədə “ictimai” deməkdir. İctimaiyyət üçün qələmə alınan yazılar isə fərqli olmalıdır. Daha doğrusu, publisist xalqın dilində danışmağı bacarmalı, həyatı əks etdirən, insanları düşündürən yazıları ilə özünü təsdiq etməlidir. Mütaliə, dünya görüşü, savad, təfəkkür publisistin yaradıcılığında mühüm rol oynasa da səmimiyyət, sadəlik onun yazı tərzini müəyyənləşdirən ən vacib şərtlərdəndir. Səmimi olmayan publisistin qələmi uğurlu ola bilməz. Əslində publisistika poeziyanın nəsr formasıdır. Ruhu oxşamağı, sehrli dili ilə insanları ovsunlamağı, inandırmağı bacarmalıdır...

Bu gün sizə öz dəsti-xətti, yazı tərzi ilə seçilən bir xanımdan söhbət açmaq istəyirəm.

Deyir ki,- “1960-cı ildə universiteti bitirdim. Birinci iş yerim “Pioner” jurnalı olub. Jurnalın baş redaktoru Zeynal Cabbarzadə çox gözəl insan idi. Sonra “Azərbaycan pioneri” qəzetində çalışmağa başladım. Ömrümün 13 ilini uşaq mətbuatına vermişəm. Sonradan “Azərbaycan qadını” jurnalının şöbə müdiri vəzifəsində işləmişəm. “Respublika” qəzetində çalışmışam. Ümumiyyətlə, jurnalistikaya gələndə çox narahat idim. Bu elə peşədir ki, gərək özünü hər gün sübut edəsən. Yoxsa 100 diplomun olsun, yaza bilmirsənsə, bir işə yaramayacaq. Məsələn, həkim diplom aldısa, demək fəaliyyətə hazırdır. Amma jurnalistin hadisələrə yanaşma bacarığı yoxdursa, ona heç nə kömək etməyəcək”…

Haqqında danışdığım Svetlana Nəcəfova Qərbi Azərbaycanda dünyaya gəlib. Orta təhsilini İrəvan şəhərində başa vurub. Sonra Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirərək jurnalistika ixtisasına yiyələnib. Oranı fərqlənmə diplomu ilə bitirib. Təqaüdə çıxanadək “Pioner”, “Azərbaycan qadını” jurnallarında və eləcə də"Azərbaycan pioneri", “Respublika” qəzetlərində çalışıb. Əməkdar jurnalistdir. “Qızıl qələm”, “Dan Ulduzu”, “Humay” və onlarla digər mükafatın laureatıdır. Beş publisistik, bir bədii tərcümə kitabının müəllifidir…

Çox sadə, mədəni, kübar xanımdır. Zəngin dünya görüşü, mehriban ünsiyyəti onu daha cazibədar, daha əzəmətli göstərir. Dinləməyi bacarır. Gözəl həmsöhbətdir…

Bir zamanlar adı dillər əzbəri olub. Ölkənin ən tanınan, istedadlı jurnalistlərindən biri kimi sevilirdi. İmzası çox məşhur idi. Son vaxtlar mətbuatda görünməsə də, hələ də ehtiramla xatırlanır…

Deyir ki,- “Mənim üçün həyat təbiətin bizə bəxş etdiyi əvəzsiz nemətdir. Bəlkə də biz onu günlərlə, aylarla, illərlə ölçməyə adət etmişik. Ancaq bu ölçü çox aldadıcıdır. Ömür var ki, qum dənələri kimi barmaqların arasından axıb tökülür. Heç bir iz qoymadan ötüb keçir. Səndən sonra gələnlər bu dünyada yaşadığına dair heç bir dəlil-sübut tapmırlar. Varlığınla yoxluğun bilinmir. Ömür də var ki, özü başa çatsa da, izi, sorağı aylarda, illərdə qalır. Xalqın tarixinə, yaddaşına köçür. Yetişdirdiyi, tərbiyə etdiyi adamların taleyinə çevrilir, onların həyatında yenidən yaşanır. Əsl insan ömrü də, xoşbəxtlik də mənim üçün budur”…

Onu daha yaxşı tanıyan, yaradıcılığına, fəaliyyətinə yaxından bələd olan xalq şairi Sabir Rüstəmxanlı isə Svetlana xanımı belə xarakterizə edir:- “Azərbaycanın qadın jurnalistlərindən söhbət gedəndə yadıma ilk düşən qələm sahiblərindən biri Svetlana Nəcəfovadır. Svetlana xanımı ədəbiyyata, jurnalistikaya gəldiyi ilk günlərdən tanıyıram. Həmin illərdən ölkənin demək olar ki, bütün oxunan, tanınan qəzet və jurnallarında kəskin oçerklər, publisist məqalələr, portretlər, zarisovkalar, yol qeydləri və sair yazıların altında onun imzasını görmüşəm. Bu imza mənə həmişə doğma olub. Svetlana xanımın özüylə tanışlıqdan sonra əmin olmuşam ki, onun yazıları ilə həyatı bir-birini tamamlayır”…

İyulun 8-də Svetlana xanımın 81 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram.
Doğum gününüz mübarək, Svetlana xanım!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

xudaferin.eu

16:20