Professor Qulu Məhərrəmli bu xalqın qənimət övladlarından biridir...

Paul G. Cozefin gözəl bir deyimi var:- “Mənə vicdansız media verin, sizə şüursuz bir toplum təqdim edim.” Professor Qulu Məhərrəmli bu ölkədə xüsusi təqdimata ehtiyacı olmayan ziyalılardandır. Kifayət qədər nüfuz və hörməti var. Onu hamı jurnalistlərin müəllimi, Azərbaycan jurnalistikasının ustadlarından biri kimi tanıyır. Heç vaxt dövlət siyasətinə baş vurmur, amma əsl vətənpərvər ziyalı kimi ictimai proseslərdə neqativ hallara da göz yuma bilmir. Son vaxtlar sosial şəbəklərdə bəzi şəxslərin professor Qulu Məhərrəmliyə qarşı qarayaxma kampaniyası başladığı diqqətimi cəlb etdi. Düzü, mənə qəribə gəldi, amma şərhlərə baxınca və professoru müdafiə edən çoxsaylı yazıları görüncə cəmiyyətimizdə hələ də haqqın yanında olan vicdanlı insanların çox olmasına sevindim. Qulu müəllim uzun illərdir ki, Azərbaycan cəmiyyətində peşəkarlığına, elminə, mənəvi-əxlaqi simasına görə yaxşı tanınan və çoxluğun rəğbətini qazanmış nadir ziyalılardandır. Onun jurnalistliyi, elmi-ictimai, pedaqoji fəaliyyəti həmişə göz qabagında olub. Bəli, o, bu xalqın qənimət övladlarından biridir. Bəs onda niyə bu cür parlaq şəxsiyyətə hücum edirlər? Səbəb çox sadə imiş. Sən demə, onun Azərbaycanın beynəlxalq maraqları baxımından çıxış edərək ADR hərəkatının rəhbəri, professor Qubad İbadoğlunun həbsinə münasibət bildirməsi bəzi dairələrin xoşuna gəlməyib və onlar da Qulu müəllimə qarşı şər-böhtan kampaniyasına başlayıblar. Öz aləmlərində guya bu kampaniya ilə cəmiyyətdə yüksək imici olan bir ziyalını nüfuzdan salacaqlar. Əslində isə mən burada tamamilə əks-effekt görürəm. Bəs professora qarşı hücuma keçənlər nə deyirlər? Deyirlər ki, nəinki Qubad İbadoğlu, elə Qulu Məhərrəmlinin özü də “Fətullah Gülənin tərəfdarıdır”, “nurçudur” və s.. Sübut kimi də onun Fətullah Gülənlə fotosunu paylaşırlar. Qulu müəllim bu məsələ ilə bağlı əvvəllər mətbuata bir-iki açıqlama verib. Neçə il əvvəl “Ayna” qəzetində ayrıca “Azərbaycanda nurçu nağılları” adlı yazı ilə də çıxış edib. Ancaq yenə də eyni dairələr eyni arqumentlə silahlanaraq ona qarşı səmərəsiz qarayaxma kampaniyası aparırlar...
Professor bu məsələ ilə bağlı bloger Elbəyi Həsənliyə yığcam müsahibə verib. Həmin müsahibənin mahiyyəti, məntiqi və səmimiyyəti diqqətimi cəlb etdiyindən həmin fonda Qulu müəllimlə söhbətləşməyi özümə borc bildim.

- Qulu müəllim, mənə maraqlıdır, nəyə görə sizi ittiham edənlərə cavab vermirsiz?

- Bilirsiz, burda hansısa ciddi predmet olsaydı, reaksiya verərdim. Yazılanlar böhtandan, falçılıqdan, yazanların bəsit fantaziyalarından başqa bir şey deyildir. İndi yoldan ötənin birisi sayıqlayacaqsa, sifarişlə ağlına gələni danışacaqsa, siz və ya mən belə nadanlara niyə vaxt ayırmalıyıq ki!? Ləyaqətli adam heç vaxt başqasına böhtan atmaz və Mövlanə demişkən, belə adamlara baş qoşanda sən də olursan onların tayı. Digər tərəfdən əminəm ki, siz Pələnglə Ulağın mübahisəsi haqqında məşhur pritçanı və eşşəyə baş qoşduğuna görə birincinin cəzalandırılması haqqında rəvayəti bilirsiniz.

- Deməli, siz bu yazıları fakt baxımından əsaslı hesab etmirsiniz...

- Bunlar yazı deyil, qarabasmalardır, donosdur, onu yazanların ləyaqət göstəricisidir. Mən neçə illərdir ünvanıma deyilən “Gülən” və “nurçu” cəfəngiyyatlarını eşidirəm. Deyim ki, heç bunların mahiyyətini də düz-əməlli bilmirəm. İlk dəfə bu söhbətlər Xəzər TV-ni ələ keçirmək istəyən Əli Həsənovun göstərişi ilə 2013-cü ildən başlamışdı. Həmin telekanalda apardığım “Gündəm” verilişini bağlamaq və məni oradan uzaqlaşdırmaq üçün hərəkətə keçmişdilər. Trollara (və redaksiyalara) tezislər onun şöbəsindən göndərilirdi. Məhz onun tapşırığı ilə “nurçu” hekayələri yazır, məni müxalifətçi kimi qələmə verirdilər. Sonra adam bu yazıları əsas götürüb Xəzər TV-nin rəhbərliyinə məni oradan çıxarmaq üçün təzyiq edirdi. Yəni o vaxt kampaniyanın arxasında kimin dayandığı bəlli idi, amma indikilərin kimliyini, hansı arxdan su içdiklərini bilmirəm. Əslində bunun elə bir əhəmiyyəti də yoxdur, çünki mahiyyətcə hamısı eyni yuvanın quşlarıdır.
Mən özümü az-çox dövlət düşüncəsi olan adam sayıram. Mənim dövlət dəyərlərinə bağlılığıma kimsə şübhə edə bilməz. Ona görə də məni hansısa təriqət səviyyəsinə endirmək, yaxud dini çaları olan hansısa hərəkata bağlamaq çox gülüncdür. Jurnalist peşəm və müəllimlik işimlə bağlı ən müxtəlif sferalarla ünsiyyətimə belə saxta don geyindirmək də mümkünsüzdür. Mənim ən müxtəlif məslək sahibi olan insanlarla ünsiyyətim var, amma təbii ki, öz prinsiplərimlə yaşayıram.

- Yazılarda vurğulanan əsas məqam budur ki, siz Fətullah Gülənlə görüşmüsüz və ondan müsahibə almısız...

- Bu cılız adamlar anlamaq istəmirlər ki, jurnalist kimi mənim işim-gücüm maraqlı fakt və müsahib axtarıb danışdırmaq veriliş aparmaq, yazı yazmaqdır. Bəli, mən 1998-ci ildə AzTV-də çalışarkən müəyyən çətinliklə də olsa, Fətullah Gülənlə görüşüb İstanbulda ondan müsahibə almağa nail olmuşam. İkinci dəfə isə 2011-ci ildə ABŞ-da səfərdə olarkən təsadüfən bələdçilərimizdən F.Güləndən müsahibə almaq imkanının olduğunu öyrənəndə buna cəhd emişəm. Nyu-Yorkdakı bir türk kanalını nişan verdilər, əlaqə saxladım, sualları yazılı istədilər, göndərdim. Gedib ayaqüstü görüşəndə yanındakılar suallara baxdıqdan sonra “xocanın səhhəti imkan vermir” adı ilə müsahibədən imtina etdilər.
Sizə deyim ki, mən jurnalist fəaliyyətimdə Toğrul Nərimanbəyov, Rəşid Behbudov, Türkan Şoray, Tur Xeyerdal, Tetçer, Yeltsin, Heydər Əliyev, Rabin, Dəmirəl, Olbrayt, Eduard Şevardnadze və başqa görkəmli şəxslərdən irili-xırdalı müsahibələr almışam, olduqca maraqlı insanlarla görüşmüşəm. Bunların bəziləri haqqında oçerklər də yazmışam. Fətullah Gülən də onlardan biridir. Kimdənsə müsahibə almaq və ya haqqında yazmaqda mən qeyri-adi bir şey görmürəm.

- Sirr deyilsə, deyərdiniz, haqqında söhbət gedən müsahibə ideyası necə yaranmışdı, bunu kim sifariş vermişdi?

- Burda heç bir sifariş-filan və sirr yoxdur. Sadəcə, həmin illərdə 20 Yanvar hadisələrindən danışanda Fətullah Gülənin Azərbaycan şəhidləri ilə bağlı məlum isterik çıxışını ekranlarda tez-tez göstərirdilər. Adam davranışı ilə mənə maraqlı görünürdü. Həmin kadrları görkəmli şairimiz Məmməd Aslanın verilişində də görəndə ondan soruşdum ki, Türkiyəyə bu qədər gedib-gəlirsiz, nə əcəb ondan bir müsahibə almırsınız. Dedi ki, Fətullah Gülən asan əlçatan adam deyil, bu boyda jurnalistsən, hünərin varsa, sən get ondan bir müsahibə al. Təbii ki, bu məsələ beynimə batdı. Fikrimi rəhmətlik sədr Nizami Xudiyevə də bildirdim. O da yuxarıda kiminləsə danışıb razılıq aldı. 5-6 ay Türkiyə səfirliyi, daha sonra “Zaman” qəzeti vasitəsilə bu məsələ üzərində çalışıb razılığa nail oldum. İstanbula getmişkən, mən həm də Azərbaycanın müstəqilliyini tanımış Türkiyənin ovaxtkı Baş naziri Məsut Yılmazdan da müsahibə almağı planlaşdırırdım. Onunla da razılıq əldə olunmuşdu, lakin son anda vaxt baxımından uyğunsuzluq yarandı. Amma Gülənlə müsahibəni çəkdik və bir neçə aydan sonra o zaman AzTV-də mənim “Gerçəklik” adlı müəllif proqramımda efirə getdi. Sonra o verilişi Fətullah Gülənin saytına da qoymuşdular.

- Belə anlaşıldı ki, hazırda yayılan foto da həmin müsahibə zamanı çəkilib?

- Bəli, həmin müsahibədən sonra çəkilib. Çəkiliş bitdikdən sonra sağollaşıb çıxanda mənə kiçik qutuda simvolik bir hədiyyə verdilər və bu foto da onda çəkilib. Əleyhimə guya kompromat kimi yaydıqları fotonu mediaya mən öz əlimlə vermişəm, sizə indi dediklərim barədə də 5-6 il əvvəl mətbuatda danışmışam. Yəni bu məsələdə kriminal, peşəyə ləkə gətirən nəsə axtarmaq, bu məsələni şouya çevirmək absurddur, səviyyəsizlikdir.
İstanbul müsahibəsi ilə bağlı təəssüratlarımı o vaxt “Ekran-efir” qəzetində də yazmış və Gülənin müasir təhsil, dinlərarası dialoq platformasına, həmçinin o müsahibədə söylədiyi türk xalqlarının birliyi məsələsinə müsbət münasibətimi bildirmişəm. Onun Füzulidən, Səməd Vurğun və Bəxtiyar Vahabzadədən şeir deməsi mənim xoşuma gəlib. Sonralar Gülənə aid bir mediaya müsahibə verərkən onun haqqında bəzi müsbət fikirləri təkrarlamışam, o adamın ünvanına xoş sözlər demişəm. Yəni o vaxt düşündüyümü və onunla görüşdən aldığım müsbət təəssüratımı söyləmişəm. Mən indi dəbdə olan “Feto” kampaniyasına görə dünən dediklərimi, düşüncə və qənaətlərimi, mənim üçün həqiqət olanı dana bilmərəm. Həqiqətin sübuta ehtiyacı yoxdur və mən öz fikirlərimi əsən küləklərə görə dəyişmirəm.

- Ümumiyyətlə, sizin Fətullah Gülənə münasibətiniz necədir, fürsət olsa ondan yenə də müsahibə alardınızmı?

- Niyə almaram ki!? Hər bir həqiqi jurnalst üçün maraq doğuran adamla müsahibə bir fürsətdir. Ona görə də müsahibə də alaram, ciddi suallar da verərəm və foto da çəkdirib paylaşaram (gülür).
O ki qaldı Gülənə münasibət məsələsinə, sizə deyim ki, mənim təsəvvürümdə iki Fətullah Gülən var. Birincisi, müəyyən fəlsəfi düşüncəsi olan, keyfiyyətli təhsili önəmli sayıb yayan, insanlar, xalqlar və dinlər arasında dialoqu, barışı, sülhü təşviq edən, buna görə Türkiyə və Azərbaycanın bəlli dairələrdə rəğbət qazanan Gülən. Bir də qardaş Türkiyəni içəridən dağıtmaqda, onu zəiflətməkdə, paralael dövlət qurmaqda, dövlət çevrilişinə cəhddə və terrorda günahlandırılan Fətullah Gülən. Ağlı başında olan adam heç bir terrorçuya rəğbət bəsləməz, bu aksiomadır.

- Dediyinizdən belə anlaşıldı ki, sizə qarşı qarayaxma kampaniyası aparanlara qarşı heç bir tədbir görmək fikriniz yoxdur...

- Nə fikrim ola bilər ki!? Qoy nə qədər istəyirlər çərənləsinlər, içərilərində nə çirkab varsa, püskürsünlər. Bunlar bir parça çörək üçün sifariş yerinə yetirən adamlardır, təki ağaları onlardan razı qalsın, yazıqdırlar, qəpik-quruşlarını kəsməsinlər. Onların miskinlikləri içərisində də öz ümidləri var...
Azərbaycan balaca ölkədir, hamı-hamını yaxşı tanıyır, kim hansı məzhəbə qulluq edirsə, yaxşı bilinir. Ona görə də əvvəldə dediyim kimi bu vücudlara baş qoşmağa, onlara vaxt və enerji sərf etməyə dəyməz.

Söhbətləşdi: Elman Eldaroğlu

Xudaferin.eu

16:26