Yaponiya “Patriot” PAC3 komplekslərini Hokkaydo adasında yerləşdirir

 

Yaponiya Kore Xalq Demokratik Respublikası (KXDR) tərəfindən artan raket təhlükəsindən qorunmaq üçün “Patriot” PAC3 komplekslərini Hokkaydo adasında yerləşdirir.

Bu barədə məlumat verən müdafiə naziri İtsunori Onodera həmin komplekslərin Oşima yarımadasında yerləşdirildiyini bildirib. KXDR-in bu yaxınlarda keçirdiyi sınaq zamanı ballistik raket Hokkaydo adası üzərindən uçaraq Sakit okeana düşüb. Raket sınağı ilə bağlı KXDR tərəfindən heç bir xəbərdarlıq edilməyib.

İ.Onodera deyib: “Getdikcə gərginləşən mövcud vəziyyətdə Müdafiə Nazirliyi yüksək hazırlıq tədbirləri görür və bunlardan biri də əvvəlcədən nəzərdə tutulmayan vəziyyətə hazır olmaqdır. Həmin məqsədlə bu gün Oşima yarımadasındakı quru qoşunlarının Hakodate hərbi bazasına PAC3 batareyaları göndərilib”.

Nazirin çıxışının stenoqramı Yaponiya Müdafiə Nazirliyinin veb-saytında yerləşdirilib. İ.Onodera vurğulayıb ki, Müdafiə Nazirliyi istənilən vəziyyətdə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün gücünü sərf edəcək.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

 

09:14