Vətən harayı

21 oktyabr 1932-ci il.
Doğum günün mübarək USTAD!
RUHUN ŞAD OLSUN!

XƏLİL RZA ULUTÜRK
(poema)

Proloq
Ucaltmısan Ulutürkün,
Azərbaycan bayrağını!
Azad etmək istəyirsən,
Azərbaycan torpağını!
Azadlığın bu meydanı,
Aşıb-daşır burda hamı.
Harayınla yaratmısan,
Bu dağılmaz izdihamı.
Əlin uzun kürsüdəsən,
İçimizdə, ya göydəsən.
Səs ucalır,"Otuz yeddi"
Yuxarıdan səslənirsən.
Tufan qalxır sətirlərdə,
Qığılcımlar cüt əllərdə.
Meydan sizi alqışlayır,
Qan durulur ürəklərdə.

l hissə
VƏTƏN HARAYI

Xəzri əsir, saf küləklər
Ağ saçları hey darayır,
Yanğın dolu sətirlərdə
Süzən külək yol arayır...
***
Daşın üstə əyləşirsən,
Ağ vərəqi belləyirsən;
Yaza - yaza bu milləti
Azadlığa səsləyirsən!
Söylədiyin həmin alət-
Bel torpağın koxasıdır.
"Nizə" fərqli azadlığın
Taxılmamış nidasıdır!
"Ömür"əla çap olundu,
Bilən çapın sorağında
İnsanların tam arzusu
Üzür hər bir varağında.
Kitab çapı əla, yığcam,
İşıq saçır hər misra da...
Xəlil bəydən alacağam,
Almağa pul olmasa da.
***
Sənin xalqı haraylayan
Uca səsin yorulmadan
Qeyrətin Kürdə oyandı;
Arazda su durulmadan...
Qəlbindəki sözlər-nizə,
Əlindəki qələm -oxdur.
Cəmi dünya baxır bizə,
Səsimizi duyan yoxdur.
Hiyləgərdi tula vazgen,
Meylin salıb Qarabağa.
Qız-gəlini peşkəş verir
Arzusuna qovuşmağa.
***
Cahana sığmayır adın,
Sənin kimi bir Ustadın
Qarşınızda baş əyirəm,
Ruha məlhəmdi inadın.
Çox təəssüf eyləyirəm,
Gələ bilmədim yanına.
Qələmindən öpəsiyəm,
Güvənirik ad – sanına.
Ağ saçların göstərir ki,
Qula dönüb Ana Vətən.
Zəncirləri doğrayaq ki,
Azad olsun köləlikdən.

ll hissə
AZADLIQ MEYDANI

Bu meydanın əzəməti,
Qəlbinizin tam səsidir.
Doğma xalqa şeirlərin,
Bir azadlıq müjdəsidir.
Haray adlı yazdıqların
Mübarizə ruhundadır,
Qədirbilən xalqımızın
Həmişəlik canındadır.
Qazamatda cızdığınız
Sərt qaranlıq divarları
Eşidəndə gənclərimiz
Sözdən yazdı şüarları:
***
Azadlığı istəmirəm zərrə - zərrə, qram - qram!
Qolumdakı zəncirləri qıram gərək qıram, qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi!
İstəyirəm
SƏMA kimi,
GÜNƏŞ kimi,
CAHAN kimi!
Çəkil, çəkil, ey qəsbkar, mən bu əsrin gur səsiyəm!
Gərək deyil sızqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!..

lll hissə
MÜQƏDDƏS VARLIQ

Deyiləsi tam nə varsa,
Millətinə sən demisən.
Öz mübarək qələmini
Qeyrət ilə kökləmisən.
Hər yazdığın vərəqəni
Qılınc kimi yellədirsən.
Cümlələrdə hər nidanı
Bir ox kimi işlədirsən!
Yazdıqların həqiqətən
İnsanlığın haqq səsidi.
Harayınız Azad Vətən,
Azad inanc təşnəsidir!
Qələmini didən sözlər
Bəbəkləri çoxaldıbdır.
Girov torpaqların səsi
Xalqı əzib, saraldıbdır.
İzin qalmaz hər tələdə,
Bəli, qurdun balasısan.
Saf qürurun var içində-
Sən Ulutürk övladısan!
Lefortovun qəm divarı
Çox çürüdüb insanları.
Bu zindanın daş divarı
Boğur haqqı yazanları.
Çarə qalır, Moskvadan
Tez Bakıya qayıdasan.
Sən milləti ancaq özün
Meydanlara çağırasan.
Zil qaranlıq dar otaqda
Bir günəşsən millətinə.
Son zəncirlər qırılacaq,
Tam bələdik qeyrətinə.
Babək, Nəsimi xislətdə-
Türk oğlu türk azərisən.
Ancaq Vətən bayrağını
Azad öpmək istəyirsən.
Müqəddəsdir əməllərin,
Vətən üçün bir oğulsan.
Haraylayır oğlunu xalq,
Özün oğul doğulmusan.
Getdiyin bu çətin yolda
Ulduzlara can atmısan,
Öz qanında, öz canında
Bir Ulutürk ucaltmısan!

Epiloq
Türk Xəlili əzəl gündən
Əldə qələm öndə gedən
Düşmənlərin qarşısında
Kişi gördüm əyilmədən!
Hər kürsüdə sözün dedi,
Gözü güldü, kövrəlmədi.
Ömrü keçdi döyüşlərdə,
O, kimsədən çəkinmədi.
Nur parlaqlı ulduzum ol,
Ülkərim ol, ey sevdiyim!
Aydır üzün, özün Günəş,
Saf inancın bəyəndiyim!
Tam əzəldən Pir bilirəm,
Sərkərdədir mehribanım.
Bizə doğru yol göstərən,
Bir mayaqdır kapitanım!
***
Olmasaydım Xəlil sevər,
Ay yox olar, ulduz sönər.
Ədalətəm, kaş sevəydim
Bu Vətəni XƏLİL qədər!..

Son...
28.05.1994

Ədalət Bədirxanlı

xudaferin.eu

02:02