Sərhəd kəndlərdə mağazalar saat 6-da bağlanır? - İcra Hakimiyyətindən açıqlama

 

Cebhe.info-ya daxil olan məlumata görə, axşam saat 18:00-dan etibarən Ağdam rayonunun bir sıra kəndlərində dükan və mağazalar naməlum səbəblərlə bağlanır.

 

Cəbhəyanı ərazidə yerləşən Əfətli, Qaradalı və digər kəndlərdə oxşar vəziyyət hökm sürür. Əhali axşam saatlarında mağazalar bağlı olduğundan çörək, ərzaq ala bilmək üçün daha uzaq kəndlərə getmək məcburiyyətində qalır. Məsələyə aydınlıq gətirmək üçün Ağdam Rayon İcra Hakimiyyətinin Bakı nümayəndəliyi ilə əlaqə saxladıq. Nümayəndəlik məsələni rayonla dəqiqləşdirmək üçün müəyyən qədər zaman istədi.

Daha sonra Cebhe.info-ya bildirildi ki, məsələ dəqiqləşdirilib: “Lakin sizin dediyiniz nüansları təsdiqləyəcək məlumat almadıq. Əldə etdiyimiz məlumatlara görə, həmin ərazilərdə ciddi hadisə baş verməyib. Sadəcə olaraq giriş-çıxışa ciddi nəzarət edilir. Mağazalar işləyir, çörək tapılmaması məsələsi yoxdur. İndi hansı dövrdə yaşayırıq ki, çörək tapılmasın?”

 

P.S. Əslində biz də çörək tapılmır demədik, mağazalar bağlandığından əhalinin axşamlar çörək ala bilmədiyini qeyd etdik. Amma müsahibimiz sualı səhv başa düşdü.

Nigar Məhərrəm

Cebhe.info

 

09:15