“Səməd Vurğun repressiya illərində” mövzusunda konfrans

 

Səməd Vurğunun ev-muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə konfrans keçirilib. Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu elan olunub. İCOM Azərbaycana daxil olan muzeylər üçün “1920-1950-ci illərdə repressiyalar” adlı vahid mövzu seçib. Səməd Vurğunun ev-muzeyində təşkil edilən konfransın “Səməd Vurğun repressiya illərində” adlanması da bu zərurətdən yaranıb.

Konfransı açan ev-muzeyinin direktoru Nüşabə Vəkilova muzeylər gününə həsr edilmiş konfransın mövzusunun zamanın tələbindən doğulduğunu söyləyib. Natiq o qanlı-qadalı illəri yaşamayan, əslində o dövrün mahiyyətini belə dərk etməyən insanların bəzən çox yersiz ittihamlar, böhtanlar, qarayaxmalarla məşğul olduqlarını, təmiz insanlarımızı ləkələməyə çalışdıqlarını, bundan isə cəmiyyətin əziyyət çəkdiyini diqqətə çatdırıb.

Tədbirdə böyük şairin yaradıcılığı müasir ədəbi-ictimai reallıqlar kontekstində araşdırılıb, Səməd Vurğunun dili, dramaturgiyası, əsərlərinin qəhrəmanları, şairin yaradıcılığının Azərbaycan teatrının, ədəbi fikrinin, leksikonunun inkişafına təsiri və digər istiqamətlərdə məruzələr dinlənilib.

Konfransda vurğunşünas alim, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy, professorlar Tofiq Məlikli, Rüstəm Kamal və Əlizadə Əsgərlinin çıxışları maraqla qarşılanıb. Məruzələr ətrafında müzakirələr aparılıb. Müzakirə çərçivəsində alimlər- İsmayıl Umudlu, Məti Osmanoğlu, İradə Musayeva şairin yaradıcılığının daha geniş aspektdən araşdırılmasının vacibliyini söyləyiblər. “Azərbaycan” jurnalının baş redaktoru  İntiqam Qasımzadə, şairlər Zaməddin Ziyadoğlu, Zərəngiz Qayalı və başqaları ölməz şairin yaradıcılığına diqqətlə yanaşılmasının vacibliyini vurğulayıblar.

Xudaferin.eu

 

09:17