Sakaryada “Molla Pənah Vaqif ili” konfransı

 

Türkiyənin Sakarya şəhərində Uluslararası Türk Kültür Təşkilatı (TÜRKSOY) tərəfindən XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan edilməsi layihəsi çərçivəsində konfrans düzənlənib.

Uluslararası Türk Kültür Təşkilatının, Türkiyə Kültür və Turizm nazirliyinin, Azərbaycan Milli Kitabxanasının, Uluslararası Türk Kültür və İrsi Fondunun birgə təşkilatçılığı ilə Sakaryadakı AKM Mədəniyyət Mərkəzində keçirilən konfransda rəsmi şəxslər, deputatlar, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, tələbələr, QHT və KİV təmsilçiləri, Vaqifsevərlər və digərləri iştirak ediblər. Konfransdan əvvəl TÜRKSOY rəhbərliyi və Azərbaycan nümayəndə heyəti Sakarya Böyükşəhər Bələdiyyəsinin sədri Zeki Toçoğlu ilə görüşüb. Söhbət zamanı Türk Dünyasının ünlü  şəxsiyyətlərinin qarşılıqlı olaraq tanıdılması yönündə görülən işlər yüksək qiymətləndirilib. Azərbaycan tərəfdən “Azərbaycan xalçaları-İrəvan qrupu” kitab və albomu, o cümlədən TÜRKSOY-un Türk Dünyası mədəniyyətinə aid nadir nəşrləri Sakarya Böyükşəhər Bələdiyyəsinə hədiyyə olunub.

Sakarya Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə təşkil olunan konfrans Uluslararası Türk Kültür Təşkilatı-TÜRKSOY-un ötən dövrdəki fəaliyyəti, əldə etdiyi uğur və nailiyyətləri əks etdirən filmin nümayişi ilə başlayıb.

Molla Pənah Vaqifin həyat və yaradıcılığını əks etdirən filmin nümayişi konfrans iştirakçılarında Vaqif şəxsiyyətinin ucalığı barədə zəngin təəssürat yaradıb. Professor Mehdi Ergüzelin sədrliyi ilə keçirilən konfransda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa İsen, Avrasiya Yazıçılar Birliyinin sədr müavini, şair Ali Akbaş və dosent Yıldız İsmailova çıxış ediblər.

TÜRKSOY-un tarixi missiyasını yüksək dəyərləndirən Düsen Kaseinov və Mustafa İsen Türk Dünyasının dahi şəxsiyyətlərinin, mədəni irsinin araşdırılması və təbliğ edilməsi çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, TÜRKSOY yaranmış tarixi şəraitə uyğun olaraq eyni kökdən olan türkdilli xalqları ortaq mədəni maraqlar ətrafında birləşdirməyi qarşısına məqsəd qoyub. Əminliklə ifadə olunub ki, türk xalqlarının dünya şöhrətli ədiblərinin həyat və fəaliyyətinin tanıdılmasına göstərilən diqqət və qayğı, onların əsərlərinin müxtəlif dillərə nəşr edilməsi, həmçinin bu səpkidən olan digər işlər türkdilli xalqları daha möhkəm tellərlə bağlayır və qarşılıqlı olaraq tanıdır.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Zülfiyyə İsmayılova Türkiyənin böyük şairi Nəsib Fazil Kısakürəkin “Sakarya” və Vaqifin şeirlərindən nümunələr oxuyublar. Sonda türkiyəli aşıq Səlahəddin Dündar sazda ifa ilə Vaqifin şeirlərindən parçalar səsləndirib. Konfrans çərçivəsində Azərbaycan Milli Kitabxanasının arxiv fondunda saxlanılan, M.P.Vaqifin yazdığı, haqqında qələmə alınan və başqa dillərə tərcümə olunmuş əsərlərdən ibarət 100-dən artıq nadir kitabın sərgisi keçirilib.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

10:55