Rumıniyada baş nazirin istefası tələbilə aksiya keçirilib

Rumıniyanın paytaxtı Buxarestin "Qələbə meydanı"nda yerləşən Hökumət evinin qarşısında baş nazir Viorika Dençilanın istefası tələbilə aksiya keçirilib.

Xudaferin.eu  Şərqi Avropa bürosu xəbər verir ki, təqribən 500-ə yaxın aksiyaçı "İstefa", "Viorika, unutma ki, Rumıniya təkcə sənin deyil" - kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, dünən ölkə prezidenti Klaus İohannis də baş nazir V. Dençilanı vəzifəsinin öhdəsindən gələ bilməməsi səbəbindən istefa verməyə çağırıb. Buna səbəb isə 3 gün əvvəl baş nazirin ölkə prezidentilə məsləhətləşmədən İsrailə səfər etməsi, Rumıniya səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi məsələsinin müzakirəsi və xarici siyasət məsələlərində səlahiyyətlərini aşmasıdır.

V. Dençilanın aksiyaçılara cavabı gecikməyib. Ölkə televiziyalarından birinə müsahibə verən baş nazir istefa vermək niyyətində olmadığını bildirib. "İstefa vermək üçün heç bir əsas və səbəb görmürəm. Hələ ki, mən hökumətdə olan koalisiya tərəfindən dəstəklənirəm. Hesab edirəm ki, baş nazir olduğum 3 ay ərzində bir çox uğurlu nəticələr əldə etmişəm", - deyə o, əlavə edib.

Xanım baş nazir İsrailə səfəri zamanı imzalanan "gizli saziş"ə də aydınlıq gətirib. “Mən, eləcə də Xarici İşlər Nazirliyivə Rumıniya hökuməti hesab edirik ki, düzgün addım atmışıq. Biz günü sabah Rumıniya səfirliyini Qüdsə köçürəcəyimiz barədə danışmamışıq, sadəcə bu məqsədlə bütün idarələrlə müzakirə edəcəyimiz bir platformanın əsasını qoymuşuq. Memorandumda da bu əksini tapıb. Lakin buna qədər prezidentlə həmin məsələni müzakirə edə bilməzdik" - deyə V. Dençila vurğulayıb. Ölkə konstitusiyasına görə, baş naziri vəzifəsindən uzaqlaşdırmaq səlahiyyəti prezidentə yox, parlamentə məxsusdur. Parlamentdə isə V. Dençilanın təmsil olunduğu Sosial-Demokrat Partiyası səs çoxluğuna malikdir.

Qeyd edək ki, baş nazir ötən gün ölkənin sosial-iqtisadi və bank sektorundakı vəziyyəti müzakirə etmək məqsədilə K. İohannislə prezident iqamətgahı “Cotroceni”də nəzərdə tutulan görüşə getməkdən də imtina edib.

12:54