Qədim Tiflisin işıqlı zülməti

 

“Qədim Tiflis”adlı kitabım bu yaxınlarda təkrar olaraq Bakıda “Qanun” nəşriyyatı tərəfindən işıq üzü görmüşdür. Dostum, istedadlı şair Rafiq Hümmətin kitabın birinci, eləcə də ikinci nəşrində kitaba yazdığı ön sözü oxucuların marağını nəzərə alaraq saytımıza yerləşdirirəm.

Hörmətlə Mirzə Məmmədoğlu.

Bu unikal kitabı «Ön söz»süz də alın açıqlığı ilə hör­mətli oxuculara təqdim etmək olardı. Çünki onun «Qədim Tiflis» adının və bu adın işığında toplanmış qosqocaman toponimlərin, saysız əski rəsm və fotoşəkillərin özlərinin də «dil açıb», çox şeylər «söyləməsini», şəxsən mən heç bir mübaliğəyə yol vermədən iddia edə bilərəm. Onu da iddia edə bilərəm ki, az qala hər səhifəsi mənim gözlərim önündə yaranan bu kitaba onun müəllifi bir çox alimciklərin bir ömürlük elmi fəaliyyətlərindən daha çox zaman sərf edib. Bu da, şübhəsiz ki, müəllifin istedad və bacarığı ilə bərabər, həm də ömrünün əsas hissəsini qoynunda yaşadığı və yaşamaqda olduğu bu gözəl şəhərə bəslədiyi dərin sevgi və sayğısından irəli gəlir.

Mirzə Məmmədoğlu 1957-ci ildə Tbilisi şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Uzun illər jurnalistika sahəsində çalışıb. Azərbaycanın və Gürcüstanın çeşidli mətbu orqanlarında müxtəlif səpgili yazıları ilə çıxış edib. Hazırda daha çox araşdırma və tərcüməçilik fəaliyyəti ilə məşğul olur. Oxuculara təqdim olunan bu kitab da onun səmərəli yaradıcılığının tərkib hissəsidir.

Müəllifin topladığı bilgilərə görə, Tiflisin yaranması Vaxtanq Qorqasalın adı ilə bağlıdır. Belə nəql olunur ki, çar Vaxtanq Qorqasal o vaxtlar Gürcüstanın paytaxtı olan Msxeta ətrafında ova çıxıbmış. Çarın şahini səmadakı qırqovulun arxasınca düşdüyünə görə, onlar yavaş-yavaş Msxetadan uzaqlaşırlar. Nəhayət, qırqovulun üzərinə şığıyan şahin onu yerə saldırır. Hər iki quş gölməçəyə düşür. Çar görür ki, quşlar qaynar gölməçədə bişmişlər. Beləcə, Qorqasal, suyu qaynar olan bulaq aşkar edir və həmin yerdə şəhər salmağı qərara alır. Adının mənası gürcücə «isti su» anlamını verən Tiflis şəhəri belə yaranır. Qeyd edək ki, həmin bulaqlar əsasında tikilmiş hamamlar ulu Yaradanın möcüzəsi və töhfəsi sayıla biləcək isti sularla uzun əsrlərdir ki, fasiləsiz olaraq təmin olunur.

Dostum Mirzə Məmmədoğlunun uzun illər üzərində işlədiyi bu kitab Azərbaycan oxucusu üçün həm də ona görə qiymətlidir ki, Tiflis bir məkan kimi, ilk öncə gürcü, xristian maddi-mənəvi dəyərlərinin daşıyıcısı və qoruyu­cusu olmaqla bərabər, həm də türk, islam, şərq dünyagö­rüşünün formalaşdığı və inkişaf etdiyi yörələrdən biridir. Bir çox saxta tarixçilərin iddia etməsinə baxmayaraq, Tiflis nəinki Şərq və Qərb mədəniyyətlərinin toqquşduğu, islam-xristian dəyərlərinin bir-birini sıxışdırdığı məkandır, tam əksinə, sinəsi çoxsaylı müharibələrə meydan olmasına baxmayaraq, bu qədim və bənzərsiz şəhər əsrlər uzunu müxtəlif ideologiyaların, dinlərin, mədə­niy­yət­lərin bir-biri ilə çulğaşıb, tərəqqi etdiyi məkan olmuşdur. Və heç şübhəsiz, həm bu səbəbdən, həm də müəllifin sadaladığı digər səbəblərdəndir ki, Tiflis və Tiflisətrafı toponimlərin böyük əksəriyyəti ya gürcü, ya da türk-ərəb-fars mənşəli sözlərdən və ya söz birləş­mə­lərin­dən ibarətdir. Bu baxımdan təhlil edəndə, Tiflisin Azər­bay­can ədəbi-tarixi-ictimai fikrində, mədəniyyətində, üm­u­mi dünyagörüşündə nədən bu qədər önəmli yer tutduğu tamamilə aydınlaşır. Hələ mən bu yerdəcə doğuşu, həya­tı, yaşam və yaradıcılığı bu əsrarəngiz şəhərlə birbaşa bağlı olan onlarla dahi Azərbaycan türkünün siyahısını təqdim etməyə o qədər də lüzum görmürəm.

Orası da maraqlıdır ki, «Qədim Tiflis» kitabındakı toponimlərdən, az da olsa, bir qismi öz qədim ad və ünvanını indi də qoruyub saxlamaqdadır. Bir çox tarixi, ədəbi mənbələrdən istifadə olunmaqla, kitabda Tiflisdə və onun həndəvərində mövcud olan iki yüzdən çox toponim, onların ehtiva etdiyi məna, hazırkı durumu, bir çox meydan, qala, məbəd, küçə və digər ərazilərin, ayrı-ayrı tarixi şəxsiyyətlərin rəsmi və ya fotoşəkli öz əksini tapıb. Buradaca bir faktın altını cızaraq, xüsusi olaraq qeyd etmək istəyirəm ki, «Qədim Tiflis» kitabındakı bütün materiallar, müəllifin yozum və fantaziyası əsasında deyil, istisnasız olaraq, təsdiqlənmiş, fəqət, uzun zaman pərakəndə şəkildə səpələnmiş fakt və mənbələrin işığında qələmə alınıb. Və müəllifin bu kitabla qazanacağı uğur ona görə şəksizdir ki, o, öz doğma Azərbaycan türkcəsi ilə bərabər, gürcü və rus dillərini də kamil bilir, bu dillərdə olan gərəkli kitabları və arxiv materiallarını, həmçinin, müxtəlif tarixi rəsm və fotoşəkilləri əldə etmək üçün son quruşunu belə əsirgəməməyi bacarır. Uzun bir sürədir ki, ədəbi-bədii yaradıcılıqla birgə, bədii və tarixi tərcümə işi ilə də uğraşması bu işdə onun karına gəlmişdir. Tarixçilər, etnoqraflar, coğrafiyaşünaslar, diyarşünaslar, müəllim və tələbələr üçün qiymətli mənbə olacaq bu kitabın geniş oxucu kütləsi üçün maraqla qarşılanacağına inanaraq və Tiflisin qədimlərdən qədim qaranlığına işıq saldığına görə, yazar qardaşım Mirzə Məmmədoğlunu təbrik edir və ona qələm dostları adından dərin təşəkkür duyğularımı sunuram.
 

Rafiq Hümmət,

Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri

 

09:59