“Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsi davam edir

 

“Azərbaycan xalçaçıları” İctimai Birliyi prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsi çərçivəsində Tərtər rayonunun Qapanlı, Qaradağlar, Bəyimsarov kəndlərində və Tərtər şəhərində xalçaçılarla görüşərək, bölgədə müvafiq sənət sahəsinin inkişafına dair sorğu keçirib.

 

“Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, professor Röya Tağıyevanın rəhbərliyi ilə Zahid Abbasov, Günel Əli, Rauf Umudovdan ibarət işçi qrupu Tərtər Rayonu İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovla, Mədəniyyət və Turizm Nazirliyi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Tərtər rayonu üzrə nümayəndəsi Gündüz Mürsəlovla və bölgədə yaşayan xalçaçılarla görüşüblər.

Görüşlərdə işçi qrupunun üzvləri Telman Məmmədovun müşayiəti ilə xalçaçıların əl işlərinə baxıb, xalçaçılığın inkişafı üçün xammal ehtiyatlarını araşdırıb, xalçaçılığa marağı araşdırıblar.

Hazırda Tərtər rayonunun Bəyimsarov kəndində yaşayan, əslən Basarkeçər rayonunun Kəsəmən kəndindən olsa da Gəncədə dünyaya gəlmiş Bayram Quliyev toxuduğu Göyçə çeşniləri haqqında danışıb və onları böyük həvəslə yenidən toxumağa hazır olduğunu söyləyib. 

Şölə Məmmədova isə anası Qumru Qoca qızı Məmmədovanın 1960-cı ilin yanvar ayında toxuduğu “Malıbəyli” xalçasını göstərib, bu sənəti anasından öyrəndiyini və Qarabağ xalçaçılığı ənənələrini davam etdirdiyini bildirib.

Bölgədə müxtəlif yaşda insanlar, xüsusən uşaqlar və gənclər arasında xalçaçılığa böyük həvəsin olması işçi qrupun sevincinə səbəb olub və yeni ideyaların yaranmasına əsas verib. Layihənin yekununda “Azərbaycan xalçaçıları” İctimai Birliyi Qarabağ xalçaçılarının elektron bazasını və layihə haqqında kitabçanı geniş ictimaiyyətə təqdim edəcək, eyni zamanda, Cəbrayıl, Füzuli, Ağdam və Tərtər rayonlarında xalçaçılar arasında işlər davam edəcək.

Xudaferin.eu
“Qarabağ Bürosu”

 

08:57