"Ən yaxşı nə varsa, Novruzdadır"

 

Türkiyənin Karabük Universitetində 21 Mart Novruz Bayramı elmi konfrans və əyləncəli tədbirlərlə qeyd edildi.

Rektor müavinləri professor Mustafa Yaşar və professor İbrahim Kurtul, Meşə Təsərrüfatı müdiri Rıfat Ataş, bölgənin Mədəniyyət və Turizm üzrə müdiri İbrahim Şahin, Karabük Ticarət müdiri Feridun Karataş, ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri, universitetin akademik və inzibati personalı, o cümlədən, tələbələr iştirak edirdi. Proqramın açılışında Karabük Universitetinin Beynəlxalq Əlaqələr Fakültəsinin müəllimi, dosent Mərziyyə Məmmədli Novruzun türk dünyasındakı əhəmiyyətinə toxundu, onun bahar bayramı olduğunu vurğuladı. Safranbolu Peşə Texnikumunun müəllimi Mahirə Qayıbova isə çıxışında Novruzun mədəni dəyərlərindən bəhs edərək onun türk dünyasında milli şüur ​​faktoru kimi rolundan danışdı. M.Qayıbova Novruz Bayramının əsrlərdir bu geniş coğrafiyada mədəniyyət zənginliyinin məxrəcində birləşən xalqlar tərəfindən keçirildiyinə işarə edərək türklərdə əsil yeni ilin 21 Mart Novruzdan başlandığını söylədi: “Xalqın bağrından qopub gələn ən yaxşı nə varsa, Novruz onu özündə toplamışdır."

Ədəbiyyat fakültəsinin müəllimi, dosent Cıldız İsmayılova da çıxışında Novruzun yeni və ümid dolu günləri, yazı, bolluq və bərəkəti müjdələyən bir bayram olduğunu bildirdi. 

Çıxışçılardan sonra mahnılar oxundu, piano ifası səsləndi və xalq rəqsləri oynanıldı. İlk olaraq Gülfayruz İmamgızı tərəfindən "Dombıra" səsləndirildi. Daha sonra İlhamə Məmmədli Azərbaycan bəstəkarı Adil Bəbirovun "Pirelüt" əsərini pianoda ifa etdi. Azərbaycan mahnıları "Ala gözü" Buse Baytekin, "Əziz Dostum"u isə Gülmirə Zeynalova oxudu. Proqram Azərbaycan, qırğız və özbək xalq rəqsləri ilə davam etdi.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

09:52