Meksikanın “Pulse News” qəzeti: “Xocalı soyqırımı, arzuların məhv edildiyi gecə”

Meksikanın nüfuzlu ingilisdilli “The Pulse News” qəzetində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Məmməd Talıbovun “Xocalı soyqırımı, arzuların məhv edildiyi gecə” adlı məqaləsi dərc olunub.

Məqalədə Xocalı soyqırımının müasir tarixin ən faciəvi və dəhşətli səhifələrindən biri olduğu qeyd edilərək, onun hər bir azərbaycanlının qəlbində bir ağrı olaraq qaldığı bildirilir. Xocalı əhalisinin uzun zaman erməni faşistlərinin blokadası altında yaşadığı və 27 il öncə bir gecənin içində amansızcasına məhv edildiyi diqqətə çatdırılır.

Erməni təcavüzkarlarının misli görünməmiş qəddarlıqla şəhərin günahsız əhalisini qadın, uşaq və yaşlı demədən qətlə yetirdiyi, onlara dəhşətli işgəncələr verdiyi bildirilir. Xocalı faciəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində yeganə olmadığını və bu kimi dəhşətlərin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərində də təkrarlandığı qeyd olunur.

Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tədricən tanındığı vurğulanır və Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli hadisələr barədə həqiqətləri dünyaya çatdırmaqda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” kampaniyasının müstəsna rolu qeyd edilir.

Meksikada yaşayan azərbaycanlıların hər il olduğu kimi, Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Mexiko şəhərinin Tlakskoake meydanında ucaldılan “Xocalı soyqırımı” abidəsi qarşısında yığışdıqları qeyd olunur.

Xocalı dəhşətlərini yaşamış insanların, Azərbaycanın işğal olunmuş ərazilərindən, öz yurdlarından didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkünün dünyaya üz tutaraq ədalət tələb etdiyi, onların öz doğma torpaqlarına geri qayıtmalarını gözlədiyi vurğulanır. Sülh üçün, ilk növbədə, ədalətin bərqərar olmasının vacibliyi qeyd edilir.

Xudaferin.eu

23:18