Makron və Le Penin sonuncu teledebatını 16,5 milyon tamaşaçı izləyib

 

Fransa prezidentliyinə namizədlər – “İrəli” hərəkatının banisi, ölkənin sabiq iqtisadiyyat naziri Emmanuel Makronun və “Milli cəbhə” partiyasının lideri Marin Le Penin yerli telekanallarda yayımlanan teledebatı təxminən 16,5 milyon tamaşaçı auditoriyası toplayıb.

France-Presse agentliyinin “Mеdiamеtrie” kompaniyasının məlumatına görə, 2,5 saat davam edən teledebat yerli telekanallarda canlı yayımlanıb. Teledebatların təşkilatçıları olan TF1 və “France2” telekanallarında müzakirələri 15,1 milyon tamaşaçı izləyib. Milyon nəfərdən çox insan isə teledebata digər kanallarda baxıb.
Fransa prezidentliyinə namizədlər sonuncu – sayca üçüncü teledebata seçkilərin həlledici turuna 3 gün qalmış, mayın 3-də axşam saatlarında çıxıblar. Sosioloji sorğunun nəticələrinə əsasən, tamaşaçıların 63 faizi bu teledebatda Makronun Le Pendən daha yaxşı təsir bağışladığını bildirib. Fransızların 34 faizi üstünlüyü “Milli cəbhə” partiyasının namizədinə verib, 3 faizi isə fikrini bildirməkdə çətinlik çəkib.

Xatırladaq ki, Fransada prezident seçkilərinin aprelin 23-də baş tutan birinci turunda 24,01 faiz səs toplayan Emmanuel Makronla 21,3 faiz səs yığan Marin Le Pen növbəti tura vəsiqə qazanıblar. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

Xudaferin.eu
“Avropa Bürosu”

17:24