Maestro Niyazinin xatirəsinə həsr olunmuş musiqili gecə

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar artist Gülnaz İsmayılovanın “Həyat musiqidir” adlı konsert proqramı keçirilib.

“Mədəniyyət” kanalının və filarmoniyanın təşkilatçılığı ilə reallaşan konsert görkəmli dirijor, xalq artisti Maestro Niyazinin xatirəsinə həsr olunub. Konsertdə “Qaytağı”, “Koroğlu” operasından Nigarın, “Nərgiz” operasından Nərgizin ariyaları, “Arzu”, “Sevil” operasından Sevilin ariyası və Dilbərin mahnısı, “Azərbaycan rəqsi”, “Qızıl üzük”, “Bakı haqqında mahnı”, “Gözün aydın” operettasına uvertüra, “Arşın mal alan” operettasından Əsgər və Gülçöhrənin dueti, “Evləri var xana-xana”, “Xumar oldum”, “Azərbaycan elləri” əsərləri səsləndirilib.

Gecədə əməkdar artistlər Gülnaz İsmayılova və Anar Şuşalı çıxış ediblər. Solistləri Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edib. Konsertdə milli musiqi ilə yanaşı, Qərbi Avropa bəstəkarları Cakomo Puççini və Şarl Qunonun əsərlərindən müxtəlif ariyalar da səsləndirilib.

Xudaferin.eu
“Bakı Bürosu”

09:41