Madriddə şəhər tullantılarını daşıyan işçilər tətilə hazırlaşırlar

 

İyunun 12-dən etibarən Madrid şəhərinin tullantıları qeyri-müəyyən müddətədək daşınmayacaq. Belə ki, şəhərin tullantılarını daşıyan işçilər tətilə başlayacaqlar. Tətillərə səbəb işçilərin sayının azaldılması, əməkhaqlarının artırılmaması və qeyri-iş günlərinin azlığıdır.

Həmkarlar ittifaqının üzvləri şəhər meriyası ilə bir dəfə danışıqlar aparsalar da nəticə əldə olunmayıb. Bununla bağlı iyunun 5-nə yenidən görüş planlaşdırılıb. Vəziyyəti gərginləşdirən daha bir amil isə odur ki, iyunun 23-dən iyulun 2-dək Madriddə cinsi azlıqların paradı keçiriləcək və bununla bağlı şəhərə bir milyonadək insan axın edəcək. Tətil o vaxtadək davam edəcəyi halda şəhərdəki antisanitariya pik həddinə çatacaq.

Qeyd edək ki, sonuncu belə tətil 2013-cü ilin oktyabrında olmuş və 13 gün davam etmişdi. Bu müddətdə şəhərdə ciddi antisanitariya hökm sürmüşdü. Həmin aksiya zəhmətkeşlərin qələbəsi ilə nəticələnmişdi. Güzəştə gedən hökumət 1134 işçinin ixtisara salınması barədə qərarı ləğv etmişdi.

Xudaferin.eu
“Avropa Bürosu”

11:19