İraq Kürdüstanında keçirilən qeyri-qanuni referendumun nəticələri ləğv olunmalıdır

 

Oktyabrın 10-da İraqın Azərbaycandakı səfirliyində bu il sentyabrın 25-də Kürdüstan bölgəsində keçirilən müstəqillik referendumuna həsr olunan mətbuat konfransı təşkil edilib.

İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Əl-Şuveyli bu referendumun qeyri-konstitusion olduğunu bildirib. O deyib ki, bütün dünya, həmçinin Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr bu referendumun qeyri-rəsmi olduğunu təsdiqlədi. Kürdüstanda olan neft yataqları İraqın sərvətidir və mərkəzi hökumətin haqqı var ki, bu yataqlara nəzarəti bərpa etsin. Ölkənin birliyini saxlamaq üçün ən yaxşı yol dialoqdur. Kürdlər İraqın ayrılmaz tərkib hissəsidir. Amma Baş nazir, Ali Baş Komandanın əlində bütün vasitələr var ki, İraqın suverenliyini, ərazi bütövlüyünü bərpa etsin.
Diplomat qeyd edib ki, Kürdüstan rəhbərliyinin qanunsuz referendum keçirməsinə cavab olaraq kürd regionu ilə bütün sərhəd-keçid məntəqələrinin bağlanması qərara alınıb. Bundan əlavə, İraqın mərkəzi hökuməti onlardan aeroportlar da daxil olmaqla, sərhəd-keçid məntəqələrinin Bağdadın nəzarətinə verilməsini tələb edir. Müvəqqəti işlər vəkili deyib ki, kürdlərin guya hakimiyyətdən kənarda qalmaları barədə fikirlər əsassızdır. Kürdlər İraq hökumətində bir çox yüksək vəzifələr tuturlar. Kərkük vilayəti də İraqın bir hissəsidir, Kürdüstanın haqqı çatmır ki, onu öz ərazisi elan etsin. Biz Kərkükün de-fakto istilasına etiraz edirik. Kərkük elə bir yerdir ki, orada İraq xalqının bütün nümayəndələri dinc şəraitdə yaşayırlar. Kürdlərin özlərində belə bu referendumla bağlı parçalanma baş verib. Onlar bir partiyanın digər partiya üzərində üstünlüyünə etiraz edirlər.

Diplomat xatırladıb ki, dünya ictimaiyyəti bu məsələdə İraqı dəstəkləyir və referendumu qeyri-qanuni sayır. Federal hökumətin haqqı çatır ki, bütün hava limanlarına nəzarət etsin və qanunsuz sərhəd-keçid məntəqələrini bağlasın. İraq hökuməti məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Qeyri-qanuni referendumun nəticələri ləğv olunmalıdır, sonra İraq hökuməti danışıqlara başlayacaq və qərarlar qəbul ediləcək. İraq hökumətinin bir nömrəli vəzifəsi hər bir vətəndaşının təhlükəsizliyini təmin etməkdir. İraq daim istənilən ölkənin ərazi bütövlüyünü dəstəkləyir.

Xudaferin.eu
“Bakı Bürosu”

10:02