II Türk Dünyası Sənədli Filmlər Festivalı çərçivəsində “Sıraç” və “Yol” filmləri

 

Nizami Kino Mərkəzində Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Yunus Əmrə İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə II Türk Dünyası Sənədli Filmlər Festivalının rəsmi açılışı olub.

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, səfirliyin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi, Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmir çıxış edərək festivalın müxtəlif ölkələrdə yaşayan türklərin zəngin mədəniyyətə malik dəyərlərini tanıtmaq və dünyaya təqdim etmək baxımdan əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, “6 ölkə, 1 festival” devizi ilə təşkil edilən festival qardaş türk xalqlarının bir-birilərini daha yaxından tanımalarına xidmət etmək məqsədi daşıyır. Vurğulanıb ki, bu ildən etibarən festivalda mərhum azərbaycanlı rejissor Tofiq İsmayılovun xatirəsinə xüsusi mükafat təyin edilib. Mükafata Başkortstandan Kirsten Qaynetin “7 Maidens Theatre” filmi layiq görülüb.

Daha sonra Azərbaycan və Türkiyə istehsalı olan iki sənədli film - “Sıraç” və “Yol” nümayiş etdirilib. Türkiyəli rejissor Gülşən Sarunun “Sıraç” filmi festivalda üçüncü yerə layiq görülüb. Filmin mövzusu Türkiyənin Tokat, Yozqat, Sivas, Çorum bölgələrində yaşayan türkmən Sıraç tayfasının mədəni dəyərləri və yaşam tərzi ilə bağlıdır. Sıraçlar Səfəvi İmperiyasının qurulmasında iştirak etmiş Oğuzun Bəydilli tayfasına məxsusdurlar.

Azərbaycanlı gənc rejissorlar, Bakı Dövlət Universitetinin tələbələri Azər Ağayevlə Rəvanə Səmədovanın “Yol” filmi də festivalda fərqlənən filmlərdən olub. Bu ekran işində XIX-XX əsrlərdə dəfələrlə sürgünə məruz qalan Axıska türklərinin keşməkeşli həyatından bəhs olunur. Filmdə bu əzabkeş türklərin Stalinin deportasiya siyasəti, Fərqanə hadisələri və digər hadisələr nəticəsində sürgün olunması və Azərbaycanda yeni, doğma torpaqlardan uzaq həyata alışma prosesi əksini tapıb.

Xudaferin.eu
“Bakı Bürosu”

09:17