Həsən Ağasoy: “Arazın o tayı vətənim, bu tayı vətənimdir...”

Cəlil Məmmədquluzadə adına  Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, xalq artisti Həsən Ağasoy Naxçıvanda olan mədəni mühit barəsində, həm də öz yaradıcılığı barəsində ona ünvanlanan bütün suaları səmimi olaraq cavablandırdı.

 

- Naxçıvanda teatr mühiti nə vəziyyətdədir?

 

- Bu gün təkcə Naxçıvanda deyil, Azərbaycanın bütün teatrlarında tamaşaçı problemi yaşanır. O cümlədən paytaxt Bakıda yerləşən Akademik Milli Dram Teatrında da tamaşaçı problemi var. Naxçıvan kiçik bir yerdir, əhalisi də Bakıdan xeyil azdır. Buna görə də, afişanı teatr binasının qarşısına qoyub insan axınını gözləmək böyük bir ağılsızlıq olardı. Tələbələr və gənclərdə teatra maraq oyatmaqdan ötrü geniş təbliğatlar aparılır. Tamaşalar təşkil olunur. Tamaşanın mənası gənc nəslə öyrədilir və eləcə də afişalar universitetlərə paylanılır. Bir sözlə, tamaşaçılarımızın əksəriyyəti gənclərdən ibarətdir.  Naxçıvan Teatrının öz qədim tarixi və adətləri var. Cəlil Məmmədquluzadə adına  Naxçıvan Dövlət Musiqili Dram Teatrı 1883-cü ildə yaranıb, o vaxtdan bu günə kimi Azərbaycan teatr sənətinin ən böyük nəhəngləri—Mirzə Cəlil, Sidqi Ruhulla, Rza Təhmasib və digərləri bu tearda çalışıbdır. Teatırımız həm də böyük bir məktəbdir.

 

- Həsən bəy, istərdik ki, öz yaradıcılığınız barəsində oxuyucularımızı bilgiləndirək.

 

- Mən 1958-ci il mart ayının 27-də, yəni Uluslararası Teatr Günündə, Culfa rayonun Gülüstan kəndində, Araz çayının tam yanında olan bir məkanda dünyaya göz açmışam. Məktəbdə oxuduğum illərdə yerli dram dərnəyində fəal iştirak etmişəm. O dönəmlərdə  xüsusilə  çoxlu mütaliələr edirdim. Bu gün gənclərin ən böyük problemlərindən biri də mütaliə etməmələridir. Əgər bir aktyor hansısa tarixi bir obrazı canlandıracaqsa, gedib həmin tarixi obraz haqqında kitablar oxumalıdır. Yaradacağı obrazın yaşadığı mühitini mənimsəməlidir. Hansı şəraitdə necə hərəkət eməli olduğunu bilməlidir. Sadəcə monoloqları, ssenarini əzbərləməklə iş bitmir. Aktyorun  həm də geniş dünya görüşü olmalıdır. Mən məktəbdə oxuyarkən artiq Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasındakı İsgəndərin,   Şekspirin “Hamlet” əsərində Hamletin və digər məşhur dram əsərlərindəki  obrazların monoloqlarını əzbər bilirdim. Həyatda elə suallar var ki, biz özümüzə veririk, amma cavabını tapa bilmirik. Onu sənətin dili ilə, şeirin dili ilə, sözün dili ilə axtarıb tapmaq istəyi məni bu sənətə gətirdi. Elə şeylər var ki, düşünürsən, onu dilinə gətirə bilmirsən. Amma bədii əsərlərin dili ilə insan üçün lazım olan o fikirləri deyəndə mənən rahatlıq tapa bilirsən. Buna görə də əsərlərlə, müxtəlif şairlərin şeirlərini oxumaqla içimdə olan bu boşluğu doldurardım. Uşaqlıq çağlarımda, haradasa altıncı-yeddinci sinifdə oxuyarkən, Arazın qırağında, kənd yerində o tayda bir çoban heyvanları çayın yanına endirirdi. Qardaşım Nazimlə bərabər idik. Dəmir yolunun üstünə çıxdım və dedim ki, o çobanla danışmaq istəyirəm. Qardaşım orada rus əsgərlərinin olduğunu desə də, heç buna məhəl qoymadım. “Salam, ay əmi” —dedim. “Əleyküm Salam”—dedi. O çobanın da adı Həsən idi. Ona bir şeir oxudum:

Arazın o tayı vətənim, bu tayı vətənim,

Vətəni görməyə amanım yox mənim.

Bu necə vətəndir, görmədim üzünü, çatsam da bu yaşa,

Ömründə bir dəfə bəs salam verməzmi qardaş da qardaşa?!

 

Bu qəmim, bu dərdim dağlardan ağırdı,

Arazın suyuna qarışıb axıram.

Füzuli qürbətdən vətənə baxırdı,

Mənsə vətəndən vətənə baxıram.

 

Elə bu anda rus əsgərləri bizə tərəf gəlməyə başladı. Biz də məcbur olub geri qayıtdıq.  Bax bu Vətən sevgisini, həsrətini bir parça şeir deməklə özümüzdə təsəlli tapırıq. Elə bu istək də məni sənətə gətirdi. Sənədlərimi 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakultəsinə verdim. O zaman əsas şərtlərdən biri də bu idi ki, respublikamızın teatr sahəsində ən məşhur simaları aktyorluq fakültəsinə daxil olmaq istəyənləri sınaqdan keçirirdilər. Aktyor olmaq istəyinin boyunu, səhnəyə uyğun olub olmamasını, nitqini, plastikasını, səsini və digər imkanlarını üzə çıxartmaq bacarğını yoxlayırdılar. Bu sınaqdan çıxa bilənləri qəbul imtahanlarına girməsinə izin verirdilər. İmtahan vaxtı isə ən seçkinlərin arasından istedadı olanları qiymətləndirirdilər. Mənim qəbul imtahanımı SSRİ xalq artisti, görkəmli rejissor və teatr xadimi Adil İsgəndərov götürmüşdü.

- Adil İsgəndərov  böyük rejissor idi. Onun zamanında əhali tamaşalara axınla gələrdi. Bəs indi həmin teatrlara olan ilgi niyə yoxdur?

 

- Naxçıvanda, Bakıda və ya hər hansı televiziya tamaşalarına baxanda ürəyimdən bir fikir ötür: Heyf o günlərə. Əsl sənət onda var idi. Niyə indi kardlar yetişmir? Niyə indi elə böyük rejissorlar yoxdur? Niyə aktyorlar əvvəlki kimi deyil? Mənə belə gəlir ki, hər dövrün öz xüsusiyyəti var. Bizim yaxşı aktyorlarımız da var, rejissorlarımız da var. Bütün bunlarla yanaşı, indi çağdaş dönəmin ədəbi-bədii dəyərini, onun ruhunun estetik inanc və görüşələrini dramaturgiyaya gətirən dramaturqlarımız və yazarlarımız demək olar ki, yoxdurlar. Teatrlarımız demək olar ki, keçmişdəki məşhur dramaturqlarımızın, ya da dünya dramturgiyasının ən yaxşı örnəklərini oynamaqla vəziyyətdən çıxırlar. Əsil dramaturq teatrın mətbəxində yetişməlidir. Cəfər Cabbarlı, Sabir Rəhman, Cabbar Məcnunbəyov, İlyas Əfəndiyev və digər ünlü dramaturqlarımız məhz milli teatrımızın mətbəxində yetişiblər. Teatrlarımızın nəzdində aktyor, rejissor, bəstəçi və dramaturqlar sənət baxımdan mədəni mühitimizin qaynar ruhunu araşdırıb onu sənət baxımından gündəmə gətirməlidirlər. Teatr salnaməmizin tarixinə diqqət yetirdikdə bütün bunların canlı şahidinə çevrilirik. Hər bir tamaşa uzun-uzadı incələnməlidir. Əldə olunan uğurlar və ya problemlərin hər biri müzakirə edilməlidir ki, növbəti dəfə daha üstün səviyyədə həmin əsərləri maraqla oynamaq mümkün olsun. Professional sənətə gəldiyim dönəmlər tamamilə başqa səviyyədə idi. Bir tamaşanı təhvil verəndə doğurdan da böyük bir hadisəyə çevilirdi. Bir dəfə Adil İsgəndərov məni Tədris Teatrına dəvət elədi və belə bir söz işlətdi: “ Qada, sən uzaqdan gələn bir işığa bənzəyirsən. Niyə bura gəlmirsən?”. Cavabında demişdim ki, məni heç kim dəvət etməyib axı, gərək çağırsınlar, gəlim. Bəlkə də Adil müəllim məni çağırmasaydı, o teatra gələ bilməzdim. Ən əsası bu idi ki, bizim təhsil aldığımız dövrdə Mehdi Məmmədov, Rza Təhmasib, Nəsir Sadıqzadə və digər böyük sənət korifeyləri dərs deyirdilər. Onlar sadəcə sənətkar deyildilər. Həm də çox böyük pedaqoq idilər. Öz tələbələrinə münasibətlərində çox səmimi idilər və bizdən istədiklərini də ala bilirdilər. Bizi işlədirdilər, bilərəkdən bizim düşüncələrimizi yönləndirməyi bacarırdılar. Bax indiki gənc nəsldə bu cür yaradıcı əlaqələr olmalıdır. Başa düşməlidirlər ki, qışqırmaqla, qroteks yolu ilə getməklə sənət yaratmaq olmaz. Sənət adamı taleyini bağladığı sənətinin bütün incəliklərini dərindən bilməlidir. Hüseyn Cavidin belə bir şeir parçası var:

 

İncəsənət dediyin pək tənnaz,

Bir gözəl qız ki, çabuk ram olmaz.

Bəlkə illərcə dayansan nazına,

Sadə bir kərə gülümsər o sana.

Yoxsa əzimində əgər səbrü-səbat,

Boş əməkdir sən çəkirsən, heyhat.

 

Teatr sənəti kollektiv işidir. Burada aktyorlar, rejissorlar, dramaturqlar, rəssamlar, həm də başqa mütəxəssislər işini layiqincə yerinə yetirməlidirlər. Onlardan hər hansı birisi işini doğru görməzsə, bütün tamaşa uğursuzluğa uğrayacaqdır. Bir müddət əvvəl internetdən belə bir yazı oxumuşdum: “Tetarlardan həvəskarları  yığışdırın”. Çox doğru ifadədir. Səhnədə peşəkarlar olmalıdır. Bəzən teatra təqdim olunan dram əsəri bədii cəhətdən öz tutumuna görə yaxşı olmur, amma biz aktyoruq, məcburuq o tamaşanı oynayaq və imkanımız yetən qədər əsərdəki problemləri, həmin əskiklikləri aradan qaldıraq. Ya da rejissorun istedadı sayəsində pyesin səviyyəsin teatrın standartlarına uyğunlaşdırılır. Çağdaş Azərbaycan teatrının problemləri həddən artıq çoxdur. Bunların hamısı araşdırılmalıdır və onun həlli yolları təhlil edilməlidir. Bu gün ən yüksək  fəxri ada layiq görülən aktyorların belə maaşı qane edici deyil. Naxçıvanda dövlət səviyyəsində aktyorlara ev verilir, köməklik olunur. Amma maaşlar qane edici deyil. Aktyor tamaşadan çıxıb başqa yerdə işləməməlidir. Yaradıcı insanlar fikrini gərək bir səmtə, yəni sırf yaradıcılıq sahəsinə yönəltməlidir, sağa-sola enerjisini xərcləməməlidir.

- Naxçıvan mühitində gənclər üçün yaradıcılıq studiyası varmı?

 

- Bizdə, yəni Naxçıvan Dövlət Universitetində “Teatr və Mədəniyyətşünaslıq” ixtisası üzrə ayrıca fakültə var. Orada həmçinin aktyorluq dərsləri də keçirilir. Artıq üç ildir ki, bu təşkil olunub. Aktyorlar həmin fakultədə dərs deyirlər. Buranı bitirəcək tələbələr eyni zamanda bizim teatrımızın nəsil dəyişməsi üçün yeni kadrların axını deməkdir.

Təbii ki, cəmiyyət olan yerdə problemlər də var. Bu gün istər Bakı, istərsə də Naxçıvan mühitində indiki gənclərdə ən çox çatışmayan cəhət, sənətə qarşı ciddi münasibətlərinin olmamasıdır. Bir neçə rol oyanayandan sonra sənət barəsində hər şeyi və bütün mövzları bildiklərini düşünürlər. Mən özüm uzun illərdir ki, teatrda çalışıram və mütaliə etməkdən usanmıram. Çünki bütün bunlar mənim səhnədə oynadığım rollarım üçün çox vacibdir. Bizim teatrımızda bu mühit olmasa, heç zaman sənət uğurlarını da qazana bilmərik. Teatrımız həm də sənət təcrübəsini qastrol səfərlərində əldə edir. Çünki yeni tamaşaçı auditoriyasının qarşısına çıxmaq və teatrımızın səviyyəsini nümayiş etdirmək hər kəsdən səhnədə topladığı təcrübəni və bacarığını göstərmək şərtləri bizi daim məsuliyyətli olmağa səsləyir. Türkiyənin İstanbul, Ankara, Dənizli, Tarsus, Kars başqa şəhərlərində dəfələrlə qastrollarda olmuşuq. Azərbaycanın rayonlarından Bakı, Şəmkir, Gəncə, Gədəbəy və  demək olar ki, hər bir bölgədə çıxışlar etmişik. Mən 1979-cu ildən səhnədəyəm, hələ də öyrənirəm. Aktyoru səhnədə keçirdiyi illər yetişdirir. Bir xalqın güclü olması üçün onun mədəniyyəti əsas şərtlərdən biri hesab edilir. Hansı xalq öz mədəniyyətinə sahib durmağı bacarırsa, o xalq həm də güclü olur. Bu gün dövlətimiz mədəniyyət sahəsinə xüsusi diqqət ayırır. Son illər Azərbaycan dövlətinin mədəni mühitindəki canlamanın səbəbi də budur. Çağdaş standartlar səviyyəsində milli mədəniyətimizin ənənələrinə yeni yaradıcılıq mühitinin gətirilməsi dövlətimizin mədəniyyət konsepsiyasının əsas şərtlərindən biri olmaqla yanaşı, həm də gələcəyimiz üçün ortaya qoyulan strateji hədəflərə hesablanıb. Mən bütün bunlara inanıram. Keçmişdə mövcud olan yüksək mədəniyyətimizə sahib çıxmaqla teatr sahəmiz də daim inkişaf edəcəkdir.

 

 

Söhbətləşdi: Lalə CƏBRAYIL

00:23