Görkəmli tarzənin xatirəsi yad ediləcək

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Allahyar Cavanşirovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığına işıq salan fotosərgi açılacaq, musiqi mədəniyyətindəki xidmətlərindən danışılacaq. Gecədə xalq və bəstəkar mahnıları ilə yanaşı, muğamımız da səslənəcək. Qeyd edək ki, tədbirə AZƏRTAC da informasiya dəstəyi verəcək.

Qeyd edək ki, Allahyar Cavanşirov 1907-cu ildə Şuşada Aslan Ağanın ailəsində anadan olub. Kiçik yaşlarından qrammafon vallarında və el şənliklərində o dövrün böyük sənətkarlarına qulaq asa-asa özü də tarzənliyə böyük həvəs göstərib. Çalışqanlığı, əzmkarlığı sayəsində 15 yaşından başlayaraq qardaşı Xanı tarda müşayiət edib. Bu musiqiçi qardaşların sorağı tez bir zamanda bütün Qafqazda yayılıb. A.Cavanşirov keçən əsrin 30-cu illərinin əvvəllərində Bakıda keçirilən dövlət konsertlərinin birində Xan Şuşinskini tarda müşayiət edirmiş. Sonradan Bakıya köçən A.Cavanşirov Azərbaycan Dövlət Filarmoniyasına işə düzəlib. 1939-cu ildən 1969-cu ilə kimi – 30 il filarmoniyada çalışıb. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə əsgərlər qarşısında dəfələrlə çıxış edib, filarmoniyanın kollektivi ilə birlikdə bir çox ölkələrdə qastrol səfərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan dekadasındakı çıxışına görə fəxri fərman alıb. Allahyar Cavanşirov çox dostcanlı olduğu üçün evi həmişə qonaq-qaralı olub. Onun dostları içərisində xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun, dirijor Niyazinin və başqlarının adlarını qeyd etmək olar. Səməd Vurğunla Şuşada, İsa bulağındakı görüşlərində xalq şairi Allahyarın tarını alıb müxtəlif havalar çalarmış. Görkəmli sənətkar Allahyar Cavanşirov 1972-ci ildə 65 yaşında Bakıda vəfat edib.

Xudaferin.eu

11:25