Gömrük Komitəsinin məlumatları rəsmi təbliğatı alt-üst etdi

Tanınmış iqtisadçı Nemət Əliyev bildirib ki: “Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlar 2016-cı ildə (bu sahədə) böhranın durdurulması haqqında ictimaiyyətə ötürülən fikirləri alt-üst edib. Belə ki, Gömrük Komitəsi bildirib ki, 2015-ci ilə nəzərən 2016-cı ildə ümumi ixrac dövriyyəsi 3,6 milyard dollar və ya 28%-ə yaxın azalıb. İdxal dövriyyəsi isə bu müddətdə 7,4% və ya 684 milyon dollardan çox düşüb. Xarici ölkələrlə aparılan ticarətdən, əgər 2015-ci ildə 2,2 milyard dollar məbləğində xalis valyuta qazancımız olmuşdusa, 2016-cı ilin ticarətindən valyuta qazancımız vur-tut 611 milyon dollara yaxın olub. Deməli, ötən il bu göstərici 3,6 dəfə pisləşib.

Gömrük məlumatlarından o da məlum olub ki, ümumi ixrac dövriyyəsinin 86%-dən çoxunu neft-qaz məhsulları təşkil edib. Yəni neft sektorunun ixracda payı çox yüksək olaraq qalmaqdadır. Deməli, ötən il ərzində qeyri-neft mallarının ixracının stimullaşdırılması məqsədi ilə atılan hökumət addımları nəticə verməyib. Əksinə, əvvəlki ilə nəzərən 2016-cı ildə qeyri neft-qaz mallarının ixrac səviyyəsi 348 milyon dollara yaxın və ya 22%-ə qədər enib. Bütün bunlar bir həqiqətdir. Və Gömrük Komitəsi dövlətin yaydığı rəsmi məlumatları faktiki olaraq alt-üst edib. Bunun üçün ən azından Dövlət Statistika Komitəsinin yaydığı açıqlamaları diqqətlə izləmək yetərlidir”.

Xudaferin.eu 

12:07