Gəncədə özbək şairlərlə görüş

 

Gəncədə şəhər icra hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə bölməsinin təşkilatçılığı ilə Özbəkistanın tanınmış şairləri Dilbər Haydarova və Xasiyat Babamuradova ilə görüş keçirilib.

AYB-nin Gəncə bölməsindən bildirilib ki, tədbirdə bölmənin sədri Xəzangül Hüseynova qonaqları salamlayaraq Özbəkistan-Azərbaycan ədəbi əlaqələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, azərbaycanlı şair Maqsud Şeyxzadə öz taleyini qardaş xalqın taleyi ilə bağlayıb, Özbəkistanın Xalq Şairi fəxri adına layiq görülüb. Həmçinin vurğulayıb ki, Səməd Vurğun ilə Qafur Qulamın dostluğu bu gündə onların xələfləri tərəfindən uğurla davam etdirilir. Elə bu görüş də deyilənlərin əyani təzahürüdür.

Sonra çıxış edən Dilbər Haydarova və Xasiyat Bbamuradova tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər. Onlar Azərbaycanın bugünkü uğurlu inkişafına heyran qaldıqlarını deyərək, yeni şeirlərini söyləyiblər. Şair, filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimli Türk Dünyası ədəbiyyatının qarşılıqlı əlaqələrindən, Nizami yaracılığından təsirlənərək “Xəmsə” yaratmış Əlişir Nəvainin həyatı və Qazax akını Abayın Azərbaycanla bağlı olduğu barədə məlumat verib. İnqilab İsaq, Ələsgər Əlioğlu, İmam Cəmilli, Saleh Qurbanov, Zahir Şirani, Ramiz Təmkin, Cahandar Aybər, Aydan Əsgərova, İlkanə Həsənova, Aləmzər Əlizadə və digər şair və yazıçılar qonaqlara arzularını çatdırıb və yeni şeirlərini oxuyublar.

Xudaferin.eu
“Gəncə Bürosu”

09:27