Gəncə xalçaçılığının inkişafında uğurlu addımlar

 

Əsrlər boyu yüksək keyfiyyətli xalçaçılıq mərkəzi olan Gəncə ətraf bölgələrdə də xalçaçılığın inkişafına mühüm təsir göstərib. Bir zamanlar Gəncədə saysız-hesabsız xalçaçılıq emalatxanaları olub və böyük xalça kombinatı fəaliyyət göstərib.

Bu gün Gəncədə xalçaçılıq sənətinin inkişafı istiqamətində hansı işlər görülür?Bu sualımızı Gəncə Xalça Yaradıcılıq Birliyinin ən böyük xalça toxuculuğu sexinə rəhbərlik edən Faiq Osmanov cavablandıraraq bildirdi ki incəsənətin bu növünə maraq həmişə olub və bu gün də var. Əsasən xanımların qüvvəsindən istifadə olunan bu ecazkar sənətin sirlərinə yiyələnmək həvəsi onlarda çox olsa da, bəzən satış problemlərinin yaranması xalçaçılığın inkişafına maneçilik törədir. Elə xalçalar var ki, aylarla, hətta illərlə işləməli olursan. Xalça toxumaq arzusunda olanların əksəriyyəti isə,ancaq portret janrına maraq göstərir. Nəticədə ulularımızdan bizim dövrə qədər gəlib çıxan, milli ornamentlərinə və rəng çalarlarına görə bənzəri olmayan Gəncə xalçaları unudulmaq təhlükəsi ilə üz-üzə qalır. Halbuki vaxtilə Şərqdə xalça emalatxanalarının çoxu bu şəhərdə olub. Hazırda qədim Nizami yurdunda dörd xalçaçılıq emalatxanası fəaliyyət göstərir. Onlardan biri Məhsəti Mərkəzində, biri toxuculuq kombinatının nəzdində, biri isə əməkdar rəssam Şərif Şərifovun emalatxanasındadır.Toxuculuq kombinatında 20, Məhsəti Mərkəzində 9, Şərif Şərifovun emalatxanasında 8 toxucu dəzgahı var. Ümumilikdə,25 nəfər toxucu işlə təmin olunsa da, şəhərdə bu işin biliciləri daha çoxdur.

Gəncə xalçaları digər xalçalardan fərqlənir. Ara sahəsi diaqonal xətlərlə əmələ gətirilən və bu xətlər üzərində müxtəlif formada düzülmüş butalar olan xalçalar ancaq Gəncə xalçaçılıq məktəbinə aiddir. Hazırda sexdə “Qollu çiçi”, “Faxralı”, “Qədim Gəncə”, “Köhnə Qazax”, “Butalı Gəncə” və sair adda xalçalar toxunur. Gəncədə toxunan xalçalara xarici ölkələrdə indi də böyük maraq var.Bu xalçalar istər respublika daxilində, istərsə də xarici ölkələrdə keçirilən sərgilərdə xüsusi yer tutur.İki il əvvəl Fransanın Reyms şəhərində böyük Azərbaycan şairi Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirlərində Gəncə xalçalarının da sərgisi düzənlənib. Fransızlar Nailə Namazovanın, Sahilə Qədimovanın, Reyhan Qədimovanın, Qırmızıgül Sadıqovanın toxuduqları xalçalara böyük dəyər veriblər. Fəaliyyət göstərən belə sexlərdən birinə əməkdar rəssam Şərif Şərifov rəhbərlik edir. Sexdə çalışanlar əsasən portret xalçalar toxuyurlar.Gəncədə bu sənətin davam etdirilməsi və yaşadılması üçün bir sıra tədbirlər həyata keçirilir. Hazırda Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzinin xalçaçılıq dərnəyində gənc nəslin nümayəndələrinə xalça toxuculuğunun sirləri öyrədilir. Bu sənətə böyük maraq göstərən gənclər bacarıqlı ustaların yanında xalça toxuculuğunun sirlərinə yiyələnirlər. Keçən il dərnəyin üzvləri maraqlı bir təşəbbüslə çıxış ediblər. Onlar “Gəncə abidələri” adlı xalça toxuyublar.Sənət əsərinin layihəsi Gəncə şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzi tərəfindən hazırlanıb. Layihəyə əsasən,xalça üzərində dövlət başçısının qayğısı sayəsində əsaslı şəkildə yenidən qurulmuş “İmamzadə” dini memarlıq kompleksi, Şah Abbas məscidi, Çökək hamam, Nizami Gəncəvi Məqbərəsi, Cavad xan və Comərd qəssab türbələri, eləcə də Qoşa Qala Qapıları Kompleksi, Kəpəz dağının görünüşü və Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binası əks olunub. Dərnəyin iki təcrübəli müəlliminin toxuduğu bu sənət əsəri Gəncə xalçaçılıq məktəbinin ənənələrinə əsaslanır. Xalçanın toxunuşunda müxtəlif ipliklərdən istifadə olunub. Həmin ipliklərdə arğac sapları da öz əksini tapıb. İpliklərin müxtəlifliyinə səbəb isə,Gəncənin qədimliyini göstərməkdir. Gəncə üçün xarakterik olan kərpiclərin rənginin olduğu kimi verilməsi xalçanı bir qədər də baxımlı edib. Gəncə xalçaçılıq məktəbinin davam etdirilməsi, bu sahənin yenidən dirçəldilməsi üçün digər bir məkanda da xalçaçılıq dərnəyi fəaliyyət göstərir. Gənclərin burada xalça toxuculuğunun sirlərinə yiyələnməsi üçün hər bir şərait yaradılıb. Milli-mənəvi dəyərlərmizə xüsusi diqqət və qayğı şəhərimizdə xalçaçılığın inkişaf etdirilməsində də öz əksini tapıb.Bu istiqamətdə həyata keçirilən tədbirlər zəngin tariximizin qorunub saxlanmasında, yaşadılmasında,dünya miqyasında tanınmasında uğurlu addımlardır.

Süsən Tağıyeva
Gəncə

 

20:06