Filippin ordusu 9 ekstremisti məhv edib

Filippinin cənubunda hökumətin təhlükəsizlik qüvvələri ilə Əbu-Səyyaf silahlı qruplaşması arasında baş vermiş atışmalarda 9 ekstremistin öldürüldüyü bildirilir.

Xudaferin.eu Sinxua agentliyinə istinadla xəbər verir ki, silahlı qruplaşmanın 120 nəfərli üzvü Sulu əyalətindəki Patikul qəsəbəsində təhlükəsizlik qüvvələri ilə bir sutka davam edən şiddətli atışmaya girib. Əbu-Səyyaf qruplaşmasının 9 üzvünün öldürüldüyü döyüşdə 19 ekstremist də yaralanıb.

Filippin silahlı qüvvələrinin generalı Divino Rey Pabayo Sinxua agentliyinə bildirib ki, döyüş zamanı kiçik qruplara bölünən silahlı qruplaşma üzvləri qaçmağa cəhd ediblər. Onun sözlərinə görə, yerli sakinlərin orduya kömək etməsi onların bu cəhdinin qarşısını alıb və ekstremistlərin bir çoxu həbs olunub.

Əbu-Səyyaf qruplaşması 1990-cı illərdə Filippinin Moro Xalq Azadlıq Cəbhəsindən ayrıldıqdan sonra ölkənin cənubunda silahlı hücumlar həyata keçirir. Ötən il Filippin Prezidenti Rodriqo Duterte İŞİD-lə əlaqədə şübhəli bilinən bu qruplaşmaya sülh təklif edib. Lakin danışıqlar heç bir nəticə verməyib.

Xudaferin.eu

15:10