Elman Eldaroğlu yazır Vaqif olsan musiqiyə Vaqifi anlayarsan…

Musiqi ilahi möcüzədir. Bu möcüzə ruhu göyərçin kimi səmaya qaldıra bilir, xəyalları qanadlandırıb keçmişə, yaddaşında iz buraxan xatirələrə istiqamətləndirir. Eşitdiyimə görə, Qafqazın böyük KİŞİərindən biri Şeyx Şamil İslam qaydalarına əsaslanıb musiqini şeytan əməli kimi qadağan etmişdi. Cəza tədbiri olaraq kimsənin musiqi səsləndirdiyi məlum olarsa ona yetmiş çubuq vurulmasını da tapşırmışdı. Bir gün evə dönərkən anasının mahnı oxuduğunu görür. Ayaqları əsir, dili topuq vurur. Əmr edir ki, anasının əvəzinə ona mərhəmət göstərilmədən yetmiş çubuq vurulsun. Bəli, amansızcasına vururlar da. Amma MUSİQİ o qədər ölməzdir ki, min illərlə qüdrətindən asılı olmayaraq kimsə ona qadağa qoya bilmədi. Musiqi yaşayıb, bu gün də yaşayır...

Haradan yadıma düşdü bu olay, bilmirəm. Amma onu yaxşı bilirəm ki, bu dünyada Vaqif Gərayzadə adında bir bəstəkar vardır. Onun nə danışdığı, nə düşündüyü mənim üçün maraqlı deyil, onun insanlarla həmsöhbət olduğu bəstələri maraqlıdır. Ola bilsin ki, dediklərini özündən öncə bir başqa cür deyənlər də olub. Axı əlahəzrət SÖZün yaşı Vaqif Gərayzadədən çox böyükdür. Lakin bəstələdiyi musiqidə keçmişin izi, gələcəyin sorağı vardır. Yəni ki, bir başqa cürdür, yeni səsdir…

Biz Üzeyir Hacıbəylini görməmişik, amma ona ehtiramımız böyükdür. Onu bizə sevdirən şəxsiyyətindən çox yaratdıqlarıdır. Vaqif Gərayzadə də yaradıb, mənəviyyat nümunəsi, musiqini təqdim edib. Dinləmişik, ruhumuzu oxşayıb. Ruhları oxşadıqca da sevilib…

…Deyillər ki, dünya dağılanda İsrafil surunu çalacaq. Kim bilir, bəlkə də İsrafilin çalacağı musiqi Vaqif Gərayzadədən olacaq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

xudaferin.eu

14:22