“Dünya bir palitradır, biz isə onun rəngləri”

 

23 aprel qardaş Türkiyə Respublikasında Milli Suverenlik və Uşaq Bayramı günü kimi qeyd olunur. Bu günlə əlaqədar Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulluğunda “Dünya bir palitradır, biz isə onun rəngləri” adlı qarışıq rəsm sərgisinin açılış mərasimi keçirilib.

Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu və Xəzər Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə 10-20 yaşlı 13 yeniyetmə gəncin 40-a yaxın əsəri nümaiş etdirilib. Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsul Orhan İşık iştirakçıları salamlayaraq 23 Aprel – Türkiyə Respublikasının Milli Suverenlik və Uşaq Bayramı günü münasibəti ilə təbrik edib, əlamətdar gün haqqında məlumat verib. Qeyd edib ki, 23 aprel dünyada qeyd olunan ilk uşaq bayramıdır.

AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev, şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov çıxış edərək, gənclərə gələcək həyatlarında uğurlar arzu ediblər. Sonda Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu tərəfində Xəzər Təhsil Mərkəzinə və 13 yeniyetmə gəncə Fəxri Fərman verilib. Sərgi 6 may tarixinə kimi davam edəcək.
 

Hicran Məmmədova

Gəncə

20:37