“Dəli Domrul” tamaşası məktəblilərə təqdim ediləcək

 

Gəncə Dövlət Kukla Teatrında “Dədə Qorqud” eposunun eyniadlı boyu əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi “Dəli Domrul” tamaşası nümayiş olunacaq. Tamaşa məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulub.

Məktəblilərin payız tətili günlərində tamaşa balacalara təqdim ediləcək. Beləliklə, məktəbli teatrsevərlər “Dədə Qorqud” eposunun ən xoş, ürəyəyatımlı, maraqlı və pozitiv qəhrəmanlarından olan Dəli Domrul və digər qəhrəmanlar ilə görüşmək imkanı əldə edəcəklər. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Xudayət Əsgərov, quruluşçu rəssamı Sara Məmmədovadır.
Qeyd edək ki, Gəncə Dövlət Kukla Teatrı uzun illərdir Azərbaycan teatrının bu sahəsi üzrə ən peşəkar teatrlardan biri sayılır. Teatr yerli milli dramaturqların yetişməsi kimi çox böyük missiyanı neçə illədir davam etdirir. Bununla yanaşı, teatrın nəzdində fəaliyyət göstərən uşaq-teatr studiyası yerli milli kadrların hazırlanması istiqamətində də xeyli işlər görmüşdür. Öz işinə bu qədər ciddi yanaşmaqla yanaşı, həm də Azərbaycan teatrları arasında bir ilkə imza atıbdır.

Hicran Məmmədova
Gəncə

 

10:29