Daşkənddə “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin təqdimatı keçirilib

 

Özbəkistanın başkəndi Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi dəstəyi ilə çəkilən “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin təqdimatı olub.

Mədəniyyət Mərkəzində keçirilən təqdimatda elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, diasporumuzun üzvləri, tələbələr, jurnalistlər iştirak ediblər. İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində “Qarabağ Azərbaycanın incisi” adlı kitab, foto və rəsm sərgisi ilə tanış olub, onlara “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin diskləri paylanıb. AMM-nin direktoru Samir Abbasov bildirib ki, “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin çəkilməsində əsas məqsəd Azərbaycan-Özbəkistan dostluğunu və həmrəyliyini təbliğ etməklə yanaşı, ölkəmizin tarixini, mədəniyyətini tanıtmaq, musiqi yolu ilə haqq işimizin dünyaya çatdırılması, xalqımızın sülhsevər obrazını möhkəmləndirmək və təbliğ etməkdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunan Azərbaycan torpaqlarının geri qaytarılacağına hər bir azərbaycanlının inandığını xüsusi vurğulayıb.

Layihəyə xüsusi dəstək göstərmiş Özbəkistan Dövlət Konservatoriyasının professoru, məşhur “Soqdiana” ansamblının bədii rəhbəri Firuzə Abduraximova, “Özbəyim yoşları” musiqi qrupunun rəhbəri, tanınmış mədəniyyət xadimi Lütfiyyə Ruzibayeva bu klipin Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, qardaş ölkənin təbiətini, gözəlliklərinin nümayiş etdirilməsi istiqamətində uğurlu bir layihə olduğunu diqqətə çatdırıb, layihəyə yüksək qiymət veriblər.

Layihənin reallaşmasında dəstək göstərən şəxslərə Mədəniyyət Mərkəzinin xüsusi mükafatları təqdim olunub. Sonra “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipi təqdim edilib.

Qeyd edək ki, musiqi klipində 32 gənc və tanınmış özbək musiqiçiləri, Özbəkistanın populyar “Surxan”, “Özbək yoshlari” musiqi qrupları, habelə AMM-nin nəzdindəki “Azərbaycan qızları” və “Qafqaz qartalları” rəqs ansamblları milli rəqslərimizi ifa ediblər.

Musiqiçilər mahnıları ifa edilərkən Azərbaycanın Qarabağ bölgəsi, bu bölgənin gözəl və təkrarsız təbiəti, abidələri, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarının ermənilər tərəfdən işğal olunduqdan sonrakı vəziyyəti, müharibənin dəhşətləri nümayiş etdirilir.

Çəkilişlər Daşkənd, Səmərqənd, Buxara, Xivə, Fərqanə, Mərgilan, Gülüstan, Karşi və digər şəhərlərində aparılıb. Tədbirin sonunda özbək müğənniləri Azərbaycan və özbək mahnılarını ifa ediblər, Qarabağa dair musiqilər səsləndirilib, böyük Üzeyir Hacıbəylinin “O, olmasın bu olsun”, “Arşın mal alan” əsərlərindən səhnəciklər nümayiş etdirilib.

Tədbirin sonunda özbək müğənnisi Xursənd Şerov xalq artisti Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa edib.

Xudaferin.eu

Özbəkistan, "Daşkənd Bürosu"

 

10:02