Cəbrayıllı ziyalı həbs olunan köçkünlərlə bağlı müraciət yaydı

Cəbrayıllı ziyalı həbs olunan köçkünlərlə bağlı müraciət yaydıCəbrayıl rayonundan olan ziyalı Abbasqulu Maqsudov dekabrın 22-də Biləsuvardakı köçkün qəsəbəsində elektrik enerjisinin verilməsi tələbilə keçirilmiş aksiyada həbs olunan gənclərin məsələsindən sui-istifadə edənlərə ittiham ünvanlayıb. Onun sözlərinə görə, sözügedən hadisədən öz maraqları naminə yararlanaraq, hansısa vəzifəli şəxslərin “vurulmasına” çalışan qüvvələr və bu oyuna alət olan bəzi KİV-lər çirkin mövqe nümayiş etdirirlər. A.Maqsudov deyib ki, kimlərsə aksiyada həbs olunmuş həmin günahsız gənclərin həbsində maraqlıdır ki, qarşıdurma dərinləşsin: “Cəbrayıl rayonunun məcburi köçkün şəhərciyində ehtiyac içində olan insanların soyuqdan donmamaları üçün keçirdikləri tələb toplantısında əhali ilə polislər arasında qarşıdurma baş verib, həbs olunan olub. Həmin aksiyada tutulanları unutdurmaq, əsas problemdən diqqəti yayındırmaq üçün yalandan “otxod” kəlməsini ortaya atıb bir həftə baş qatandan sonra, indi tutulanlardan, onların yaxınlarından müsahibələr alıb, yenidən Cəbrayıl ziyalılarının başını qatmaq kimi iyrənc oyuna girişiblər”.

Cəbrayıllı ziyalı olayları qızışdıranları bundan çəkinməyə, KİV-ləri isə məsələyə həssas yanaşmağa çağırıb: “Çirkin niyyətinizin qarşısında o gənclərin həyatı sizə bu qədərmi ucuzdur? Bu işdə köməkliyi dəyəcək şəxslərin başını qatıb, sonra problemi qabartmaq sizə nə verəcək? Özü də bu iyrəncliyi edənlər Cəbrayıl camaatının psixologiyasını dəqiq bilənlər, haradan ağrıyacaqlarını gözəl anlayanlardır”.
A.Maqsudov bütün imkanı çatan ziyalıları, xüsusilə Cəbrayıl rayonunun tanınmış simalarını həmin gənclərin tam azadlığa buraxılması üçün gərəkən hüquqi və mənəvi köməkliyi əsirgəməməyə çağırıb.
Xatırladaq ki, dekabrın 22-də evdə işıqları yanmadığına görə etiraz edən cəbrayıllı məcburi köçkünlərdən 5 nəfəri həbs olunub. Bunlar İlkin İsgəndərov, Ülvi Quliyev, Glüağa Alməmmədov, Cəlal Quliyev və Zaur Fehruzludur. Onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb. Gənclər barəsində 3 aylığa həbs qəti imkan tədbiri seçilib, istintaq aparılır.

Xudaferin.eu

12:40