11 May 2018

Moskvada terakt planlaşdıranlar yaxalandı

Qələbə günü Moskvada terror aktları planlaşdırılan dəstə saxlanılıb.

Xudaferin.eu TASS-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov verib. 

Onun sözlərinə görə, əməliyyat zamanı partlayışlar planlaşdıran və bunun üçün xüsusi silahlar hazırlayan bir neçə dəstə saxlanılıb.

“Onlar Suriyadan Rusiyanın Yeni Urenqoy şəhərinə gəliblər. 17 ünvanda axtarışlar aparılıb, 20 nəfər həbs edilib”, - Sıromolotov deyib. 

O qeyd edib ki, aprelin 21-24-ü aralığında 26 terrorçu zərərsizləşdirilib. 

TANAP-ın açılış tarixi dəyişdirildi

Bu il iyunun 12-da Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) istismara veriləcək.

Xudaferin.eu Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.

Onun sözlərinə görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Qeyd edək ki, açılış mərasimi iyunun 19-na planlaşdırılmışdı. 

ABŞ Rusiyanın unikal silahını açıqladı

Rusiya istehsalı olan “Kinjal” raket kompleksinin dünyada analoqu yoxdur. 

Xudaferin.eu xəbər verir ki, bu sözləri “The National Interest” nəşrinin nümayəndəsi Deyv Macumdar deyib. 

Onun fikrincə, bu rus raketləri uçuş zamanı manevr etmək gücünə malikdir və gözlənilməz trayektoriyasına görə onun tutulması çox çətindir, ancaq onu hipersonik silah hesab etmək olmaz. Çünki o, lazımi mühərriklə təmin olunmayıb. 

“Buna baxmayaraq, “Kinjal” qorxunc silahdır”, - analitik qeyd edib. 

Rusiya Suriyaya S-300 sistemləri verməyəcək

Suriyaya Rusiya istehsalı S-300 zenit raket komplekslərinin yerləşdirilməsi müzakirə olunmur. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “İzvestiya” qəzetinə açıqlamasında Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin deyib. 

“Hələlik hər hansı sistemin yerləşdirilməsindən söhbət gedə bilməz. Suriya silahlı qüvvələrində lazım olan hər şey var”, - o bildirib. 

Xudaferin.eu

Malaziyada müxalifət lideri qalib gəldi

Malaziya siyasətinin önəmli şəxslərindən olan 92 yaşlı Mahathir Məhəmməd 15 illik fasilədən sonra müxalifət koalisiyasının rəhbəri kimi seçkilərə qatılıb.

Xudaferin.eu xəbər verir ki, o, baş nazir olmaq üçün qatıldığı seçkilərdə zəfər qazanıb.

1981-2003-cü illərdə baş nazir olan və öz istəyilə vəzifəsindən ayrılan Mahathir Məhəmməd seçki ilə iqtidara gələn ən yaşlı lider olub.

“Dəmir yumruq” adlandırılan liderin demokratiya və insan haqlarına önəm vermədiyi iddia edilir. Onun avtoritar rejim yaratmasından ehtiyatlanırlar.

İsrail “Buk” və “S-200” komplekslərini bombalayıb

İsrail aviasiyası Suriyaya endirilən hava zərbələrində “Buk-M1-2”, “S-200” və “S-75” sistemlərini hədəfə alıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə İsrail müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bu sistemlər NATO təsnifatına müvafiq olaraq “SA-17”, SA-5” və “SA-2” olaraq göstərilib.

Hava zərbələri eyni zamanda Suriya ordusunun “Pansir-C1” (SA-22)  zenit-raket top kompleksinə tuş gəlib.

SAXAL əmin edir ki, Suriyanın HHM kompleksləri İsrail qırıcılarını vurmağa cəhd etdiyinə görə bombalanıb.

Putin və Ərdoğan İran məsələsini müzakirə edib

Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Xudaferin.eu “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentlər iki tərəfli münasibətlərdən savayı, ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxması məsələsini müzakirə edib.

“Hər iki lider ABŞ-ın bu qərarının yanlış olduğunu qeyd edib, müştərək fəaliyyət planının bir diplomatik uğur olduğuna və qorunulmasının vacibliyinə diqqət çəkib”, - deyə agentliyin mənbəyi bildirib.

Qədim insanın dişində ölümcül virus aşkarlandı

Kopenhaqen universitetinin Eske Villerslevin başçılıq etdiyi tədqiqat qrupu 4500 il əvvəl yaşamış insanın DNT-də “Hepatit B” virusunun izlərini aşkarlayıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə məqalə “Science Alert” jurnalında dərc olunub.

Məlumata görə, bu qeyd olunan virusunun eramızdan əvvəl mövcudluğuna dair ən qədim sübutdur.

Mütəxəssislər 2000-7000 il əvvəl yaşamış köçəri xalqlardan olan 137 insanın diş və gicgah sümüyündən DNT nümunələri götürüb.

Ermənilər “Komsomolski pravda”nın redaksiyasına hücum edib

Moskvada erməni diasporunun nümayəndələri “Komsomolski Pravda” qəzetinin redaksiyasının giriş-çıxışlarını bağlayıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Sarıqrad” məlumat yayıb.

Onlar radioefirdə olan jurnalist Mixayıl Leontyevin bu yaxınlarda verdiyi müsahibədə səsləndirdiyi fikirlərə görə üzr istəməsini tələb edir.

Leontyev son müsahibəsində ermənilərə ünvanlanaraq “...ayrılmaq” istəyirsinizsə, rədd olun! Kimə lazımsınız?”, - deyə bildirmiş və Azərbaycan xalqı ilə qardaş münasibətləri korlamaq cəhdlərinə son qoymalarını tələb etmişdi.

İran raket proqramını davam etdirəcək

Tehranın hazırladığı raketlər ABŞ və ya ona müttəfiq olan ölkələrdə kütləvi qırğın törətmək məqsədi daşımır. Bu dövlətlər ölkəmizin özünümüdafiə hüququnu məhdudlaşdıra bilməz.

Xudaferin.eu xəbər verir ki, bu haqda İran hökumətinin bəyanatında deyilir.

“ABŞ və onun müttəfiqləri İranın qanuni özünümüdafiə haqqını, o cümlədən İran-İraq müharibəsinin acı təcrübəsini nəzərə almaqla ənənəvi silahların tədarükü məqsədi ilə hazırlanmış raket müdafiə sisteminə olan haqqını heç bir vəchlə məhdudlaşdıra bilməz”, - deyə bəyanatda qeyd olunur.

Ermənistan prezidenti aparıcını özünə köməkçi təyin edib

Ermənistan prezidenti Armen Sarkisyan mayın 10-da köməkçisi vəzifəsinə Qevorq Melikyanı təyin edib. Xudaferin.eu-nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, A.Sarkisyan bununla bağlı müvafiq sərəncam imzalayıb.    

 

Məlumata görə, Qevorq Melikyan tanınmış politoloq, Ermənistan İctimai Radiosunun efirində yayımlanan “Status-kvo” proqramının müəllifi və aparıcısıdır.

Xudaferin.eu